Modul məktəblər: Təhsil infrastrukturunda yeni yanaşma
23:00 SosialMəktəb yalnız şagirdlərin dərs keçdiyi bina deyil. Burada uşağın təhsillə yanaşı, sosial mühit qazandığı, ünsiyyət qurduğu, dünyagörüşünün formalaşdığı və gələcəyə hazırlaşdığı bir mühitdən söhbət gedir. Buna görə də məktəb binasının necə olması, hansı ərazidə yerləşməsi, tutumunun şagird sayına uyğunluğu və təhsil üçün yaradılan şərait də ən az tədrisin özü qədər əhəmiyyət daşıyır. Azərbaycanda müxtəlif ərazilərdə məktəb infrastrukturunun yenilənməsi istiqamətində işlər aparılır. Bununla yanaşı, xüsusilə rayon və kəndlərdə əhalinin, eləcə də məktəb yaşlı uşaqların sayının dəyişməsi təhsil müəssisələrinin planlaşdırılması məsələsini də gündəmə gətirir.
Hazırda Azərbaycanda modul tipli məktəblərin tikintisi üçün 25 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu məktəblərin əsasən ehtiyac olan ərazilərdə, xüsusilə şagird sayının çox olmadığı yaşayış məntəqələrində təhsil imkanlarının yaxşılaşdırılmasına xidmət etməsi gözlənilir. Modul məktəblər ənənəvi məktəb binalarından həm quruluşuna, həm tikinti müddətinə, həm də tətbiq olunduğu ərazilərə görə fərqlənir.
Düşünürəm ki, burada əsas məsələ modul məktəbin ənənəvi məktəbi əvəz edib-etməməsindən daha çox, hansı ərazidə hansı məktəb modelinə ehtiyac olduğunun düzgün müəyyənləşdirilməsidir. Xüsusilə rayon və kəndlərdə elə yaşayış məntəqələri var ki, orada böyük və əsaslı məktəb binasının tikintisi həm vaxt, həm də maliyyə baxımından daha çox resurs tələb edə bilər. Əgər həmin ərazidə şagird sayı da çox deyilsə, daha çevik və nisbətən qısa müddətdə qurula bilən modul məktəb alternativ həll kimi nəzərdən keçirilə bilər.
Digər tərəfdən, məktəb məsələsinə yalnız bina kimi yanaşmaq da düzgün olmazdı. Müasir məktəbdə sinif otaqlarının sayı ilə yanaşı, onların vəziyyəti, istilik sistemi, sanitar qovşaqlar, laboratoriyalar, kitabxana, idman imkanları, internet və digər zəruri şərait də nəzərə alınmalıdır. Modul məktəbin qurulması bu tələblərin hamısının avtomatik şəkildə həll edilməsi demək deyil. Əsas məsələ modul məktəbin hansı standartlara cavab verməsi və şagirdlər üçün nə dərəcədə əlverişli təhsil mühiti yaratmasıdır.
Burada başqa bir məsələ də ortaya çıxır: şagird sayının azalması. Son illərdə bəzi yaşayış məntəqələrində demoqrafik dəyişikliklər, əhalinin başqa ərazilərə köçməsi və ailələrdə uşaqların sayının azalması məktəblərin şagird kontingentinə də təsir göstərir. Nəticədə vaxtilə çoxsaylı şagird üçün nəzərdə tutulmuş məktəblər müəyyən ərazilərdə əvvəlki qədər yüklənməyə bilər. Belə vəziyyətdə mövcud məktəb binalarından səmərəli istifadə məsələsi aktuallaşır.
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Olaylar.az-a açıqlama verib:
" Bu mövzuda, məncə, əsas məsələ modul məktəbin ənənəvi məktəbi əvəz edib-etməməsi deyil, hansı ərazidə, hansı məktəb modelinə ehtiyac olduğunu düzgün müəyyənləşdirməkdir.
Xüsusilə rayon və kəndlərdə elə yaşayış məntəqələri var ki, orada böyük və əsaslı məktəb binasının tikintisi həm vaxt, həm də maliyyə baxımından daha çox resurs tələb edir. Şagird sayı az olan, amma uşaqların təhsilə çıxışının təmin olunması vacib olan ərazilərdə modul tipli məktəblər praktik həll kimi çıxış edə bilər. Daha qısa müddətdə qurulması və ehtiyaca uyğun ölçüdə layihələndirilməsi bu modelin, mən düşünürəm ki, əsas üstünlüklərindən biridir, amma burada bir məqamı da nəzərə almalıyıq.
Şagird sayının azaldığı ərazidə sırf məktəb binası tikmək məqsəd deyil. Əsas məqsəd həmin ərazidə yaşayan uşağın keyfiyyətli təhsilə çıxışını təmin etməkdir. Əgər bir kənddə şagird sayı çox azdırsa, yeni məktəb tikintisindən yanaşı, mövcud məktəblərin optimallaşdırılması və şagirdlərin yaxın məktəblərə təhlükəsiz daşınması kimi alternativlər də qiymətləndirilməlidir.
Modul məktəbləri müvəqqəti və keyfiyyətsiz məktəb kimi qəbul etmək düzgün yanaşma deyil. Əgər məktəb müasir standartlara cavab verirsə, istilik, normal havalandırma, təhlükəsizlik, sanitar şərait, internet və digər zəruri imkanlarla təmin olunursa, burada əsas məsələ binanın hansı texnologiya ilə inşa edilməsindən çox uşağa hansı təhsil mühitinin yaradılmasıdır.
Təbii ki, 25 milyon manatlıq vəsaitin ayrılması nəzərdə tutulursa, məncə, burada ən vacib məsələ vəsaitin ehtiyac əsaslı bölüşdürülməsidir. Yəni, əvvəlcə hansı yaşayış məntəqəsində real məktəb ehtiyacı var, şagird sayı necə dəyişir, mövcud infrastruktur hansı vəziyyətdədir -bunlar təhlil olunmalıdır, sonra tikinti qərarı verilməlidir. Belə olanda da modul məktəb həm təhsilə çıxış problemini həll edir, həm də dövlət vəsaitindən daha səmərəli istifadəyə imkan verir".
Zeynəb Mustafazadə