"Yalnız cərrahın yaxşı olması bəs etmir": Estetik əməliyyatda həyatınızı nəyə həvalə edirsiniz?

Estetik əməliyyatların geniş yayıldığı, insanların xarici görünüşlərində dəyişiklik etmək üçün tibbi müdaxilələrə daha çox müraciət etdiyi bir vaxtda Bakıda baş verən faciə cəmiyyətin diqqətini yenidən plastik cərrahiyyənin təhlükəsizliyi məsələsinə yönəldib. Azərbaycan-Fransız Universitetinin "Kompüter elmləri" ixtisası üzrə 3-cü kurs tələbəsi Fidan Abbaslının estetik məqsədlə keçirdiyi rinoplastika zamanı həyatını itirməsi geniş müzakirələrə səbəb olub. Gənc tələbənin adi estetik prosedur kimi qəbul edilən burun əməliyyatından sağ çıxmaması belə müdaxilələrin nə dərəcədə ciddi tibbi proses olduğunu bir daha gündəmə gətirib. Son illərdə burun formasının dəyişdirilməsi, üz cizgilərinin daha uyğun görünməsi və estetik görünüşlə bağlı narahatlıqların aradan qaldırılması məqsədilə rinoplastikaya müraciət edənlərin sayı artıb. Xüsusilə gənclər arasında bu cür əməliyyatlara maraq kifayət qədər yüksəkdir. Sosial şəbəkələrdə estetik müdaxilələrin nəticələrinin geniş nümayiş etdirilməsi, insanların görünüşlə bağlı gözləntilərinin dəyişməsi və müxtəlif "əvvəl-sonra" görüntülərinin yayılması plastik əməliyyatları bir çoxları üçün daha əlçatan və adi prosedur kimi göstərir. Lakin hər bir cərrahi müdaxilənin arxasında müəyyən tibbi risklərin dayandığı faktı bəzən bu görüntülərin kölgəsində qalır. Rinoplastika da məhz bu baxımdan diqqət tələb edən əməliyyatlardan biridir. Burun yalnız üzün estetik görünüşünü formalaşdıran orqan deyil, eyni zamanda tənəffüs sisteminin mühüm hissəsidir. Buna görə burun üzərində aparılan cərrahi müdaxilənin nəticəsi yalnız xarici görünüşlə ölçülmür. Əməliyyatın planlaşdırılması, pasiyentin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, cərrahi müdaxilənin həyata keçirildiyi şərait və əməliyyat zamanı tibbi nəzarət kimi məsələlər də xüsusi əhəmiyyət daşıyır. Fidan Abbaslının ölümü isə bu mövzunun ən ağrılı tərəfini ortaya çıxarıb: estetik məqsədlə həyata keçirilən əməliyyat hansı hallarda ciddi riskə çevrilə bilər və belə bir müdaxilədən əvvəl pasiyentin sağlamlıq vəziyyəti nə dərəcədə ətraflı araşdırılmalıdır? Əməliyyatdan əvvəl hansı müayinələr aparılmalı, pasiyentin hansı xəstəlikləri və risk faktorları nəzərə alınmalıdır? Cərrahın peşəkarlığı ilə yanaşı, anestezioloji xidmətin səviyyəsi və klinikanın fövqəladə vəziyyətlərə hazırlığı nə dərəcədə önəmlidir? Hadisə eyni zamanda plastik cərrahiyyədə pasiyent təhlükəsizliyi məsələsini də gündəmə gətirir. İnsanlar çox zaman əməliyyatın nəticəsinə, həkimin əvvəlki işlərinə və estetik dəyişikliklərə diqqət yetirirlər. Halbuki hər hansı cərrahi müdaxilə zamanı gözlənilməz vəziyyətlərin yaranması ehtimalı da nəzərə alınmalıdır. Xüsusilə sağlamlıq problemi olmayan gənc insanın estetik əməliyyat zamanı həyatını itirməsi cəmiyyət üçün ciddi suallar doğurur.

Mövzu ilə bağlı Olaylar.az-a danışan Azərbaycan Tibb Universitetinin professoru, Səhiyyə Nazirliyinin Ümumi Cərrahiyyə üzrə mütəxəssis-eksperti Elman Tağısoy bildirib ki, estetik rinoplastika ümumən təhlükəsiz əməliyyat hesab olunur, lakin onun "sadəcə estetik əməliyyatdır" deyə tamamilə risksiz qəbul edilməsi düzgün yanaşma deyil. Burun əməliyyatı cərrahi müdaxilə olduğu üçün digər əməliyyatlarda olduğu kimi burada da müəyyən risklər mövcuddur. Xüsusilə nəzərə almaq lazımdır ki, risk yalnız əməliyyatın özündən və cərrahi texnikadan ibarət deyil. Riskin mühüm hissəsi cərrahiyyədən çox anesteziya, qanaxma, hava yolunun idarə edilməsi və pasiyentin əvvəlcədən aşkarlanmamış xəstəlikləri ilə əlaqəli ola bilər. Buna görə də rinoplastikaya yalnız estetik prosedur kimi deyil, tamhüquqlu cərrahi müdaxilə kimi yanaşmaq lazımdır. Müasir sistematik icmallarda da rinoplastikadan sonra qanaxma, infeksiya, septal perforasiya və tənəffüs problemləri kimi müxtəlif ağırlaşmaların təsvir olunduğu göstərilir. Bu baxımdan əməliyyatdan əvvəl pasiyentin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Əməliyyata qərar verilməzdən əvvəl hər bir xəstədən fərdi qaydada ətraflı anamnez toplanmalı, onun əvvəlki xəstəlikləri, mövcud sağlamlıq vəziyyəti və yanaşı patologiyaları araşdırılmalıdır. Burada məqsəd yalnız burunun anatomik quruluşunu və estetik görünüşünü qiymətləndirmək deyil, eyni zamanda pasiyentin əməliyyata və anesteziyaya nə dərəcədə hazır olduğunu müəyyənləşdirməkdir. Çünki insan özünü sağlam hesab edə bilər, lakin bəzi xəstəliklər uzun müddət heç bir aşkar əlamət vermədən gedə bilər və əməliyyat zamanı əlavə risk yarada bilər. Bu səbəbdən əməliyyatdan əvvəl arterial təzyiq, nəbz və saturasiya kimi əsas göstəricilər yoxlanılmalıdır. Ürək və ağciyər sisteminin vəziyyəti qiymətləndirilməlidir. Pasiyentin əvvəllər hansısa əməliyyat keçirib-keçirmədiyi, əvvəlki anesteziya zamanı hər hansı problem yaşayıb-yaşamadığı mütləq öyrənilməlidir. Çünki əvvəlki anesteziya zamanı baş vermiş ağırlaşmalar gələcək əməliyyat üçün də mühüm məlumat hesab olunur. Bununla yanaşı, pasiyentin qəbul etdiyi dərmanlar və hər hansı allergiyasının olub-olmaması araşdırılmalıdır. Əvvəlki qanaxmalar barədə məlumat alınmalı, ailədə qanaxma xəstəliklərinin olub-olmaması dəqiqləşdirilməlidir. Çünki laxtalanma ilə bağlı müəyyən problemlər pasiyentin özünün xəbəri olmadan mövcud ola bilər və cərrahi müdaxilə zamanı ciddi qanaxma riski yarada bilər. Eyni zamanda siqaret, alkoqol və digər maddələrdən istifadə ilə bağlı məlumatlar da gizlədilmədən həkimə bildirilməlidir. Bu amillərin hər biri əməliyyatın gedişinə, anesteziyaya və əməliyyatdan sonrakı bərpa prosesinə təsir göstərə bilər. Pasiyentin tromboz və emboliya ilə bağlı anamnezi də nəzərə alınmalıdır. Əvvəllər tromboz keçirib-keçirmədiyi, ailədə belə hallar olub-olmadığı və tromboembolik risk yarada biləcək digər faktorların mövcudluğu qiymətləndirilməlidir. Yuxu apnesi də xüsusi diqqət tələb edən məsələlərdəndir. Xüsusilə güclü xoruldama və gecə saatlarında tənəffüsün dayanması kimi hallar varsa, bu barədə həkimə əvvəlcədən məlumat verilməlidir. Çünki yuxu apnesi olan pasiyentlərdə anesteziya və əməliyyatdan sonrakı dövr zamanı tənəffüslə bağlı əlavə risklər yarana bilər. Qadın pasiyentlərdə isə hamiləlik ehtimalı da nəzərə alınmalıdır. Bu, hər bir əməliyyatdan əvvəl qiymətləndirilməli olan məsələlərdəndir. Çünki hamiləlik faktoru anesteziya və cərrahi müdaxilənin planlaşdırılmasına birbaşa təsir edə bilər. Bütün bunlar göstərir ki, rinoplastikadan əvvəl sadəcə burunun xarici görünüşünə baxaraq əməliyyata qərar vermək kifayət deyil. Pasiyentin ümumi sağlamlıq vəziyyəti bütünlüklə qiymətləndirilməlidir.

Professorun sözlərinə görə, rinoplastika zamanı və ya əməliyyatdan sonrakı dövrdə nadir hallarda olsa da, əsas təhlükəli ağırlaşmalar meydana çıxa bilər. Bunların içərisində anesteziya ilə əlaqəli ağırlaşmalar xüsusi yer tutur. Ağır allergik reaksiya, bronxospazm, intubasiya və ventilyasiya ilə bağlı çətinlik, hipoksiya, aspirasiya və ürək-damar hadisələri nadir olsa da, nəzərə alınmalı risklərdir. Anesteziyanın təhlükəsizliyi yalnız istifadə olunan preparatlardan asılı deyil. Burada anestezioloqun təcrübəsi, pasiyentin əvvəlcədən qiymətləndirilməsi, əməliyyat zamanı həyati göstəricilərin davamlı monitorinqi və hər hansı ağırlaşma yarandıqda ona müdaxilə etmək imkanları da mühüm rol oynayır. Digər mühüm risk güclü qanaxmadır. Rinoplastika zamanı müəyyən miqdarda qanaxma gözlənilə bilər, lakin güclü və nəzarət olunmayan qanaxma artıq ciddi ağırlaşma hesab olunur. Xüsusilə laxtalanma pozğunluğu olan, antikoaqulyant preparatlar qəbul edən və ya geniş cərrahi müdaxilə keçirən pasiyentlərdə bu risk daha ciddi qiymətləndirilməlidir. Ona görə də əməliyyatdan əvvəl xəstənin əvvəlki qanaxmaları, qəbul etdiyi dərmanlar və ailə anamnezi barədə məlumatların toplanması təsadüfi deyil. Hava yolunun obstruksiyası, yəni tutulması da diqqət tələb edən ağırlaşmalardan biridir. Əməliyyatdan sonra burun daxilində qan, ödem və ya hematoma yaranması hava yolunun keçiciliyinə təsir göstərə bilər. Bu səbəbdən əməliyyatdan sonrakı müşahidə də əməliyyatın özü qədər vacibdir. Pasiyentin əməliyyatdan sonra nəzarətsiz şəkildə evə buraxılması deyil, onun vəziyyətinin müəyyən müddət ərzində tibbi nəzarətdə saxlanılması təhlükəsizlik baxımından əhəmiyyətlidir. Tromboembolik hadisələr də nadir, lakin ciddi ağırlaşmalar sırasında qeyd olunur. Xüsusilə uzunmüddətli əməliyyatlar, piylənmə, əvvəlki tromboz halları, hormonal preparatların istifadəsi və digər risk faktorları olduqda bu məsələ nəzərə alınmalıdır. Pasiyentin fərdi risk profilinin müəyyənləşdirilməsi bu baxımdan vacibdir. Hər bir xəstə eyni risk səviyyəsinə malik deyil və buna görə də əməliyyatdan əvvəl standart yanaşma ilə kifayətlənmək əvəzinə fərdi qiymətləndirmə aparılmalıdır. Ağır infeksiya və sepsis də nadir hallarda mümkündür. Rinoplastikadan sonra infeksiyaların böyük hissəsi ağır nəticələrlə müşayiət olunmasa da, hər bir cərrahi müdaxilədə infeksiya riski mövcuddur. İnfeksiyanın vaxtında aşkarlanması və müalicəsi üçün pasiyentin əməliyyatdan sonrakı dövrdə müşahidəsi vacibdir. Bununla yanaşı, əvvəldən ürək xəstəliyi olan insanlarda ürək-damar hadisələrinin başvermə riski də nəzərə alınmalıdır. Dərmanlara və ya anesteziklərə ağır allergik reaksiya da nadir hallarda baş verə bilər və bu zaman tibbi personalın belə vəziyyətlərə müdaxilə etməyə hazır olması vacibdir. Lakin rinoplastikada daha çox rast gəlinən ağırlaşmalar, bir qayda olaraq, həyati təhlükədən çox funksional və estetik xarakter daşıyır. Bunlara qanaxma, infeksiya, asimmetriya, çapıq, burun tıxanıqlığı, septum perforasiyası və təkrar əməliyyata ehtiyac daxildir. Yəni pasiyent əməliyyatdan sağ çıxa bilər, lakin nəticə gözlənilən estetik və ya funksional nəticəni verməyə bilər. Bəzən burunun görünüşündə asimmetriya yarana, tənəffüslə bağlı problem meydana çıxa və ya əlavə cərrahi müdaxiləyə ehtiyac yarana bilər.

"Müasir sistematik icmallarda təkrar əməliyyata ehtiyac 10-11 faiz, qanaxma 3-4 faiz, infeksiya 3-4 faiz, septal perforasiya isə 2-3 faiz diapazonunda bildirilib. Bu rəqəmlər göstərir ki, rinoplastika geniş yayılmış və ümumən təhlükəsiz hesab edilən əməliyyat olsa da, ağırlaşma ehtimalı tamamilə sıfır deyil. Buna görə də pasiyent əməliyyata razılıq verməzdən əvvəl yalnız arzuladığı estetik nəticə barədə deyil, mümkün ağırlaşmalar və onların ehtimalı barədə də məlumatlandırılmalıdır. Burada başqa mühüm məsələ də odur ki, pasiyentlərin bir qismi estetik əməliyyatı digər cərrahi müdaxilələrdən daha sadə hesab edə bilər. Halbuki əməliyyatın məqsədinin estetik olması onun tibbi baxımdan risksiz olması demək deyil. Burun həm estetik görünüş, həm də tənəffüs funksiyası baxımından mühüm orqandır. Buna görə də əməliyyat zamanı yalnız xarici görünüşün dəyişdirilməsi deyil, burunun funksional xüsusiyyətlərinin qorunması da nəzərə alınmalıdır. Yəni estetik burun əməliyyatının təhlükəsizliyi yalnız "cərrah yaxşıdırmı?" sualından ibarət deyil. Burada bir neçə mühüm amil birlikdə qiymətləndirilməlidir. Pasiyentin düzgün seçilməsi, preoperativ risk qiymətləndirilməsi, təcrübəli cərrahın olması, təcrübəli anestezioloqun iştirakı, tam təchizatlı klinikanın seçilməsi və ağırlaşma zamanı sürətli reanimasiya sisteminin mövcudluğu birlikdə nəzərə alınmalıdır. Əməliyyatın harada keçirilməsi də ən azı cərrahın kim olması qədər vacib məsələdir. Çünki əməliyyat zamanı və ya sonrasında gözlənilməz ağırlaşma meydana gəldikdə həmin klinikanın buna operativ müdaxilə etmək imkanları olmalıdır. Bu da demək olar ki, özəl klinikaların 90 faizində yoxdur. Ona görə də pasiyent yalnız əməliyyatın qiymətinə, klinikanın reklamına və ya sosial şəbəkələrdə yayılan nəticə şəkillərinə əsaslanaraq seçim etməməlidir. Rinoplastika planlaşdıran insan üçün əsas məsələ əməliyyatın estetik nəticəsi ilə yanaşı, təhlükəsizlik şərtlərinin də tam təmin olunmasıdır. Cərrahın təcrübəsi, anestezioloji xidmətin səviyyəsi, əməliyyat otağının və klinikanın texniki imkanları, əməliyyatdan sonrakı müşahidə və ağırlaşma zamanı təcili tibbi yardım imkanları bütöv şəkildə qiymətləndirilməlidir", - deyə E. Tağısoy vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31