Yaşıl enerji” potensialından səmərəli istifadə məqsədyönlü dövlət siyasətidir- ÖZƏL
3 Aprel 2024 10:50 Siyasət"Gündən-günə dəyişən nəhəng bir dünyada yaşayırıq. Bu böyük dəyişikliyin birbaşa bağlı olan çoxlu parametrləri mövcuddur".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Çoxumuz bu dəyişiklikləri gündəlik həyatımızda dərk edə bilirik, lakin bu şüurun ən mühüm hissəsi onların nəticələrini dərk etməkdir. Bu dəyişikliklərin insana müəyyən müsbət təsirləri olduğunu gözardı edə bilmərik. Şübhəsiz ki, bütün bu təsirlər qloballaşma deyilən bir terminə işarə edir. Qloballaşmanı müəyyən etmədən qlobal çağırışların öhdəsindən gələ bilmərik. "Yaşıl enerji"yə keçid qlobal çağırışdır ki, bu da məhz qlobal ekoloji problemlərin həllində mühüm rol oynayır. Çünki ənənəvi resursların tükənməsi ehtimalının özü belə gələcəklə bağlı təşvişlərdən biri olaraq bu günümüzü müəyyən edir. Hazırda təhlükəsiz dünyada yaşamaq istəyiriksə, gələcək problemlərə hazır olmalıyıq. Yalnız bunu etsək, bu dünyanı gələcəkdə və hazırda daha yaxşı edə bilərik. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın nəbzini tutan Lider kimi dövlət siyasətimizin prioritet istiqamətlərini milli maraqlar və qlobal çağırışlar fonunda müəyyən etməklə arealı olduqca geniş siyasət yürüdür. Bu nöqteyi-nəzərdən, müxtəlif dövlət növləri ilə əlaqəli nominativ həllər olan dövlət mərkəzli həllər deyil, qlobal çağırışlar üçün qlobal həllər tapmağa çalışırıq. İlk növbədə ona görə ki, dünyanın bir tərkib hissəsiyik. Bu gün insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın getdikcə pozulduğunu da daha aydın görürük. Bunun da təmin olunmasında başlıca parametrlərdən biri "yaşıl enerji"yə keçiddir.

Yaşıl enerji vacibdir, çünki o, karbon izlərini azaltmağa kömək edir, ekoloji cəhətdən zərərli yanacaqlardan təmiz bərpa olunan enerji mənbələrinə keçidə töhfə verir və enerji resurslarının tükənməzliyi, ətraf mühitə uyğunluq və iqtisadi səmərəlilik kimi üstünlüklər təqdim edir. O, həmçinin müxtəlif sektorlarda enerjiyə qənaət və enerji səmərəliliyinin təşviqində mühüm rol oynayır. Karbon emissiyaları qlobal istiləşmənin də əsas səbəbidir. Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin, Ümumdünya Səhiyyə Təşkilatının proqnozları bu istiqamətdə həyəcan təbili çalır. Dünya Enerji Şurasının irəli sürdüyü "Enerji trilemması" adlanan konsepsiyada enerji təhlükəsizliyi, əlverişli enerji təchizatı və ekoloji sabitlik arasında tarazlığın yaradılmasına xüsusi diqqət yetirilir. Məhz bu amilləri nəzərə alaraq "yaşıl enerji" potensialından səmərəli istifadə Azərbaycanın məqsədyönlü dövlət siyasətidir. Enerji sektorunda davamlı islahatlar aparılır, bir çox tərəfdaşlarla yeni və sinxron addımlar atılır, qanunvericilik bazası təkmilləşdirilir, universal tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "yaşıl enerji" məkanının yaradılmasına böyük əhəmiyyət verilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi dünyanın Azərbaycana olan rəğbətinin göstəricisidir. Önəmli amillərdən biri də odur ki; Azərbaycana münasibətdə qərəzli mövqedə olanlar belə Zəfərimizdə belə mötəbər tədbirlərin mühüm rol oynadığını etiraf etməli oldular. Dörd seqmentdən ibarət və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayan Cənub Qaz Dəhlizi "yaşıl enerji" sahəsində önəmli əməkdaşlıq platformasıdır. Modern çağırışlara proaktiv yanaşma ortaya qoyan dövlət başçımız Qarabağ və Şərqi Zəngəzur, habelə Naxçıvan Muxtar Respublikasını "yaşıl enerji" zonaları elan edib, bu istiqamətdə davamlı işlər həyata keçirilir. "Yaşıl enerji" enerji təhlükəsizliyi, enerji təhlükəsizliyi isə milli təhlükəsizlik məsələsi olduğundan cənab Prezident İlham Əliyev xalqının milli maraqlarını ilkin olaraq məhz milli təhlükəsizlik məsələsi üzərindən təmin edir".