Donanda Azərbaycan, qızışanda və doymayanda Ermənistan-Qərb pambıqla baş kəsir- ÖZƏL
4 Aprel 2024 16:08 Siyasət"Əvvəla ondan başlayaq ki, ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng etməsi Azərbaycanın regionda olan nüfuzundan, birbaşa dövlət başçımızın siyasi xadim kimi məlumatlandırılmasına duyulan ehtiyacdan, zərurətdən xəbər verir".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bu vurğulanmalı önəmli amildir, çünki Qərb dairələri yaxşı fərqindədir ki, Azərbaycanın mövqeyi ən ilkin formada nəzərə alınmalı mövqedir. Lakin Qərbin illər ərzində və indiki dönəmdə də davam etdirdiyi dəst-xətt yaxşı məlum olduğundan onun pambıqla baş kəsmək xasiyyətinə də yaxşı bələdik. Blinken ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını bildirir. Bəli, bizim ən xırda narahatlığımız belə əsaslıdır. Torpaq işğalı, qaçqın və məcburi köçkün problemi, mina terroru, üstəlik sülhə doğru gedən yolda daşlarını tərpətdiyimiz tərəflərin sadəcə yolumuzda deyil, Cənubi Qafqazda sıldırım qaya, dağ yaratmaq meyilləri, sonra da bu dağı partladıb ayırıcı yolların açılması Qərbin regiona nə qədər ögey münasibət bəslədiyindən, Ermənistanın isə lazım gələndə başı sığallanan, lazım da gələndə qulağından tutulan "dəcəl uşaq" olduğundan xəbər verir. Ermənistan əla manipulyasiya alətidir ki, donanda Azərbaycan, doymayanda və qızışanda Ermənistan "qışqırılır". Ermənistanın azərbaycanlılara qarşı istifadə etdiyi mina terroru nəticəsində ölkəmiz dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alır. Bu baxımdan da Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi nə qədərdisə, Blinkenin də sözlərinin doğruluq payı nə az, nə çox elə o qədərdir. Məlumatlılıq faktının özü də onu deməyə əsas verir ki, deməli, duymazdan, bilməzdən gələn Qərb, əslində, hər şeyi duyur da, bilir də, hələ üstəlik hiss də edir. Burada isə Ceyms Qoldmanın "Qışda Aslan" əsərindən məşhur bir ifadəni xatırlamadan keçə bilmərik. "Bilirəm, sənin bildiyini mən bilirəm, mənim bildiyimi sən bilirsən, Henri də bunu bildiyimizi bildiyindən biz savadlı "ailəyik"". Elə məhz bu baxımdan da cənab Prezident İlham Əliyev onda olan məlumatları diqqətə çatdırmaqla mətləbə keçdi.
Hərbi dəstəyin verilməsi, birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına silahlandırılma, silah yarışı, görüş öncəsi təxribatlar, pozucu addımlarla müşaiyət olunan ritorika, bütövlükdə gücün sərt elementləri nə zamandan yumşaq məqsədlərə xidmət edib? Məhz bu oyunların dövlətləri, xalqları nə günə qoyduğunu görmək üçün kifayət qədər nümunələr var. Necə deyərlər: "Gözü çıxan qardaş göz önündədir".
Qərb media resurslarında Azərbaycanın "hücumçu", "təcavüzkar" kimi qələmə verilməsi, Fransa xarici işlər nazirinin yalan danışması drijoru bəlli olan özfəaliyyət orkestrının işidir. Məhz bundan sonra 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirmək nə dərəcədə səmimi deyil bilirik, bəs nə dərəcədə doğrudur ona bir dənə də olsun əsaslandırma tapa bilmirik. Əslində isə əsaslandırmanı Azərbaycanın əlinə otuz ildən sonra olsa da düzgün mina xəritələrini verməklə Qərb özü təmin edə bilərdi. Bəlkə ancaq o zaman Azərbaycan cəmiyyətinin "Bərəkallahını" ala bilərdilər. 5 aprel görüşünün siyasi, hərbi deyil, iqtisadi xarakter daşıdığına inanmaq nəinki çətin, demək olar ki, mümkünsüzdür. Daha da aydın olur ki, Qərb Ermənistanı "təhlükəsizlik çətiri" altına alaraq bölgəyə daxil olmaq istəyir.
Qərb Peter Stano, Metyu Millerdən sonra "el ağsaqqalı" ABŞ Dövlət katibi Antoni Blinkeni minnətə saldı. Bəli, məhz belə çəkili fiqurun məsələyə aydınlıq gətirməsi vacibdir, tam aydın olmasa da, əsası inandırıcı deyil. Görüşün əsas mahiyyəti Ermənistanın iqtisadi inkişafını təmin etməkdirsə, sual olunur ki, illər ərzində Azərbaycan bilərəkdən, heç nəyə görə deyil, məhz işğal siyasətinə Ermənistanı regional layihələrdən təcrid edəndə Qərb harda idi? Niyə Qərbin "humanistliyi" birdən-birə "dəbərdi?" Deməli, haqq da, ədalət də Qərbin özünə lazım olanda yada düşür.
5 aprel görüşü, Ermənistanın Aİ və ABŞ-a sığınması Azərbaycan tərəfindən hər hansı rəqabət prizmasından dəyərləndirilməkdən daha çox, Azərbaycanın məhz öz maraqları kontekstindən dəyərləndirilir. Şübhəsiz ki, Rusiya öz maraqlarının pozulmasına həm göz yummayacaq, həm də səssiz qalmayacaq. Ukrayna kimi ikinci Qərb-Rusiya qarşıdurmasının yaradılması regionun və Azərbaycanın maraqlarına ziddir. Ermənistan bölgədə Qərb-Rusiya qarşıdurmasında yeni meydan formalaşdırır, cəbhə açır. Bu da regional sülhə və təhlükəsizliyə təhdid olduğundan Azərbaycan da məhz buna qarşıdır.
Ermənistanın diversifikasiya adı altında "Qərbə doğru" daha dinamik siyasəti daha çox dramatik ssenari üzrə inkişafa doğru meyil edir. Bunun narrativi deyil, təcrübəsi deyil, ehtimalını belə təsəvvür etmək silkələnməyə kifayət edir. Cənubi Qafqazla bağlı təhlükəsizlik və əməkdaşlıq məsələləri Azərbaycan olmadan təmin edilə, reallaşdırıla bilməz. Azərbaycanla münasibətlərə təsirsiz isə Ermənistanı öz ağuşuna almaq mümkün olmayacaq. Ermənistanın guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatlarının heç bir əsasının olmadığı kimi, "el ağsaqqalı" da normal əsaslandırma gətirə bilmədi, çünki yoxdur. Bəzi xarici tərəfdaşlarımızdan müəyyən dəstək olsa da minatəmizləmə fəaliyyətinin demək olar ki, bütün hissəsi Azərbaycanın öz daxili resursları hesabına aparılır. ABŞ bu işdə bizə dəstək vermir, Ermənistana təzyiq etmir, hələ üstəlik mina terrorundan indiyə qədər də əziyyət çəkdiyimizi belə görməzdən gəlir. "Yaxın qonşu, uzaq qohumdan yaxşıdır". Bu Ermənistan üçün də, öz aralarında olan haçalanmaları da nəzərə alaraq Qərb üçün də keçərlidir. Qərbin bu qədər canfəşanlığı fonunda istər-istəməz "Ermənistan nə əldə edir?" sualını qaldıranda bircə cavab alırsan. Bu da onun regionda qərbmeyilli siyasət baxımından yeganə liderlik nominasiyası üzrə mövcud birinciliyidir.
İnklüzivlik məqsəd, məzmun və təşkil haqqında bir sıra fikirləri özündə əks etdirən siyasət fenomeni kimi nəzərdən keçiririlir. Bu həm də digər siyasi ideallarla effektivliyi və nailiyyəti prioritetləşdirən diskurslarla rəqabət aparır. Məhz inkluzivlik baxımından dövlət başçımız xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı və onun sürətləndirilməsinə ehtiyac olduğunu bildirdisə, şəffaqlıq, bütövlük baxımından da Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğunu, sözübütövlük baxımından isə Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmamasının Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını vurğuladı. Qərb Ermənistanı Rusiyaya qarşı alət kimi istifadə edir, Ermənistan isə təkcə qurduğu deyil, meyil etdiyi, cəhd göstərdiyi əməkdaşlığı belə Azərbaycana qarşı istifadə edir.
Azərbaycan kəndləri qaytarılmadan, sərhədlər müəyyənləşdirilmədən ABŞ və Aİ tərəfindən Ermənistanın təhlükəsizliyinə "təminatlar" verilməsi, silahlandırılma, maliyyə yardımı onun manipulyasialara daha çox getməsinə şərait yaradacaq. Ermənistan ilk növbədə daxili və xarici siyasətini realizə etmək üçün istinad etdiyi, lakin qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə dolu olan ana maddələr toplusunda fundamental dəyişikliklərə getməlidir. Bu görüşün axarı məsələri və prosesləri mənsəbə deyil, mənbəyə doğru aparacaq. İstər yaxın, istərsə də uzunmüddətli perspektivdə Ermənistanın daxili siyasi, iqtisadi sabitliyi nəinki regional inteqrasiyadan, bilavasitə regional aktorların maraqlarını gözardı etməməkdən keçir".