BQXK-nın fəaliyyətini yekunlaşdırıb Azərbaycanı tərk etməsi zərurətə çevrilib-Şəbnəm Həsənova- ÖZƏL
9 Aprel 2024 18:54 Siyasət"Beynəlxalq Qızıl Xaç Komitəsi nəzəriyyə üzərində humanitar diplomatiya kampaniyasını təqdim etsə də, fəaliyyətində "al-verə" keçdiyi çoxdan məlumdur".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Hər şeydən öncə qeyd edilməlidir ki, BQXK-nın Nizamnaməsi Cenevrə Konvensiyalarına əlavə olunur, bu da BQXK-nı silahlı münaqişə vəziyyətində beynəlxalq hüquq çərçivəsində yeganə tam qüvvəyə malik orqan edir. Amma təəssüflər olsun ki, bu təsisat da natamamlıq kompleksindən əziyyət çəkir. Habelə BQXK-ın humanitar fəaliyyəti humanizm, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət, birlik və universallıq kimi kodlaşdırlan, humanitar fəaliyyətləri müəyyən edən yeddi əsas prinsipə əsaslansa da, hərəkətlərindən yenə aydın olur ki, ikili qaydalar toplusu ilə fəaliyyət göstərməyə üstünlük verir. Nəticə etibarilə məlum olur ki, BQXK üçün keçərli amil beynəlxalq humanitar hüququn normaları deyil, ikili standartların şıltaqlığını vurğulamaq üçün olan normalardır.
Qərb mətbuatının özündə də BQXK-ın ikili qaydalar toplusu ilə fəaliyyət göstərməyə üstünlük verdiyinə dair kifayət qədər məlumat var. Əsasən vaxtilə İsrailin xaric edilməsinə ikili standartlarla yanaşıldığından bəhs olunur. Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası İsrailin Qırmızı Xaç Cəmiyyətinin ekvivalenti Magen David Adomun (MDA) tam səsvermə üzvlüyünü uzatmaq qərarının əvəzinə MDA-nı səsvermə hüququna malik olmayan müşahidəçi kimi saxlamağa qərar verməsi, ona ikinci dərəcəli status verilməsi ilə BQXK-nın və federasiyanın hər ikisinin öz adlarını ləkələdikləri deyilir. Paralel müqayisə onunla aparılır ki, eynilə, keçmiş Sovet İttifaqı qırmızı xaç və qırmızı aypara simvollarının istifadəsini birləşdirməyə qərar verəndə BQXK sakitcə öz qaydalarına belə məhəl qoymadı, lakin baxmayaraq ki, bu, keçmiş SSRİ üçün yaxşı və keçərli idi, Qazaxıstanı birləşmiş aypara və xaçdan istifadə etdiyinə görə xaric etməsi qərarı alanda da yenə ikili yanaşma ortaya qoyuldu. Hər halda bu fərqli vaxtlarda olan "case"lərdir.
Bizi daha dərindən maraqlandıran məsələ isə BQXK-nın istər I, istərsə də II Qarabağ müharibəsi zamanı öz missiyasını tam yerinə yetirə bilməməsidir. 1990-cı illərdə illərdə guya qaçqınlara yardım, itkin düşmüş şəxslərin axtarılıb-tapılması adı altında Azərbaycana girən bu qurum cüzi işlərlə məşğul olsa da, digər təsisatlar kimi bu da özünü doğrulda bilmədi. Ölkəmiz üçün son dərəcə çətin durumda həm də dörd min nəfərdən artıq azərbaycanlı itkin düşdü, insanlarda öz doğmalarının aqibəti, taleyi haqqında qalan sadəcə bir cüt ümidsiz göz olsa da, BQXK onların nə tapılması, nə də geri qaytarılması istiqamətində bir iş görə bilmədi. Daha acınacaqlı durum o idi ki, qurumun azərbaycanlıların aqibəti haqqında məlumatı, onların Ermənistana aparılması, əsir düşərgələrində çox acınacaqlı halda saxlanılması haqqında müfəssəl məlumatı olsa da, müxtəlif bəhanələrlə özünü prosesdən tamamilə kənar saxladı. Eyni tendensiya Vətən müharibəsində də müşahidə olundu. Ermənilərin problemlərini fəaliyyətlərinin mərkəzində saxlayaraq onlar üçün şərait yaradıldı və 1700-dən artıq erməni hərbçisinin cəsədi Ermənistana verildi.
BQXK silahlı münaqişənin təsirlərini məhdudlaşdırmaq üçün humanitar səbəblər axtaran qaydalar toplusunu təcrübədə tətbiq etmək əvəzinə müharibədən sonra avtonom şəkildə Xankəndində fəaliyyət göstərməyə başladı. Bununla da həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunlarına açıq-aşkar hörmətsizlik göstərdi. Azərbaycanda BQXK-nın faktiki iki mərkəzi fəaliyyətdə idi. Xankəndi ofisi üçün ayrıca büdcə formalaşdırılmış, müstəqil kadr seçimi həyata keçirilir və daha çox Ermənistana inteqrasiya olunmuş formada fəaliyyət göstərirdi.
Humanitar fəaliyyətin tətbiqi, çağırışları və irəliləyişi ilə bağlı məsələləri müzakirə etmək və razılıq əldə etmək əvəzinə BQXK Azərbaycanın çoxsaylı müraciətlərinə və tələbinə baxmayaraq Xankəndi ofisinin statusunun dəyişdirilməsini eşitməzdən, görməzdən, bilməzdən gəldi. BQXK-nın ikili standartlar mərəzi ilə bağlı bir digər maraqlı məqam odur ki, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı humanitar fəlakət təbili çalan bu təsisat Donetskə yardımların Moskva vasitəsilə deyil, Kiyev üzərindən aparılması tələbi ilə çıxış edirdi.
Ermənistan-Azərbaycan arasında 44 günlük müharibə bitəndən sonra Azərbaycanın Ağdam yolunu açmasına və yardımlarının da bu yolla nəql edilməsinə şərait yaratmasına baxmayaraq, qurum ciddi cəhdlə yardımın məhz Laçın yolu ilə nəqlinə təkid edirdi. Şübhəsiz ki, bu, proseslərin bilərəkdən siyasiləşdirilməsi və bəlli dairələrin maraqlarına uyğun fəaliyyət göstərməsinin əyani sübutudur.
Üstəlik, ekoloji məsələlərlə bağlı ekoaktivistlər Laçın yolunda etiraz aksiyaları keçirərkən də BQXK-nın Xankəndi ofisi qeyri-leqal daşımalar realizə etməklə faktiki qaçaqmalçılıqla məşğul idilər ki, məhz buna görə də təşkilatın iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilərək ölkə ərazisindən çıxarıldı.
BQXK-nın Bakı ofisinin sabiq, Avropa və Şərqi Asiya departamentinin indiki rəhbəri olan Arian Bauer İkinci Qarabağ müharibəsindən sonra yeni müharibə olacağı və onların Xankəndində fəaliyyətini hələ uzun müddət davam etdirməsinə ehtiyac olduğu haqqında fikir bildirmişdi. Xankəndi ofisinin də Bərdəyə köçərək orada fəaliyyət göstərdiyini bildirməsi ilə təşkilatın Azərbaycanda yenə iki ofisi fəaliyyətdədir. Onu da qeyd edək ki, BQXK-nın Xankəndi ofisinin fəaliyyətinin dayandırılması qərarı haqqında məlumatı da qurumun Bakı ofisi deyil, İrəvan ofisi yaydı.
Azərbaycan sülh gündəliyini təqdim edib, sülh müqaviləsinin mətni üzərində iş də birbaşa Bakı ilə İrəvan arasında aparılır. Bu reallıq fonunda BQXK, onun iddiaları və Azərbaycanda fəaliyyəti ilə bağlı "məntiqsizlik prezumpsiyası" yaranır. Bu cür izah edək ki, əksi sübut olunmayana qədər hüquqi cəhətdən doğru sayılan fakt, həqiqətə söykənən, əsası olan ehtimal, fərziyyə odur ki, müharibə çoxdan bitib və müharibənin bitməsinin hələ əksini sübut etmədiyi etibarlı hesab edilən ehtimal yoxdur. O zaman BQXK-nin Azərbaycan ərazisində fəaliyyətinə heç bir ehtiyac da yoxdur. Odur ki, BQXK-nın fəaliyyətini yekunlaşdırıb Azərbaycanı tərk etməsi zərurətə çevrilib".