“Bəzi xarici KİV-lər qanunsuz təşviqat aparırlar” - BƏYANAT

MSK yanında Mətbuat Qrupu bəyanat yayıb

Mərkəzi Seçki Komissiyası yanında fəaliyyət göstərən Mətbuat Qrupunun növbəti iclası keçirilib. "OLAYLAR" xəbər veriri ki, gündəliyə ötən iclasda müzakirəsi yarımçıq qalan - bəzi xarici KİV-lərin Azərbaycanda keçirilən prezident seçkilərində təşviqat xarakterli materiallar verməsi məsələsi daxil edilib. Mətbuat qrupunun üzvü, MSK üzvü Azər Tağıyev deyib ki, məsələni ötən iclasda mətbuat qrupunun "Azərbaycan" qəzetindən olan üzvü Elgün Mənsimov qaldırıb və bildirib ki, bununla bağlı qrup öz mövqeyini ortaya qoymalıdır. Qrup üzvləri qeyd ediblər ki, xarici KİV-in Azərbaycanda keçirilən seçkilərin təşviqat xarakterli materiallarını yayması ölkə qanunvericiliyinə və Seçki Məcəlləsinin müvafiq müddəalarına ziddir.
Azər Tağıyev qeyd edib ki, seçki təşviqatına start veriləndən sonra "Azadlıq" və "Amerikanın səsi" radiolarının, həmçinin BBC-nin Azərbaycanda fəaliyyət göstərən ofisləri prezident seçkilərini təşviq edən materiallar hazırlayır. MSK üzvü əlavə edib ki, KİV-də qanunsuz təşviqatın aparılmasına dərhal münasibət bildirilməsi Mətbuat Qrupunun vəzifəsidir.
Qrupun "Azərtac"ı təmsil edən üzvü Xətai Əzizov deyib ki, kimliyindən asılı olmayaraq, hər bir xarici hüquqi şəxs Azərbaycan qanunlarına hörmətlə yanaşmalı və bu məsələ onların diqqətinə çatdırılmalıdır.
MSK Mətbuat Xidmətinin rəhbəri A.Sarıyev deyib ki, sözügedən xarici media qurumlarının seçki təşviqatı dövründəki namizədlərlə bağlı yazıları araşdırılıb və bəlli olub ki, materiallar arasında sırf təşviqat xarakterli olanlar var. A,Sarıyev bir neçə gün bundan əvvəl prezidentliyə namizədlər Hafiz Hacıyev, Zahid Oruc, Qüdrət Həsənquliyev və Cəmil Həsənlinin "Azadlıq" radiosuna çağırılaraq, onlardan seçki təşviqatına yönələn müsahibə alındığını da vurğulayıb və bununla bağlı həmin KİV-ə, həmçinin namizədlərin özlərinə də xəbərdarlıq olunmasını təklif edib.
İTV-ni təmsil edən Mehparə Quliyeva xarici vətəndaşın təsisçisi olduğu media qurumunun Azərbaycanda keçirilən seçkilərdə təşviqat xarakterli fəaliyyətinin qanunla qadağan edildiyini vurğulayıb.
MSK üzvü Fuad Cavadov bir daha xatırladıb ki, Məcəlləsinin 74-cü maddəsinin 4-cü bəndinə əsasən, seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması, bu Məcəllənin 90-cı maddəsinin 2-ci bəndində göstərilən subyektlərə, yəni xarici dövlətlərə və xarici hüquqi şəxslərə qadağan edilir. O, adıçəkilən media qurumlarının məsələyə tərəf kimi yanaşılmasını da diqqətə çatdırıb.
Müzakirələrin sonunda mətbuat qrupu adından KİV tərəfindən seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi ilə əlaqədar bəyanat qəbul edilib. Sənəddə qeyd olunur ki, bəzi xarici KİV qanunvericiliyin tələblərinə məhəl qoymadan, bir çox halda onu kobud şəkildə pozaraq, seçki prosesini işıqlandırmaq adı altında qanunsuz təşviqat və əks təşviqat aparır ki, bununla da bəzi siyasi maraqların təmsilçisinə çevrilərək, seçicilərin ədalətli məlumat almaq hüququnu pozmuş olur. Son vaxtlar bu hal özünü respublika ərazisində yayımlanan bəzi xarici KİV-in fəaliyyətində də qabarıq büruzə verməkdədir. "Azadlıq", "Amerikanın səsi" və BBC radiostansiyaları kimi nüfuzlu qurumun bu prosesdə iştirakı ən azı anlaşılmazdır.
Bəyanatda o da qeyd olunub ki, bundan təəssüfünü bildirən qrup eyni zamanda namizədlərin bilərəkdən və ya bilməyərəkdən xarici KİV-də təşviqat xarakterli verilişlərin proqramlarında iştirakını da seçki qanunvericiliyinə zidd addım kimi qiymətləndirir. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00