“Bizim Ermənistanı məhv etməyə imkanımız var” - MÖVQE
“Qarabağda müharibə başlayarsa, Rusiya qarışmayacaq”
26 Sentyabr 2013 15:10 SiyasətRusiyanın Siyasi və Hərbi Analizlər Mərkəzinin direktor müavini, politoloq Aleksandr Xramçixin Dağlıq Qarabağ haqqında fikirlərini səsləndirərkən qeyd edib ki, Azərbaycan status-kvo vəziyyətinə uzun müddət dözə bilməyəcək və bu da Dağlıq Qarabağda müharibəni qaçılmaz edir. Rusiyalı politoloqun bu fikirlərinə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu münasibət bildirib. Politoloq "OLAYLAR"a verdiyi açıqlamada bunları deyib:
"Bizim aparacağımız müharibə yalnız ermənilərə qarşıdır. Bu müharibə torpaqlarımızı işğaldan azad etməkdən ötrüdür. Bizim başqa heç bir dövlətin torpağında gözümüz yoxdur. Bizim tarixi torpaqlarımız Ermənistanın əlindədir. Ona görə də əgər yaxın zamanda Ermənistan sülh yolu ilə torpaqlarımızı qaytarmayacaqsa, müharibə Azərbaycan ərazisi olan Dağlıq Qarabağda başlayacaq. Yox əgər Ermənistan öz ərazisindən aktiv surətdə müharibəyə qoşulacaqsa müharibənin aparılmasının qaydaları var o zaman Azərbaycan ordusunun ixtiyarı var ki, haradan atəş açılarsa həmin atəş nöqtələrini susdursun. Ancaq Ermənistan sakit dayanacaqsa bütün Ermənistan Dağlıq Qarabağda olsa da belə biz onlara qarşı vuruşacağıq və onları məhv etməyə, darmadağın etməyə hər cür imkanımız var".
Politoloq hesab edir ki, əgər Dağlıq Qarabağda müharibə başlayarsa, Rusiya müharibəyə qarışmayacaq. Mübariz Əhmədoğlu bunun səbəbi kimi Rusiya ilə Ermənistan arasında olan ciddi narazılıqları göstərir.
Politoloqun sözlərinə görə, Rusiya üçün hal-hazırda Dağlıq Qarabağ münaqişəsi MDB məkanında olan 3 münaqişədən prinsipiallığı ilə fərqlənir. Putin Bakıda onun danışığından başa düşmək olar ki, Putin nəinki Dağlıq Qarabağın, hətta digər tarixi Azərbaycan torpaqlarının da Azərbaycana qaytarılmasında iştirak edəcək.
Politoloq hesab edir ki, Rusiya indi-indi Azərbaycanı dərk edir, Azərbaycanı tanıyır. Putin vaxtilə Azərbaycanla münasibətlərin bünövrəsinin qoyan adamdır. Putin üçün Azərbaycan artıq tamam ayrı bir dövlətdir. Ona görə də Putin nəinki Dağlıq Qarabağ, yeri gəlsə tarixi Azərbaycan torpaqlarını da Azərbaycana qaytarılmasında yardımçı ola bilər.
Politoloq qeyd edir ki, Rusiyanın müharibəyə qoşulmayacağı təqdirdə digər dövlətlər Ermənistana yardım etsələr belə Azərbaycanın müharibəni udmağa imkanı var.
"Əgər müharibə olarsa və müharibə vaxtı Türkiyə Azərbaycana yardım edəcəyi ilə bağlı mövqeyini bildirsə, bu, Azərbaycanın xeyrinə olacaq. Eyni zamanda Azərbaycanın müharibədə məğlub olması, Türkiyənin məğlub olması deməkdir" deyə politoloq Mübariz Əhmədoğlu fikirlərini ifadə edib. Politoloqun sözlərinə görə, Azərbaycan uduzarsa demək ki, Ermənistan tək deyil və onlar birləşib Azərbaycanı məğlub edirlər ki, sabah da birləşib Türkiyəni məğlub etsinlər. Ona görə də Türkiyə hər zaman Azərbaycanın yanında olacaq və öz dəstəyini əsirgəməyəcək.
Mübariz Əhmədoğlu onu xüsusilə qeyd edir ki, son zamanlar Rusiya ekspertləri Azərbaycanın xeyrinə olan fikirlər səsləndirirlər.
Sevda Qurbanqızı