Qərb Ermənistanı nəzarət altına alaraq Cənubi Qafqazda yeni status-kvo və ayırıcı xətlər çəkir-Şəbnəm Həsənova- ÖZƏL

"Qərbin müxtəlif regionlarda Rusiyanı vurmaq məqsədlərinə daxil olan son dərəcə önəmli bölgə kimi Cənubi Qafqazda uzunmüddətli konsolidasiyası Gürcüstanla bağlı proqnozlaşdırılsa da, indi Ermənistanı daha ön plana çıxarır, çünki məhz bu toplumun gərçək xisləti onun istəklərinə cavab verir".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Lakin uzaq deyil, yaxın keçmişin pərdəsini araladığın zaman bunun "gələcək" hədəf olduğunu görməmək mümkün deyil. Belə ki, təkcə ABŞ Dövlət Departamentinin dünyada Almaniyadan sonra ikinci,  regionda isə 90 min kvadratmetr ərazi, 2 min nəfərlik heyətlə birinci xarici torpaq mülkiyyətinə məhz Ermənistanda malik olması amili, onun Cənubi Qafqazdakı niyyətlərinin ciddiliyini simvolizə edən ilk təsiredici və ən əsası "stasionar" obyekt funksiyası daşıdığı faktı yetərlidir. Bir digər mühüm faktı da nəzərə alsaq ki, səfirliyin ərazisində ümumi sahəsi ilkin etapda 14 min kvadratmetr olmaqla sayı beş qədər planlaşdırılan binadan biri dəniz piyadalarına xidmət edir, deməli, Qərbin Gürcüstanda inqilab ssenarilərini reallaşdırmaq, onun vasitəsilə Ermənistanın Qara dənizə çıxışını təmin etmək planı əvvəldən olub və məqsədyönlü xarakter daşıyıb. Ona təqdim edilən bonuslardan bir digəri isə ABŞ vizalarını almaq istəyənlər üçün ermənilərin küçədə uzun növbələrdə dayanmalarına ehtiyacın belə olmaması, binada onlar üçün ayrıca zal mövcudluğudur. Zamanında səfirliyin binasını açan ABŞ-ın Ermənistandakı səfiri Con Evans "İrəvan su anbarının sahilindəki yeni bina Vaşinqtonun böyük əhəmiyyət verdiyi ABŞ və Ermənistan arasında uzunmüddətli münasibətlərin simvoludur" deyə bildirmişdi. Ermənistanın o vaxtki xarici işlər naziri Vardan Oskanyan da öz növbəsində belə bir səfirliyin tikintisinin "ABŞ-la münasibətlərin uzunömürlülüyünə olan inamın töhfəsi və qarantı kimi bu bina ilə böyük nailiyyətlər əldə edəcəklərində ümidli olduğunu" bildirmişdi. 5 aprel tarixində Brüsseldə də Ermənistanın "orda durma-burda dur" münasibətilə kürsüdə də üst başa keçirilməsi Qərbin çoxdanki planindan, onu gözü üstə saxladığından, tərəflərin bir-birilərinin ümidlərini "yaman doğrultduğundan" xəbər verir. 
Lakin politiko saytının nəşrinə nəzər yetirərkən görürsən ki, deyəsən, Qərb qaş düzəldən yerdə, vurub göz çıxardıb və görüşün əslində nəyə hədəfləndiyini nəşr özü məlum edir. Rusiyanın artıq İrəvan hökumətinin keçmiş müttəfiqi kimi təqdim edilməsi Qərbin Ermənistanı geri dönüşü olmayan tunelə itələməsilə özündən asılı vəziyyətə salmaq cəhdindən xəbər verir. Bəli, bu bir cəhddir, Rusiya ilə Ermənistanın iqtisadi və hərbi sahədə bağlarını statistik fiquların təsdiq etdiyi reallığından kənar cəhdi, Gürcüstanda planlaşdırılan, amma baş tutmayan, Ukraynada isə tətbiq edilən və onun yerlə-yeksan edilməsi ilə nəticələnən reallığı kimi. 
"Politico" bildirir ki, "Avropa İttifaqı regionda artan gərginlik şəraitində Ermənistanı Rusiyanın orbitindən çıxarmağa və iqtisadiyyatına dəstək verməyə kömək edəcək mühüm plan üzərində razılaşıb", "Rusiyanın başçılıq etdiyi KTMT hərbi alyansındakı üzvlüyünü faktiki olaraq dayandıran Ermənistan ABŞ qoşunlarını ölkədə təlim keçməyə dəvət etdi, Ukraynaya yardım göndərdi və hətta Aİ-yə daxil olmağa cəhd edə biləcəyini təklif etdi" və Ursula von der Leyen əlavər edir ki, "Rusiyaya qarşı sanksiyalarımızdan yayınmağa qarşı Ermənistanın gördüyü tədbirləri təqdir edirik". Oynanan bu havaların hamısı bəllidir. Önəmli məqam odur ki, nəşrdə "Aİ-yə əsas təbii qaz ixracatçısı olan və son illərdə Ermənistanla bir sıra müharibələr aparan Azərbaycan üçtərəfli görüşün keçirilməsinə etiraz etmişdi" fikri də mövcuddur. Birincisi, Qranada, 5 aprel kimi görüşlər istisna olmaqla Azərbaycan Blinken ilə telefon danışığı zamanı obyektivlik və inklüzivlik prinsipi nəzərə alınmaqla, Berlin görüşü də daxil olmaqla istənilən görüşü müsbət dəyərləndirib, üstəlik Ermənistanla bir sıra müharibələr aparan tərəf olsaydıq müharibədən sonra dərhal sülh gündəliyi ilə çıxış etməzdik. İstər 44 günlük müharibədə, istərsə də ondan sonra Qərb Azərbaycanın bölgədə hesablaşmalı tərəf olduğunu gördü. Qərbin ikinci plana keçməsi ilə Ermənistanı tamamilə nəzarətə götürdü.
Məhz belə bir addımların artan gərginlik şəraitində baş tutması, Politiko-da mövcud fikirlərin səsləndirilməsi ondan xəbər verir ki, Qərb regionun stabilliyində, inkişafında deyil, öz maraqlarını təmin etməkdə maraqlıdır. Bunların hər biri narrativlər və səsləndirilən fikirlərin təsviredici məqamlarıdır. Lakin analiz hissəsi odur ki, göstərilməyən, regionun taleyinə ciddi təsir edən daha mühüm bir məqam var. Belə ki, sayt yazır ki, Brüssel görüşündən əvvəl Ermənistan Aİ və ABŞ rəsmiləri ilə Azərbaycanın silahlanmasına dair "sənədlər" (İsrail və Pakistan kimi ölkələrdən aldığı guya külli miqdarda hərbi texnika yığdığına dair) təqdim edib. Bir daha görünür ki, Qərb də, Ermənistan da sülhdə maraqlı deyil, çünki  yenə də Azərbaycanı "100.000" etnik erməninin kütləvi şəkildə qaçmasında günahlandırır, Azərbaycana ilin əvvəlindən bəri orta hesabla gündə birdən çox silah təhvil verildiyini iddia edir. Yenə aydın olur ki, Brüssel görüşünün təşkilatçıları faktı təhrif etməyə, lazım gələndə statistikanı süni şəkildə maksimallaşdırmağa, niyyəti isə minimallaşdırmağa, hətta gizlətməyə cəhd edir. Hər nə qədər and-aman etsələr də ki Ermənistanın "iqtisadi inkişafı" müzakirə olundu, hər halda daha aydın məsələdir ki, bir neçə yüz milyonluq yardım üçün belə formatda görüşə ehtiyac yox idi, 5 aprel görüşündə hərbi yardımın ayrılması və hərbi pakt da olmaqla hərbi komponent mövcuddur.  
Cənab Prezident İlham Əliyev Mövlud Çavuşoğlu ilə görüşdə də bütün potensial planları açıq şəkildə masa üzərinə qoydu. İndiki məqamda Ermənistanda amerikalı hərbi instruktorların, Pentaqonun nəzarət etdiyi xüsusi hərbiləşdirilmiş strukturların olması da nəzərə alınaraq zamanında Türkiyənin "Milliyyət" qəzeti də ABŞ-ın bu qədər böyük səfirlik tikdiyini təəccüblə qeyd etmiş və Vaşinqtonun Ermənistan və Qafqazda strateji maraqlarının olduğunu və Ermənistanda çoxlu layihələr həyata keçirdiyini bildirmişdi. Deməli, gün bu gün imiş... Emənistanın gün üzü görməsi üçün isə ən məqbul təhlükəsizlik modeli məhz Azərbaycanın təklif etdiyi sülh modelidir. Bunun regiondan uzaqda axtarılması onu Ukrayna, Suriya, Livanın gününə salacaq və regionda bəlli məqsədlərlə yaradılmış bu dövlət, bəlli maraqlara cavab verən bu toplum müxtəlif zonalara parçalanacaq. Belə bir şəraitdə Türkiyə riskləri nəzərə almalı və təhlükəsizlik zonası yaratmaq barəsində düşünməlidir.
Bu məqamda isə 1920-ci il avqustun 10-da yanlız Osmanlı nümayəndələri tərəfindən imzalanan və Osmanlı Konstitusiyasına hər hansı bir müqavilənin qəbul edilməsi üçün onun Məclisdən keçməsi, Sultan tərəfindən təsdiqlənməsi və rəsmi qəzetdə dərc edilməsi lazım olduğu üçün təsdiq edilməyən Sevr müqaviləsini xatırlatmağa böyük ehtiyac və zərurət var. Keçmişdə Osmanlıya qarşı müharibəyə girmək qarşılığında, indi də Ermənistana eyni şirnikləndirici vədlər verilir. Deməli, Qərbin "oynatmaq", Ermənistanın isə qucaqda "tullanıb-düşmək" mərəzi "keçmiş" deyil.  Odur ki, Ermənistan tarixdən nəticə çıxarmalı, özünü eyni tələyə salmamalıdır, ondan maşa kimi yenə qonşu dövlətlərə qarşı istifadə olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31