ATƏT-in Seçki Müşahidə Missiyasının hesabatına Avropanın özündən cavab gəldi

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinə dair ilk aralıq hesabatını təhlil edib və hesabatın əsassız olduğunu üzə çıxarıb. Mərkəzin təqdim etdiyi sənəddə bir sıra diqqət çəkən məqamlar əksini tapıb ki, həmin məqamlar ATƏT/DTİHB-nin aralıq hesabatına verilən ən yaxşı və tutarlı cavab sayıla bilər.

Birincisi, haqlı olaraq qeyd edilir ki, seçkilərin namizəd irəli sürmə mərhələsində heç bir maneəçiliyə yol verilməyib və seçki mübarizəsinə qoşulmaq istəyən istənilən Azərbaycan Respublikasının vətəndaşı öz namizədliyini irəli sürə bilib. Məhz bunun göstəricisidr ki, hazırda 10 nəfər şəxs ölkənin bir nömrəli postu uğrunda mübarizə aparır. Bu müsbət tendensiya seçkilərin ilkin mərhələsinin monitorinqini həyata keçirən ayrı-ayrı təşkilatlar tərəfindən də təsdiqlənib. İstər Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Alyansı, istərsə də Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Seçki Monitorinq Qrupunun gəldiyi nəticə ondan ibarət olub ki, namizədlərin irəli sürülməsi prosesi tam demokratik qaydada baş verib.

İkincisi, dinc sərbəst toplaşma və ifadə azadlığı kimi əsas azadlıqlara hörmət edilən təşviqat müddətinə icazə verilib. Reallıq da bundan ibarətdir ki, prezidentliyə namizədlərin təbliğat-təşviqat mərhələsini həyata keçirməsi üçün müvafiq qurumlar tərəfindən kifayət qədər imkan yaradılıb. Həm paytaxt Bakı şəhəri, həm də ətraf rayonlarda təbliğat-təşviqat mitinqlərinin keçirilməsi üçün yerlər ayrılıb. İstənilən namizəd təbliğat mitinqlərinin keçirilməsi üçün ayrılmış müvafiq yerlərdə görüşlərini keçirə bilər. Seçkilərin təbliğat-təşviqat dövrünün indiyə qədər olan müddətində namizədlərin keçirdiyi görüşlərə heç bir maneəçiliyin yaradılmaması da yüksək qiymətləndirilən məqamlardandır.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi ATƏT/DTİHB-nin Aralıq Hesabatında Azərbaycanda mətbuat azadlığını sual altına qoyan məqamlarla da razılaşmır və haqlı olaraq bildirir ki, Azərbaycanda söz və mətbuat azadlığının pozulduğunu, seçki ərəfəsində mətbuatın fəaliyyətinə əngəllər yaradıldığını söyləmək absurddur. Ən azından Seçki Müşahidə Missiyası televiziya kanallarının seçkilərin təbliğat mərhələsindəki rolunu səlis qiymətləndirə bilərdi. İstər İctimai Televiziyada prezidentliyə namizədlər üçün pulsuz efir vaxtının ayrılması, istər dövlət qəzetlərində namizədlərə öz təbliğatını aparmaq imkanının verilməsi, istərsə də digər KİV vasitələrinə onların çıxışının asanlaşdırılması müsbət məqamlardan sayılmalıdır. Bütün bunları qiymətləndirməyib seçki ərəfəsində Azərbaycanda azad söz və mətbuat azadlığının pozulduğunu iddia etmək ən azı haqsızlıqdır. Aralıq Hesabatda mətbuatla bağlı diqqət çəkən digər məsələ də 8 8 jurnalistin fikir azadlığına görə həbsdə olması iddiasıdır ki, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi bunu da haqlı olaraq əsassız hesab edib.

Aralıq Hesabatda adı keçən jurnalistlərdən biri Hilal Məmmədovdur ki, həmin şəxs sırf jurnalist fəaliyyətinə görə deyil, dövlətə xəyanət etdiyinə görə həbs olunub. Onun həbsi zamanı aparılan araşdırmalar zamanı üzərində və evində 33,475 qram heroin tapılıb. Hələ 2006-cı ilin aprel və oktyabr aylarında Hilal Məmmədov kütləvi informasiya vasitələrində açıq-aydın dövlətə nifrət və düşmənçiliyin salınması məqsədi daşıyan fəaliyyətlər göstərib.

Tofiq Yaqublu və İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı şəhərində gərginliyi artırmaq və ictimai asayişi pozmaq məqsədilə polis məmurlarına qarşı həyata təhlükə törədəcək zorakılığın təşkilində, kütləvi iğtişaşdan istifadə, qəsdən şəxsi mülkün dağıdılması və digər qanunsuz hərəkətlər etməkdə ittiham olunurlar.

Fərəməz Allahverdiyev Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2012-ci il 22 avqust tarixli hökmü ilə kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin törədilməsində təqsirli bilinərək, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
F.Allahverdiyev, həmçinin internetdə Bakı şəhərində ictimai qaydanın kobud şəkildə pozulması, yanğınların törədilməsi, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi və əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlara çağırışlar edib. Bu sıraya Hüseynov Fuad, Əliyev Nicat, Quliyev Araz, Sərdar Əliyev və digərlərini də əlavə etmək olar. Aralıq Məruzədə jurnalist kimi adı çəkilən şəxslər də məhz jurnalist fəaliyyətinə görə yox, qeyri-qanuni silah saxlamaq, kütləvi ixtişaşlara çağırış və digər bu kimi əməllərinə görə həbs olunub. Ona görə də ATƏT/DTİHB-nin aralıq hesabatında dövlətə qarşı cinayətə yol vermiş insanların jurnalist kimi qələmə verilməsi özü cinayətdir və Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi də haqlı olaraq bu hesabatla razılaşmır. Burada diqqət çəkən bir məqam isə ondan ibarətdir ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin də çıxışlarında yuxarıda adı keçən şəxslər jurnalist fəaliyyətinə görə həbs olunanlar siyahısında qeyd edilir. Buradan da aydın olur ki, ATƏT/DTİHB-in Seçki Müşahidə Missiyasının Aralıq Hesabatı əslində Milli Şuranın mətbəxində hazırlanıb. Bu baxımdan əsl həqiqət tərəfdarı olan beynəlxalq təşkilat və qurumlar həmin hesabatla razılaşmırlar. Ümid edilir ki, Seçki Müşahidə Missiyasının növbəti hesabatı daha ədalətli olacaq və özündə real faktları əks etdirəcək.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00