ABŞ-Aİ-Ermənistan görüşündə sülhdən söhbət gedə bilməz

Ermənistanın silahlandırılması təxribatlara yol aça bilər

Aprelin 3-də  ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Blinken aprelin 5-də ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Bununla belə, görüşün birbaşa Ermənistanın ticarət əlaqələrini şaxələndirmək məqsədi daşımadığı bəllidir.

Millət vəkili Azər Badamov bildirib ki, 5 apreldə Brüsseldə nəzərdə tutulan görüş Qərbin Cənubi Qafqazda çirkin planlarını həyata keçirmək üçün hazırladığı senarisinin tərkib hissəsidir: "Əgər bu görüş həqiqətən sülh və təhlükəsizlik məsələsi ilə bağlı olsaydı, ora mütləq şəkildə Azərbaycan da dəvət olunmalı idi. Çünki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir məsələnin həll olunmasında uğur qazanmaq mümkün deyil. O cümlədən, deyildiyi kimi ABŞ və Aİ-ni Ermənistanın təhlükəsizliyi düşündürürsə, niyə məhz Ermənistanın silahlandırılmasına və hərbi dəstək göstərilməsi məsələləri müzkirə edilməyi planlaşdırılır? Çünki, Ermənistanda silahlar olduqda mütləq şəkildə işlənəcək və bunun cavabını Azərbaycan çox ağır şəkildə verəcəkdir. Bu, yenə ermənilərin qırılması ilə başa çatacaqdır. Belə olan halda hansı təhlükəsizliyə zəmanətdən söhbət gedə bilər. Onlar Ermənistana həqiqətən təhlükəsizliyə zəmanəti vermək istəsəydilər, ilk növbədə Azərbaycan Ermənistan münasibətlərinin normallaşdırlması prosesinin sürətlənməsinə töhfə verərdilər. Çünki, Ermənistanı işğal altındakı 8 kəndimizi qaytarandan sonra heç bir təhlükə gözləmir. Amma ABŞ və Aİ-nı başqa məsələ narahat edir. Bu məsələ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin yaranması ilə bağlıdır. Onlar son 33 ildə Cənubi Qafqazı gərgin bir region kimi görüblər. Bu gün isə Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Ermənistanla birbaşa danışıqlar aparılaraq sülh prosesinin davamlı olması üçün addımlar atılır. Hətta ölkələrimiz heç vaxt olmadığı qədər sülhə yaxındır. Məhz Qərbi narahat edən də budur. Hesab edirəm ki, Qərbin Cənubi Qafqazla bağlı planları iflasa uğrayacaqdır. Ona görə ki, ermənilərin içində də ağlı başında olanları var və onlar görürlər ki, Qərbin daxil olduğu ölkələrdə heç vaxt sabitlik olmur. Bu baxımdan Ermənistan daxilində Paşinyan hakimiyyətinin Qərbyönümlü siyasətinə qarşı yeni etirazlar dalğası başlanacağını hesab edirəm".

Deputat Sahib Alıyevin sözlərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlum brifinqdə aprelin 5-də Brüsseldə Ermənistan baş naziri ilə keçiriləcək görüşdə regional məsələlərə toxunulmayacağını və orada "Bakıyla İrəvan arasında sülh prosesindən söhbət getməyəcəyini" bildirdi.  Metyu Millerin   Blinken - Ursula fon der Lyayen - Paşinyan görüşündə guya regionda baş verənlərə toxunulmayacağı haqda söylədikləri olsa-olsa 1 aprel zarafatıdır. Amma digər dediyi ilə razılaşıram ki, bəli, həmən görüşdə doğrudan da sülhdən söhbət getməyəcək. Ermənistan silahlı qüvvələrinin sözügedən görüş öncəsi Şərqi Zəngəzur, eləcə də Naxçıvanla şərti sərhəddəki mövqelərimizi atəşə tutması, təmas xətti boyunca qüvvə cəmləşdirməsi də elə bir növ bundan xəbər verir. Qarşı tərəfin əvvəlki təxibatları bəlli bir həddi keçəndən sonra Azərbaycanın hansı cavab addımları atdığı çətin ki, unudulsun.  Ermənistanı yeni təxribatlara həvəsləndirənlər görünür, yenə də bizi oxşar addımlar atmağa vadar etməyə çalışırlar ki,  ona genişmiqyaslı hərbi dəstəkləri üçün əldə tutalqa olsun. Bu təxribatların ABŞ-ın hərbi təlimatçılarının Ermənistanda peyda olduqları zaman baş verməsinin özü də az şey demir. Və yeri gəlmişkən,  detallara varmadan deyək ki,  ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peyli bizim regionda səfərdə olarkən qonşu ölkənin Suriyadakı konsulluğuna endirilən hava zərbəsi nəticəsində onun iki generalı və bir neçə hərbçisinin qətlə yetirilmələri, eyni zamanda  İŞİD-ə bağlı Tacikistan və Qırğızıstan vətəndaşlarının Türkiyədə terror törətməyə hazırlaşarkən ələ keçmələri də müəyyən suallar yaradır. Biz gördük ki, qərbə bağlı əksər ekspertlər Krokus Siti Holdakı terroru Rusiyanın öz ayağına yazmağa çalışdılar. Yaxşı, tutaq ki, sözü gedən terrorda doğurdan da, Rusiyanın bəlli strukturlarının əli olub, bəs onda yenə də Tacikistanla Qırğızıstanın hər baxımdan yoxsul və  təsirə yatımlı  vətəndaşlarından faydalanmaqla Türkiyədə terror törətmək əmri haradan gəlir?  Azərbaycanla Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxınkən regionda ayırıcı xətlər niyə çəkilir, qarşı tərəf nə üçün revanşizmə sürüklənir? Bütün bunlar Böyük Qafqazda və ola da bilsin ki, Mərkəzi Asiyada xaosa, hamının hamıya qarşı savaşına rəvac vermək deyilsə, onun adı nədir?"

Politoloq Turan Rzayev isə qeyd edib ki, Ermənistan Rusiyadan iqtisadi baxımdan asılıdır. Özü də bu asılılıq bir sahə ilə kifayətlənmir. Ermənistana xarici valyuta əsasən Rusiyadan gəlir. Bundan başqa, kənd təsərrüfatı mallarının çıxdığı bazar da Rusiya bazarıdır. Ən önəmli məqam isə minlərlə Ermənistan vətəndaşının Rusiyada çalışmasıdır: "Təbii ki, burada Türkiyə faktorunu da unutmaq olmaz. Ermənistanla Türkiyə arasında siyasi-iqtisadi münasibətlər normallaşmağa doğru getsə də, proses hələ tam bitməyib. Yəni Türkiyə ilə sərhədlər açılmadıqca Ermənistanın Avropa bazarına çıxışı limitli olacaq. Paşinyanın tələb etdiyi bir neçə milyard dollar və ya avroluq yardım paketləri də Ermənistanı Rusiya asılılığından xilas etməyəcək. Bu baxımdan Blinkenin söylədiyi kimi, Vaşinqtonun Brüssellə birgə Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarması o qədər real və inandırıcı deyil. Digər tərəfdən, Brüsseldə planlaşdırılan görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak dəcək. Bu görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələləri təşkil edəcəksə, məntiqlə iqtisadçılar, ya da bu sahənin rəsmi şəxsləri bir araya gəlməli idi. Əslində, Blinkenin dediklərini Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da təkzib edib. Belə ki o, görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarının müzakirə ediləcəyini açıqlamışdı".

Onun bildirdiyinə görə, Prezident İlham Əliyev telefon danışığı zamanı qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa Birliyinin Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb: "Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da, İlham Əliyevin sözlərindəki qərarlılıq və prinsipiallıq vəziyyətin ciddiliyindən xəbər verir. Prezident Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Bu bir daha Bakının İrəvanla gərginlikdə, müharibədə maraqlı olmadığını göstərir, lakin rəsmi Bakı açıq şəkildə deyir ki, Ermənistanın silahlandırılması davam edərsə, təxribatlar baş verə bilər və bu zaman Azərbaycan tərəfinin cavabı sərt olacaq. Nəticə etibarilə Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib narahatlığını ifadə etməsi, habelə Brüssel görüşü ilə bağlı aydınlıq verməsi olduqca vacibdir. Rəsmi Bakı başa düşür ki, Qərbin Ermənistana iqtisadi-siyasi və hərbi yardımlarının əsas məqsədi bu ölkəni Rusiyanın təsirindən çıxarmaqdır. Lakin bütün ehtimal risklər, Ermənistanın şıltaqlıqları və təxribat versiyaları nəzərdən keçirilir. Azərbaycan böyük güclərin regionda rəqabəti, habelə nüfuz mübarizəsi fonunda milli maraqlarına, habelə Ermənistan-Azərbaycan sülh prosesinə zərər gəlməsini qətiyyən istəmir. Buna görə də prinsipial mövqe nümayiş etdirir. O ki qaldı Rusiyaya, Kreml Ermənistanda gedən proseslərlə heç vaxt barışmayacaq. Həm də onun üçün vaxt getdikcə daralır. Ukraynada uzun müddət gözləmə mövqeyində olan Rusiya nəticədə Kiyevi itirdi. Bu dəfə Ermənistanı asanlıqla itirmək istəmir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31