Fransanın siyasi rəhbərlərinin heç biri Makron qədər erməni olmayıb
29 Mart 2024 14:20 SiyasətFransa-Ermənistan münasibətləri tarixən eyni məqsədə, eyni amala xidmət edib. Məhz bu məqsəd və amal iki dövlətin ortaq maraqlarına çevrilib. Terrorizm, separatizm və müstəmləkəçilik ideyaları ətrafında birləşən bu dövlətlər tarixin müxtəlif dönəmində ən yaxın müttəfiq olublar. Məlumat üçün qeyd edək ki, müasir dövrdə Fransa və Ermənistan arasında diplomatik münasibətlər 24 fevral 1992-ci ildə qurulub. 1998-ci ildə Fransa Milli Assambleyası ölkənin 1915-ci ildəki erməni soyqırımını tanıdığına dair bir qərar qəbul edib. Bu addım Türkiyənin kəskin etirazına səbəb olmasına baxmayaraq, 2006-cı ildə Fransada Ermənistan ili elan edilib. Ermənistanın çox az sayda fransız dilli əhalisi olmasına baxmayaraq, Fransa ilə tarixi əlaqələri nəticəsində bu ölkə 2018-ci ildə Frankofoniya dövlətlərinin zirvəsinə ev sahibliyi etmək üçün seçilib. Hazırda Ermənistandakı Fransız Universitetində fransız dili tədris olunur.
Etiraf edək ki, sözügedən dövlətlərin bu qədər yaxın münasibətdə olmasında onların siyasi rəhbərlərinin xüsusi rolu olub. Ancaq Fransanın siyasi və ali rəhbərlərinin heç biri Emmanuel Makron qədər erməni olmayıb. Bütün həyat fəaliyyətini, siyasi karyerasını "kiçik bacısının" müdafiəsinə həsr edən Makron hazırda erməni diasporasının maddi və mənəvi dəstəyindən asılı qalıb. Gələcək siyasi karyerasının erməni diasporunun mövqeyindən asılı olduğunu yəqin edən Makron hətta bəzi Avropa dövlətləri və beynəlxalq təşkilatları da ermənilərin müdafiəsinə cəlb etməkdən belə çəkinmir. Görünür, ümidini Fransa vətəndaşlarının dəstəyindən üzən Makronun canını Ermənistan uğrunda fəda etməkdən başqa yolu qalmır.
Ancaq "başı kolda, quyruğu çöldə" olan Makronun belə siyasi fəaliyyəti ölkə ictimaiyyətinin diqqətindən yayınmır. Belə ki, Yelisey sarayının tezisləri ilə işləyən "Le Fiqaro" qəzeti yazır ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir. Əvvəlcədən qeyd etmişdim ki, "Fransanın siyasi və ali rəhbərlərinin heç biri Emenuel Makron qədər erməni olmayıb". Lakin əlahəzrət ədalət Makronun başı üzərində "demokl qılıncı" kimi hərlənir. Yəni, Makron nə qədər canfəşanlıq etsə belə, onun Azərbaycana qarşı təşəbbüsləri nəticə vermir. Xüsusən, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra fəallaşan Fransanın atdığı addımlara elə öz müttəfiqləri tərəfindən sipər çəkilib. Sözügedən məqalədə də etiraf olunduğu kimi ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmadı. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron "erməni məsələsini" Roma Papası ilə də müzakirə etmək istəyib və Roma Papasını ziyarət edərkən, özü ilə ermənipərəst yazıçı Sylvain Tessonu da aparmışdı ki, sonuncu Ermənistanla bağlı məsələni qaldırsın. Amma Vatikandan da istədiyi dəstəyi ala bilməyib.
Makronun təşəbbüslərinin reallaşmadığı etiraf edilən məqalədə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı təhrif olunmuş məqamlar da əksini tapıb. Belə ki, Prezident İlham Əliyevin seçkilərdə 97 faiz səs qazanmasına şübhə ilə yanaşılıb. Əslində belə müqayisənin aparılması Makronun Prezident İlham Əliyevə məğlub olduğunun etirafı anlamına gəlir. Makron Prezident İlham Əliyevə məğlub olduğunu etiraf etmək istəmədiyindən belə məlumatları sızdırmaqla Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-nin, Vatikanın və digərlərinin üzərinə atmaq istəyir. Birmənalı şəkildə qeyd edilməlidir ki, sözgedən məqalə Fransa hakimiyyətinin və şəxsən prezident E.Makronun Azərbaycana qarşı son dərəcə qərəzli olmasının ifadəsidir. Aydın olur ki, Makron təkcə ölkəmizdə deyil, eləcə də Fransanın özündə məkrli siyasi şəxs olaraq qərəzli və ziddiyyətli dövlət başçısı imicini qazanıb. Onun Azərbaycana qarşı qərəzli münasibəti, ermənipərəst mövqedən çıxış etməsi elə sözügedən məqaləda ifşa olunub. Ancaq "qozbeli qəbir düzəldər" deyib atalar. Makron fəaliyyəti dövründə ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilib və çətin ki, bundan sonra siyasi karyerasını korrektə edə. Məsələ orasındadır ki, bundan sonra da Makronun ölkəmizə qarşı bütün qərəzli təşəbbüsləri fiaskoya uğrayacaq. Çünki, Azərbaycanın mövqeyi haqlı və ədalətlidir, beynəlxalq hüquqa söykənir. Bu prinsipi dəyişmək isə Makronun siyasi karyerası xaricindədir.
Alim