Bir var sən yolursan, bir də var səni yolurlar

Biz başqasını yolmasaq, bizi də kimsə yolmağa hünər etməz

 

                                                                                                       Hafiz Mirzə
                                                                                                              www.hafizmirza.com

İnsanlar adətən özlərini təbiət görüntülərinə oxşatmaqdan çox xoşlanırlar. Məsələn, dağa, qayaya, zirvəyə, dənizə, dağ çayına,.. Heyvana bənzəyiş də olur. Kişilər özlərini qüdrətli aslana, pələngə, filə, boz qurda, qartala, əjdahaya, qadınları isə gözəl marala, ceyrana, cüyürə, hətta bülbülə, göyərçinə, tovuz quşuna oxşadırlar. Anlaşılsa ki, bu cür bənzətmə əslində bir heyvana oxşayışdır - qan düşər! Qüdrətli və ya gözəl heyvana görə kimsə dillənməz. Gərək heyvan da olsan bazburutlu və ya "vid-fasonlu" olasan! ))) Bu minvalla bir kimsəni ev quşlarına oxşada bilməzsən: toyuğa, xoruza, ördəyə, qaza... Çünki hərəsinin bir cür mənfi yozumu var, həm də ümumiyyətlə, "quş" ifadəsinin son dövrlər erotik açmaları da peyda olub. Kimsəni xoruza bənzədə bilməzsən - buna görə lap qan dizə çıxar. Rusca tərcüməsi "voobşe"  biabırçılıqdır! Ördək və toyuq arvad xarakterlidir və bunu heç qadınlar da qəbul etmir. Qaz isə... Hə-ə-ə, son dövrlər ən çox populyar olan da elə qazdır. Əvvəllər "Yeməmisən qaz ətini, bilməyirsən ləzzətini!" deyimi daha çox populyar idi. Hətta qazların çox ayıq olmalarına nəzərən "Romanı qazlar xilas etdi!" ifadəsi də vardı. Lakin son dövrlər, xüsusən də sosializm yıxılıb, yerində kapitalizm yetişdiriləndə insanların bir-birlərinə münasibəti alver üzərində formalaşmağa başladı, hamı bir-birinə kəf gəlməyə, bir-birini aldatmağa, soymağa, müflis etməyə qurşandı, çoxları kapitalizmi  "atha-at" dövrü kimi qiymətləndirdi və "qaz" ifadəsi ayıqlıq yox, keylik, əfəllik, fərsizlik mənalarını qazandı. Beləcə, birisini hərif hesab edib pulunu, malını əlindən almaq onu qaz kimi yolmaq kimi mənalandı. Qaz ifadəsi  omonim söz olaraq yanar qaz, maşında qaz, proseslərdən yaranan  qaz, uçan-üzən-yeriyən, əti kabablıq və ya fisincanlıq yeməli qaz, bir də... aldadılaraq nəyi varsa  əlindən alınan adam kimi bölünür. Ən şərafətlisi yanar qazdır.  Qışda Qərbi Avropa bir rupi üçün əl açıb dilənən hind dilənçisi kimi üzünü Şərqə çevirir. Hətta iki slavyan qardaş sayılan Rusiya və Ukrayna da qaz alış-verişinə görə bir-birinə naz-qoz edir. Məncə "naz-QAZ" edir desək daha doğru olar. Bunun görüntüsü arxasında Avropaya göstərmək istəyirlər ki, bu qaz məsələsində biz heç qardaş-mardaş da tanımırıq; "Yevronu qoy ortaya, qazını al!" Və əslində Rusiya Ukraynaya  o istəyən qədər qaz da verir və hələ bir üstəlik xəlvətə salıb bic-bic göz də vurur. Bu da slavyan qardaşlarımızın siyasətidir: qaz siyasəti! Biz də özümüzə görə qazlı cayillərik deyə bizə də hərdən diş qıcıtması tutur. Qaz yalnız yerdən çıxarıldıqda dəyərlidir. İnsan həyata gəlişi ilə qazın əsirinə çevrilir. Körpənin qaz çıxartmasını ailənin ilk qaz təsərrüfatı saymaq olar. Adamın heç 50 sm boyu yoxdur, amma bütün ailəni özünün qaz ixrac etməsinə tabe edir. Deməli, qaz və qazçıxartmanın kökləri çox qədimlərə gedir və ən azı bəşəriyyətin özü ilə həmyaşıddır. Körpənin ixrac etdiyi qazı nə satmaq olur, nə də almaq. Amma onun ixrac edilməsi üçün şüyüd suyundan tutmuş "Kolispas" və "Espomizan" dərmanına qədər körpəyə içirdirlər və səbirsizliklə hərifin qaz çıxartmasını gözləyirlər. O qaz çıxardanda isə bütün ailə buna hamılıqla və sanki Azərbaycan futbolçuları Brazilyanın qapısından top keçiribmiş kimi böyük coşqu ilə sevinir və gecəni rahat yatır. İndi 50 yaşlı adam bu işi tutsa... başına yer-yerdən qapaz yağacaq.  Yəni bioloji qaza münasibət zamanına, yerinə və yaşına görə birmənalı deyil. İkiayaqlı ev quşu olan qaza münasibət əvvəllər tam birmənalı idi; ətini kabab eləsən, yanında pamidor salatı, narşərabı və təndir çörəyi ilə içəriyə əla gedər. Onu da yalnız qış aylarında yeyəsən. Gərək qar yağa, qaz bir az qar suyunda eşələnə, bununla ətini qoxusu dəyişə. Yoxsa ki, üfunətli lehmə iysi verəcək. Bir kərə qar yağandan sonra qazı tut kəs, bas qaynar qazana və tükünü rahatca yol. Amma insan təşbeh olaraq qaza bənzədiləndə onun işi çox pis olur. Çünki bu zaman heç qar yağmasını düşünən də olmur. Müasir insanın qaz kimi yolunması qarşı tərəf üçün hər zaman ləzzətlidir, dadlıdır. Biz yolunmaq nə olduğunu bilməzdik. Bizim camaat Sovetin dağılması ərəfəsində hələ çox sadəlövh idi. Alverə də çox pis baxırdı. Alverçilərə tüfeyli deyilirdi. Sovetlər qaldığı yerdə bir azacıq küləyin təsirindən tirşab yıxıldı və biz  qaldıq yalın yerdə; iqtisadi rıçaqlar qırıldı, təsərrüfatlar dağıldı, müəssisələr müflis oldu, maliyyə böhranı yarandı, bir yandan da ermənilərin bizə qarşı müharibəsi, qaçqınlar, yeni bazar münasibətləri, iqtisadiyyatın büsbütün bazara çevrilmə halları baş verdi. Belə bir zamanda başlı başını saxlasın vəziyyəti yaranmışdı. Onda hamı başladı alver eləməyə. Ziyalı bunu özünə sığışdırmadı və miskin vəziyyətə düşdü, tülüngülər isə çevrilib oldular biznesmen. Sonradan həqiqi biznesmenlər də yetişdi, onunla işimiz yox. O vaxt bizim naşı və sadəlövh, yeni  alverçilər zümrəmiz əvvəlcə yaxın İrana üz tutmuşdu. Güman edilirdi ki, İrandan mal gətirib satacaq və milyoner olacaqlar. Mağazalarımızda  hər nə cür texniki avadanlıq vardısa apardılar, əvəzində saqqız, "bakkuş", "pən-pən" gətirdilər. Bununla isə cib doldurmaq olmazdı. İranda nəsillikcə tacir olmuş mahir tülüngülər bu fürsətdən  sui-istifadə etdilər və başladılar bizimkiləri aldadıb, əlində nə malı-pulu vardısa  müxtəlif üsullarla qopartmağa. Yəni qaz kimi yolmağa. Bu yolhayolda çoxları maşınını , evini, sonra isə həyatını itirdi. Sonra bizimkilər bicləşdi və onlar başladı iranlıları "yolmağa". Və beləcə "Araz həsrəti" getdi işinin dalıyca. Bu ərəfədə ölkədə müxtəlif özəl banklar yarandı. Əvvəllər cəmi bir bankımız  vardı, pul da nə qədər desən. Amma bank bolluğunda pul qıtlığı yarandı. Bir "Vahidbank" yaradılmışdı... guya xalqı çox sevirdi. O da bir yandan başlamışdı adamlarımızı "yolmağa". Nəhayət onun özünü də tutub yolan bir adam tapıldı. Ölkədə alternativ milli valyuta yaratmışdı, mağazalar şəbəkəsini tor kimi qurmuşdu və xalqın pullarını kənara çıxmağa qoymur, özü "tuturdu",.. Tutub basdılar "içəri" və orada başladı çarpayılar üçün dəmir tor ("setka")  hörməyə. Xalqımızı "qaz" bilib yolmaq həvəsində olan bir deyil, beş deyil. Hamı yalnız öz xeyrini, öz mənafeyini düşünür, ictimai mənafeyi nəzərə alan ya bir olar, ya iki. Adamların təkcə maddi sərvəti, pulu əlindən alınmaqla yolunmur ki. Mənəviyyatın yolunması, imanının əlindən alınması, dəyərlərin müflis olunması da var. Adını çəkmək istəmirəm, eldən ayıbdır, birisi də 2003-cü ildə arenaya atıldı. Bəli, həm də futbol arenasına. Adam guya ki, öz şəxsi vəsaitini sərf edib futbol komandası yaratdı, stadion tikdi,.. Amma indi məlum olur ki, komandanın oyunlarını futbol qumarına qoyub, yaxşıca pul udur, prezidenti olduğu şirkətin vəsaitini futbol adı ilə israf edib (şirkəti "yolub"), öz şəxsi vəsaitinə çevirir. İnsanların inamını "yolmaq" pulunu almaqdan betərdir. Yolma prosesindən din xadimləri də kənara qalmayıblar. Onlar da, ziyarətgahlarımızı "yolurlar". Mən hələ müqəddəs  Həcc ziyarətini "yolub", əldə etdiyi böyük qazanc hesabına İslam dünyasında təfriqə salan, müsəlman dövlətlərini sionizmin ağzına atan vəhabi Səudiyyə Ərəbistanını və onun keçisaqqal şeyxlərini demirəm. Bizdə yolma prosesində çoxları iştirak edir. Guya ki, sıravi adamlar "yolma" prosesindən kənardadırlar və məzlum "qaz" obrazını yaradırlar? Əsla yox! Novruz bayramı ərəfəsində iri buynuzlu alverçidən tutmuş xırda buynuzlu alverçiyə qədər - hamısının bazar münasibətlərinə diqqət verək. Qollarını çırmalayıb xalqı "yolmağa" girişirlər. Həmin ərəfədə dünyanın iqtisadi və bazar qanunları Azərbaycanda pat vəziyyətinə düşür. Nöşün ki, adətən mal bolluğu olduqda qiymətlər aşağı düşürsə, bizdə bazarlar Novruz töhvələri ilə zıp vursa da, qiymətlər iki qat, üç qat qalxır. Bu ərəfədə hamı alıcıları ətlik qaz kimi "yolmaqdan" savayı bir şey düşünmür. Guya bununla milyarder olacaqlar! Amma elə tülüngülərdən hər hansı birirnin artdığını bir kimsə görübmü? Növbəti Novruza kimi yenə də bazarlarda, piştaxta arxasında, çoxu isə hamamdan və arvad-uşaqdan aylarla uzaq məsafədə durur. "Qaz" guya təkcə bazarlarda gözlənilir? Mənzil təmir etdirən  müştəri də usta və prorabların əlində "qaz" kimi yolunur. İşin başının üstündə durmasan  sənə o qədər  üzlük material və digər şeylər aldırırlar ki, bununla 3-4 mənzil təmir etdirmək olar. Hətta orta məktəblərdə də valideynləri qaz hesab edib, onlara "yolmaq" məqsədilə yanaşırlar. Müəllim sinifdə qəsdən yaxşı dərs keçmir. Dərs öyrənmək istəyən uşağın valideyninə  çatdırılır ki, əgər onun uşağı ali məktəbə qəbul olmaq istəyirsə, gərək repetitor yanına getsin, daha doğrusu, "gəlsin"!  Bu isə valideynin hər əsas fənnə görə repetitor müəllimə ən azı 30 manat ödəməsi  deməkdir. Əgər məktəb pulsuzdursa, bəs onda valideyn nə üçün hər ay təhsilə ən azı 120-150 manat pul xərcləməlidir? Deməli, müəllim başqa hallarda "qazlanmasının" hayıfını çıxır və o da valideyni "qazlayır". Məktəb direktoru isə kitab-dəftər, tamaşa-konsert biletləri, məktəbli geyimi sırımaqla valideynləri "yolur". Bu şeylərdən ona faiz çatır axı.  Ali məktəblərdə... Hərçənd ki, kiçik bir respublikada 46 ali məktəbin olmasının  özü  xalqın təhsilə olan ümummilli marağının "yolunması" məqsədlərindən xəbər verir. Özəl, yəni pullu ali təhsil verən universitetdə müəllimlərin imtahanlar zamanı tələbədən pul alması onu əsil "qaz" hesab edib "yolması" deməkdir. Halbuki o tələbənin  təhsil haqqı ödəyən valideyni övladına imtahandan keçə biləcək səviyyədə bilik vermədiyinə görə həmin ali məktəbin rektorunun qalstukunu sıxa bilər. Amma o özü də özünü "qaz" qəbul edərək, "yolunmasını" rəva bilir. "Yoluna-yoluna" ali məktəbi bitirən və bir də "yolunub" diplom alan məzun bu "yolunmaların" hayıfını sabah cəmiyyətdən çıxmayacaqmı? Deməli, bu ardıcıllıqla "yolunma" prosesi davam edəcək.
Bəzi ali məqamlı məmurlar həm xalqı, həm də dövləti "yolurlar". Abadlıq-quruculuq işlərinə, xüsusən də böyük imfra-struktur layihələrin icrasına ayrılan   böyük vəsaitlərin neçə faizi gerçəkləşdirirlir ki? Büdcə vəsaitinin "yolunmasının" qarşısını almalı olan nəzarət-təftiş orqanları isə orta təbəqəli məmurları "yolmağa" gəlir. Onlar itib-gedəndən sonra bu müdirlər, rəislər, sədrlər özlərindən aşağı pillədə durmuş işçiləri "yolmağa" başlayır. Sıralama gedib sadə xalqa çatır.
  Xalqı isə "yolmaq" olmaz! Xalqı "yolanın" özünü cənab Haqq "yolar"!  Amma bu vəziyyətdən bir dərs çıxardan varmı?  Kərbəlayisindən tutmuş hacısına qədər- alnı möhürdən ayrılan kimi  yalnız baha satmaq və daha çox qazanmaq barədə düşünür. Qədimlərdə ölən varlı adamı  torpağa basdırarkən onun üçün bir yeraltı ev düzəldər, yanında qızıldan-gümüşdən  hər nə qoyardılar. Böyük ehramlar-sərdabələr tikdirməyə ağlı-elmi çatan firoonlar anlamırdı ki, dünya malı dünyada qalacaq. İslam bir daha dəqiq məlum etdi ki, öləndən sonra o biri dünyaya kimsə özü ilə  maddi nemətlər apara bilməyəcək. Apara biləcəksə, o da rəhmət olacaq. Rəhməti isə başqalarını istər ticarətdə, istər iqtisadiyyatda, təsərrüfatda, sənayedə, istərsə də siyasətdə aldatmaq və "qaz" bilib "yolmaqla" qazanmaq olmaz! Bunu hamı bilir! Amma hamı əməl edirmi? Deməli, bir çoxları öz inamını da  aldadır, özü-özünün  əqidəsini  "qaz"  bilib "yolur". Çünki başqasını "qaz" bilənin özünü də bir başqası "qaz" bilib "yolacaq"!
Guya digər MDB ölkələrində "qazçılıq" təsərrüfatları pis işləyir? Rusiyanın elə bircə "QAZprom"u bütünlüklə ölkəni "qazlamağa" yetər. Orada qazı əzizləyib "qus" deyirlər. Yığma futbol komandasının başına da bu sevgidən irəli gələrək, hollandiyalı məşqçi QUS Hildinqi gətirmişdilər.           
QAZaxstanda "yolma" prosesinə münasibət barədə dərindən düşünməyə  dəyməz! Məncə orada əsl vəziyyət QAZaxcadır.))) Bir ayrı yerdə olmasa da, gərək QAZaxstanda qaza abidə qoyula! Ən azından ikiayaqlı qaza abidə qoyula bilər.
  Kimsə qeyd olunan bu cür "qazçılığa" qarşı mübarizənin qeyri-mümkünlüyü iddia edə bilər. Əlbəttə, ona qarşı mübarizə yalnız o halda mümkün ola bilər ki, insanlar öz qəlbində, öz nəfsinin üzərində qaza yox, haqqa-ədalətə abidə ucalda bilsin! Əks təqdirdə... rus dilli uşaq baxçalarında oxunan bir populyar mahnını  hamılıqla və xorla oxumaqda davam edəcəyik:
                                      "Qusi, qusi... qa-qa-qa!
                                        Yest xotite? Da-da-da!" 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00