Ermənistan bu prosesdən ən ciddi zərərçəkən tərəf kimi çıxacaq -Xəyal Bəşirov- ÖZƏL

"5 aprel görüşü həm Azərbaycan cəmiyyətinin, həm də ümumilikdə regionun diqqətini cəlb edib. Təsəvvür edin, dünyanın iki nəhəngi, dünyaya meydan oxuyan  ABŞ, dünyanın ən böyük iqtisadi nəhənglərindən olan Avropa İttifaqı Ermənistanla bir masaya oturur. Ermənistan hansı dövlətdir?"

Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib:

"Ermənistan dalanda olan, məğlubiyyətə uğramış və Azərbaycan tərəfindən diz çökdürülmüş dövlətdir. İki böyük nəhəngin masada qarşılarına qoyduqları Ermənistana Azərbaycan İkinci Qarabağ müharibəsində diz çökdürüb. Siyasi və diplomatik müstəvidə, antiterror tədbirlərində ağır məğlubiyyətə uğradıb. Təbii ki, bu məsələnin bir tərəfidir. Digər tərəfi isə hazırkı sülh prosesinin davam etdiyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdığı və Cənubi Qafqaz regionunun heç vaxt sülhə indiki qədər yaxın olmadığı dönəmdə belə görüşün keçirilməsi, bu görüşə müxtəlif tərəflərin fərqli mövqe bildirməsi təbii ki, Azərbaycanı narahat edir. Ermənistan tərəfi bu görüşə Ermənistanın iqtisadi münasibətlərinin, beynəlxalq münasibətlərinin gücləndirilməsi istiqamətində atılan bir addım kimi baxır. Fransanın Baş naziri görüş ərəfəsində Ermənistanın ərəzi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin təminatçısı rolunun onların üzərinə düşdüyünü bildirir. Daha sonra qeyd olunur ki, Ermənistana hər cür dəstək göstəriləcək. Ən sonda görüşün tərəflərindən biri, ABŞ-nin dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və sanki, bu yolla Azərbaycanı müəyyən mənada sakitləşdirmək cəhdləri təbii ki, bu görüşün mahiyyətini və eyni zamanda bizim bu görüşə münasibətimizi qəti şəkildə dəyişmir. Çünki, tərəflər bir faktı unutmamalıdırlar ki, həmin görüşün üç tərəfi var. Azərbaycan 30 illik işğaldan sonra Ermənistanı acı məğlubiyyətə uğradıb və diz çökdürüb. Öz ərazi bütövlüyünü Ermənistanı diz çökdürməklə, kapitulyasiyaya uğratmaqla təmin edib. 
Görüşün digər tərəfi ABŞ-dir. Həmin o ABŞ ki, Azərbaycana qarşı keçmiş ATƏT-in Minsk Qrupunun həmsədri kimi göstərdiyi o fəaliyyətsizliyi, eyni zamanda Azərbaycanın əraziləri işğal altında olmasına baxmayaraq 907 saylı azadlığa dəstək aktına düzəliş etməsi, Sovetlər İttifaqından qopmuş, müstəqilliyini bərpa etmiş dövlətlərə dəstək aktının proqramından Azərbaycanı məhrum etməsi və eyni zamanda Azərbaycan ərazilərində terror yuvası quran, minalar basdıran keçmiş cinayətkar ünsürlərə mina təmizləmə adı altında maddi dəstək göstərməsi və bir sıra digər məsələlərə baxmayaraq, Azərbaycan həmin ABŞ-nin Əfqanıstandakı sülhməramlı missiyasında iştirak edib. Ən son amerikan əsgərlərinin də ordan çıxmasını, təhlükəsizliyini Azərbaycan təmin edib. 
Görüşün digər tərəfi Avropa İttifaqı da unutmamalıdır ki, Avropa İttiqafının hazırkı Rusiya-Ukrayna müharibəsi, dünyada baş verən kataklizmlərin fonunda Aİ-nin enerji təhlükəsizliyinin təminatçısı Ermənistan deyil. Bu təminatçılardan biri Azərbaycandır. Bütün bunları nəzərə almayıb yenə də Ermənistanla mahiyəti bizə məlum olan, lakin müxtəlif adlar altında görüşün keçirilməsi təbii ki, Cənubi Qafqaza müsbət heç nə vəd etmir. Təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın digər dövlətlərinin-Gürcüstan, Rusiya, Türkiyə, İranın da maraqlarına ziddir və o dövlətlər də Azərbaycan qədər bu məsələyə reaksiya göstərməlidirlər. 
Hesab edirəm ki, Brüssel görüşünün Azərbaycana qarşı olmadığını sözdə deyil, əməldə göstərmək lazım idi. Brüssel görüşü ötən ilin oktyabrın 1-ə təyin edilmiş Qranada görüşünü məntiqi davamıdır. Qranada görüşü öncəsi Azərbaycana qarşı əsassız iddialar, dezinformasiyalar, Qarabağdan könüllü şəkildə çıxan ermənilərlə bağlı Azərbaycana qarşı etnik təmizləmə əsassız ittihamının ortaya qoyulması, onların qeyri-şərtsiz Azərbaycana qaytarılması istiqamətində Azərbaycana təzyiqlərinin göstərilməsi cəhdləri və başqa bir sıra digər məqamlar Azərbaycanın Qranada görüşündən imtina etməsinə gətirib çıxardı. Onlar bunu fərdi şəkildə beynəlxalq ictimaiətin diqqətinə çatdırmağa çalışdılar. İndi həmin o görüşün məntiqi davamı olaraq bu dəfə Azərbaycanla deyil, Ermənistanla görüş keçirməyə cəhd göstərirlər. Çünki, həmin o qüvvələr faktiki olaraq bu gün Ermənistanın ərazisində öz ordularını yerləşdiriblər. Bu gün Avropa İttifaqının mülki missiyası adı altında Ermənistana yerləşdirilmiş qüvvələrin mahiyyəti, məzmunu, təyinatı tam dəyişib. Faktiki olaraq onlara orda NATO-nun bazası qurulub. 
 Görüşün hərbi yox, iqtisadi xarakter daşımasına gəldikdə isə, biz bilirik ki, hazırkı məqamda Ermənistan iqtisadi cəhətdən ABŞ, Aİ və ümumilikdə onların reallaşdırdığı layihələrlə müqayisədə dəryada damlaya bənzəyir. ABŞ və Aİ-nin Ermənistanda heç bir iqtisadi maraqları yoxdur. Onlara Ermənistan yalnız və yalnız ən yaxşı halda hərbi və kəşfiyyat plastarmı kimi lazım ola bilər. Biz bunu çox gözəl bilirik və mən düşünürəm ki, ABŞ kimi bir dövlətin dövlət katibi deyib, deməməsindən asılı olmayaraq hazırkı görüşün əsas məqsədi həm Azərbaycana, həm də ümumilikdə qüvvələrin regiondakı maraqlarına uyğun olaraq Rusiyaya, İrana, hətta Türkiyəyə qarşı burda bir bazanın formalaşdırılması, Cənubi Qafqazda onların maraqlarına zidd, amma Cənubi Qafqazın və Azərbaycanın maraqlarına uyğun olaraq sülhün, təhlükəsizliyin, sabitliyin təmin edilməsi istiqamətində addımlara zidd olan xaosun yaradılması və bu xaosun onlar tərəfindən idarə edilməsidir. Düşünürəm ki, əgər belə olmasaydı, ən azından ya o görüşün təxirə salınmasının şahidi olardıq, ya da ki, o görüşdə Azərbaycanın iştirakının təmin edilməsinin şahidi olardıq. Bunlar yoxdursa, eyni zamanda onlar o görüşün təmin edilməsində təkid edirlərsə, o görüşün keçirilməsində israrlıdırlarsa, onda bu görüş qeyd etdiyimiz məqamlara xidmət edir. Hər bir halda hesab edirik ki, Ermənistan bu oyuna alət çevirilməsinə baxmayaraq, bu oyundan ən çox zərər çəkən olacaq. Ona görə ki, Ermənistan özünü kimlərinsə maraqları üçün alətə çevirir. Biz bilirik ki, siyasətdə də belədir ki, heç vaxt qumar oynayanlar qalib gəlmir, qumarı oynadanlar qalib gəlir. Bu gün Cənubi Qafqazda qumar oynatmaq istəyən tərəf ABŞ, Fransa və digər kənar qüvvələrdir. Qumar oynamaq istəyən və bu oyuna alət olmaq istəyən tərəf isə Ermənistandır. Ermənistan bu prosesdən ən ciddi zərərçəkən tərəf kimi çıxacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31