“Ruhanini Obama ilə görüşməyə Kreml qoymayıb” - FİKİR

Qabil Hüseynli: “Rusiya İran vasitəsilə hazırladığı oxu ABŞ və Qərbə qarşı çevirməyi planlaşdırır”

Nyu Yorkda səfərdə olan İran nümayəndə heyəti ABŞ və İran prezidentlərinin görüşünü təşkil etmək üçün ABŞ-dan gələn təklifi qəbul etməyib. İran tərəfi prezidentlər Həsən Ruhani və Barak Obama arasında görüş keçirilməsi məsələsini "çox mürəkkəb məsələ" kimi qiymətləndirib.

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, İran tərəfi Obamanın çıxışına etiraz olaraq prezidentlərin görüşünün keçirilməsini istəmədi. ABŞ prezidentinin çıxışında İranın nüvə proqramının əsl məqsədlərini izah etdiyini deyən Q.Hüseynlinin sözlərinə görə, uranın saflaşdırılması məsələsini ortaya qoydu. Obama qeyd etdi ki, uran yalnız nəzərdə tutulmuş normaya uyğun olaraq yalnız 28% saflaşdırıla bilər: "Lakin İran hal-hazırda uranın 32% saflaşdırılması üzərində işləyir, bu isə atom bombasının hazırlanması üçün xam material hesab olunur. Rusiya da digər tərəfdən Ruhanini Obama ilə görüşdən çəkindirdi. Çünki Kreml İranı öz təsir dairəsində saxlamağa çalışır. Rusiya İran vasitəsilə hazırladığı oxu ABŞ və Qərbə qarşı çevirməyi planlaşdırır. Ümumiyyətlə hal-hazırda İran və Rusiya beynəlxalq siyasət arenasında destruktiv fəaliyyət göstərir. Bu nəticə isə heç də dünya üçün yaxşı şeylər vəd etmir". ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00