Gürcüstandakı seçkilər Azərbaycana nə vəd edir? - POLİTOLOQ

Razi Nurulla: “Seçkilərdən sonra hakimiyyətə gələn qüvvənin Azərbaycanla başqa dildə danışması inandırıcı deyil”

"Gürcüstanın Azərbaycandan üz döndərməsi gürcülərə baha başa gələ bilər"

Gələn ay Cənubi Qafqaz regionunun digər bir ölkəsi olan Gürcüstanda da prezident seçkiləri keçiriləcək. Seçki ərəfəsində Gürcüstanda cərəyan edən prosesləri şərh edən analitiklər hesab edirlər ki, prezident seçkilərindən sonra bu ölkədə siyasi gərginlik və qarşıdurmalar artacaq. İddia edilir ki, Rusiyameyilli fiqur kimi tanınan Bidzina İvanişvilinin rəhbərlik etdiyi "Gürcüstan Arzusu" Koalisiyasının seçkilərdə qələbəsi gürcü millətçilərin ayağa qalxmasına gətirib çıxara bilər. "Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri, politoloq Razi Nurulla isə hesab edir ki, Gürcüstanda keçiriləcək prezident seçkilərindən sonra vəziyyətin stabillikdən çıxması və qarışıqlığın yaradılması mümkün deyil: "Çünki Bidzina İvanişvilinin hakimiyyəti dönəmində xalq arasında ciddi narazılıq yaranmayıb. "Gürcüstan Arzusu" Koalisiyasının daxildə kifayət qədər yüksək reytinqi var. Bununla yanaşı, prezident Mixail Saakaşvilinin də reytinqi düşməkdə davam edir. Hətta gürcülər Saakaşvilinin getməsinə razıdır". Razi Nurullanın sözlərinə görə, seçkilərdə əsas mübarizə "Gürcü Arzusu" Koalisiyası ilə Saakaşvilinin Milli Hərəkatı arasında gedəcək: "Amma, Saakaşvili İvanişvili ilə mübarizədə yenə də məğlub olacaq". Politoloq onu da qeyd edib ki, dünya ictimaiyyəti və dünya birliyi Gürcüstanda keçiriləcək seçkilərin nəticələrini əvvəlcədən bilir. "Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri seçkilərdən sonra Gürcüstanda yaşayan azərbaycanlılara qarşı münasibətin dəyişib-dəyişməyəcəyi məsələsinə də aydınlıq gətirib: "Son zamanlar, payızda keçiriləcək seçkilərdən sonra bu ölkədə Azərbaycan əleyhinə olan qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı söylənilir. Gürcüstanda hansı qüvvənin hakimiyyətə gəlib gəlməməsindən asılı olmayaraq həmin qüvvə Azərbaycanla heç bir halda çiling ağac oynaya bilməz. Həmçinin Azərbaycanla diktə halında danışa bilməz. Bu ilk növbədə gürcülərin milli maraqlarına cavab verməyən haldır. Gürcüstanın təhlükəsizliyinin qorunmasında, iqtisadiyyatına yatırımların edilməsində Azərbaycanın əhəmiyyətli mövqeyi var. Azərbaycan Gürcüstana ən çətin vaxtlarında - Rusiyanın təzyiqlərinə baxmayaraq kömək edib, siyasi və iqtisadi güzəştlərə gedib. Bu gün də Gürcüstana investisiya yatıran ölkələr arasında Azərbaycan öndədir. Amma, Azərbaycanın sərmayələrinin, gördüyü işlərin, həyata keçirdiyi layihələrin şəffaf olması ilə bağlı gürcülər arasında bir narahatlıq var və bu həmişə gündəmdə qalmaqda davam edəcək". Politoloq onu da deyib ki, Azərbaycan bu ölkənin bir sıra beynəlxalq əhəmiyyətli layihələrinin reallaşdırılmasında önəmli rola malikdir: "Eyni zamanda, Azərbaycan Gürcüstanın dünyada əhəmiyyətli təchizat ölkəsinə çevrilməsində əsas pay sahibidir. Ona görə də seçkilərdən sonra hakimiyyətə gələn qüvvənin Azərbaycanla başqa dildə danışması inandırıcı deyil. Gürcüstanın Azərbaycandan üz döndərməsi gürcülərə baha başa gələ bilər və bunun üçün də heç bir əsas və məntiq də yoxdur"

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00