Milli Şura üzvlərinin iç üzü açıldı - SİYASİ ANALİZ
Şura iflasa məhkumdur
25 Sentyabr 2013 19:06 SiyasətMilli Şuranın sentyabrın 22-də keçirdiyi mitinqin ilkin qiyməti elə qurumun öz üzvlərindən gəldi. Hələ mitinq davam edən müddətdə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbərin telefon danışığı baş tutub. Artıq "şok" telefon danışığının səs yazısı sosial şəbəkələrdə yayılıb. Məsələ orasındadır ki, telefon danışığında ACP lideri R.Quliyev qurumun mitinqi və bir sıra müxalifət liderləri, həmçinin, MŞ-nın prezidentliyə vahid namizədi Cəmil Həsənli haqqında ağır ifadələr işlədir. Telefon danışığında R. Quliyev həmçinin "El" hərəkatının sədri Eldar Namazovu, keçmiş daxili işlər naziri İsgəndər Həmidovu təhqir edib, mitinqin təşkilatçılığına istehza edib: "Ə, bunlar dəhşət alçaq adamlardı e... İsgəndər Həmidovu... Nətər insanlardı ə, bu Əliynən İsa, başa düşə bilmirəm. Elə o Cəmil müəllim özü, bədbaxt İsgəndər Həmidovun çıxışı ilə prezident olmaq istəyir". Daha sonra R.Quliyev Milli Şura və qurumun təşkil etdiyi mitinqi aşağılayıcı ifadələrlə təhqir edir: "Ə, siz orada nə multfilm düzəltmisiniz? O balaca stadionun 50 faizini doldura bilmədiniz? Hökumət biabır eləyəcək bunu". Telefon danışıqları deməyə əsas verir ki, özünü siyasətçi adlandıran iki şəxsin söhbəti sözün həqiqi mənasında "saman altdan su yeritməyə" bərabərdir. Çünki telefon danışığında R.Quliyev öz təmsilçsinə tövsiyə edir ki, "yaxşı eləmisən, tribunaya çıxmamısan". Bu isə onun göstəricisidir ki, təkcə ACP deyil, qurumda təmsil olunan digər partiyalar da Milli Şurada öz maraqlarını güdürlər. Əslində, qurumda təmsil olunan partiyaların şəxsi maraqlar naminə bir araya gəlməsi əvvəlcədən özünü büruzə verirdi. Belə ki, Rüstəm İbrahimbəyovun namizədliyinin reallaşacağına şübhə ilə yanaşan Müsavat başqanı İsa Qəmbərin alternativ namizəd təklifi bunun əsasını qoymuşdu. Prosesin gizli fəaliyyətdən açıq telefon danışıqlarına qədər gedib çıxması isə MŞ üzvlərinin iş üzünü açmış oldu. Məsələ orasındadır ki, ACP lideri Rəsul Quliyev telefon danışığı faktının biabırçılıq olduğunu dərk edərək sonradan audioyazının montaj olduğunu və təxribat məqsədi daşıdığını bəyan edib. Ancaq nə fayda, söz ağzından çıxdı, artıq sənin deyil: "22 sentyabr mitinqinin başlamasına demək olar ki, bir saat qalmış bir çox insanlarla əlaqə saxlayıb, prosesin necə getdiyi ilə maraqlanmışam. Bu çox təbii bir haldır. Çünki indiki hakimiyyətin qismən olsa belə, azad seçki keçirməyinin açarı mitinqçilərin sayının çox olmasıdır. Bu telefon danışıqlarından müəyyən bir audiomontaj etmək heç bir problemli məsələ deyil. O audioyazıda mənim guya, bəzi adamlara təhqirli sözlər deməyim ağ yalandır". Qeyd edək ki, özlərini eyni əqidənin, eyni ideya və məsləkin daşıyıcıları elan edən, eyni qurumda təmsil olunan şəxsin tərəfdaşları barədə belə təhqirli ifadələr işlətməsi ən azından siyasi tərbiyəsizlikdir. Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə bu partiyanın sədri Sülhəddin Əkbər arasında cəmi 2 dəqiqə 6 saniyəlik telefon danışığının böyük əksəriyyəti MŞ üzvlərinin təhqirinə sərf olinub. Oxucuların diqqətinə onu da çatdırırıq ki, Milli Şura üzvlərinin bir-birini təhqir etməsi heç də yeni məsələ deyil. Şura yaranandan bəri onun üzvləri arasında davam edən söz müharibəsi çox keçmədi ki, təhqir və şantaja keçdi. Vəziyyət o həddə çatmışdı ki, Şura üzvləri bir-birinin ailə məsələlərinə müdaxilə etməkdən belə çəkinmirdi. Belə halda R.Quliyevin açıqlamalarının montaj deyil, məhz onun öz dilindən səslənməsinə heç bir şübhə yeri qoymur. Belədə bu və ya buna bənzər müzakirələrin MŞ-da təmsil olunan şəxslər arasında hər gün aparılması istisna olunmur. Çünki, burada söhbət təkcə prezident seçkilərində uğur qazanmaqdan deyil, ən yaxşı halda "müxalifətçi imicini" qoruyub saxlayaraq yeni-yeni himayədarlar axtarmaqdan gedir. Yəni, sösün əsil mənasında hazırki vəziyyət müxalifətin ölüm-dirim məsələsidir. Ancaq ortada olan telefon danışıqları əslində nəinki, Milli Şuranın, elə müxalifətin iflasa uğradığını deməyə əsas verir. Çünki, bununla şuranın iç üzü açıldı, kimin bu quruma hansı məqsədlə gəldiyinə aydınlıq gəlmiş oldu. Məsələn, inandırıcı deyil ki, bu danışıqdan sonra Əli Kərimli, İsa Qəmbər, elə lap Cəmil Həsənlinin özünün bu iki şəxsə münasibəti dəyişməz qalsın. Ona görə ki, bununla şurada təmsil olunan insanların bir-birinə qarşı hansı münasibətdə olmaları ortaya qoyulmuş oldu. Şahidi olacağıq ki, çox keçmədən müxalifət bu hadisəni "arxadan vurulmuş zərbə" adlandıracaq. MŞ üzvünün digər "məsləkdaşlarının" tədbirini multfilm adlandırması isə bu qurumun doğrudan da iflasa uğramasından xəbər verir.
Alim