ABŞ və Avropa regionu yeni fəlakətə sürükləyir
29 Mart 2024 11:36 SiyasətHərbi pakt Azərbaycana qarşı təzyiq və müdaxilə planının tərkib hissəsidir
Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etməsi bir sıra dünya ölkələrinin rahatlığını əlindən alıb. Ermənistanın sülh sazişini bağlamağa hazır olmasına baxmayaraq bəzi Avropa dövlətləri prosesə müdaxilə etməklə buna maneə olmağa çalışırlar. Hətta Ermənistana "yağlı vədlər" verərək onun hərbiləşdirilməsini ön plana çəkirlər. İran, Hindistan, Fransa, Almaniya kimi ölkələrin təcavüzkar dövlətə təmənnasız silah-sursat ötürməsi heç də təsadüfi sayıla bilməz. İndi isə ABŞ və Avropa Ermənistanla hərbi ittifaq yaratmaq niyyətinə düşüb. Söhbət 5 aprel 2024-cü il tarixində Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanması və Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsindən gedir. Qətiyyətlə etiraf edilməlidir ki, burada söhbət faktiki olaraq hərbi paktdan gedir və bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. Deməli, ABŞ və Avropa regionu yeni qeyri-sabitlik və fəlakətə sürükləyir. Birmənalı olaraq, sözügedən hərbi pakt Ermənistanın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycana qarşı isə hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir. Heç kim təminat verə bilməz ki, bu hərbi pakt imzalandıqdan sonra Ermənistanda revanşist qüvvələr baş qaldırmayacaq. Deməli, ABŞ Ermənistanda revanşist qüvvələr hazırlayır. Əslində ABŞ-nin belə bir niyyətinin olması sirr deyil. Məlumdur ki, ABŞ və Avropa Azərbaycanın güclənməsi, öz ərazilərini azad etməsi faktı ilə barışmaq istəmir. 44 günlük Vətən müharibəsindən sonra Qərb Qarabağda "Kosovo variantı" hazırlayırdı, buna görə 3 il ərzində "Humanitar fəlakət" bəhanəsi ilə Azərbaycan və şəxsən Prezident İlham Əliyevə qarşı təzyiq kampaniyası aparıldı. Görünür bu təzyiqlərin səmərə vermədiyini görən, Avropa konkret addımlar atmaq qərarına gəlib.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər: "Vaşinqton görüşün "Bakı və İrəvan arasında sülh danışıqlarına aid" olduğunu, rəsmi İrəvan isə "üçüncü tərəfə qarşı olmadığını" desə də, Brüsseldə Ermənistanın "təhlükəsizliyinin gücləndirilməsi" adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı haqda məlumatlar var. Birincisi, Azərbaycan Xarici İşlər Nazirliyinin "Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir" açıqlaması rəsmi Bakıda bu haqda informasiyaların olduğunu göstərir. İkincisi, ötən ilin 5 oktyabrında Qranadada Paşinyanla görüşən Ursula fon der Leyen "Avropa İttifaqı və ABŞ-ın Ermənistana dəstək məqsədilə birgə planının hazırlandığı" açıqlamasını vermişdi, aprelin 5-də keçirilən görüş də bu planın rəsmiləşməsi məqsədi daşıyır: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ötən həftə bildirdi ki, "Brüsseldə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın aspektləri müzakirə ediləcək, tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır".
Onun sözlərinə görə, Ermənistanın "müqavimətinin gücləndirilməsi" tədbirlərinin Qərbin Rusiyanı bu ölkədən çıxarmaq və Cənubi Qafqazda Moskvaya qarşı yeni cəbhə açmaq planının tərkib hissəsi olduğu bəllidir. İrəvanın Aİ müşahidəçilərini bölgəyə gətirməsi, Fransa tərəfindən silahlandırılması kimi ayrı-ayrı komponentlər ABŞ-Aİ hərbi paktı ilə bütövləşə, Qərbin kollektiv dəstəyinə çevrilə bilər. Bu vəziyyət bütövlükdə regiona qeyri-stabillik vəd edir. Çünki Ermənistanın Qərbin kollektiv hərbi dəstəyini əldə edəcəyi təqdirdə iki istiqamətdə hərəkət edəcəyi ehtimalı böyükdür: "Rusiyadan sürətlə xilas olmaq məqsədilə rus hərbçilərinin ölkədən çıxarılması istiqamətində addımlar atacaq, artıq sərhədçilərin çıxarılması gündəmdədir. Spiker Alen Simonyanın son açıqlamaları bu kontekstdə xüsusilə diqqət çəkir. Rus sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması məsələsinin artıq həll olunduğunu deyən spiker Alen Simonyan bildirib ki, "onların Türkiyə ilə sərhəddən çıxarılması müzakirə edilmir", lakin əlavə edib ki, "Türkiyə Ermənistana hücum edərsə, Rusiya sərhədçilərinin nəsə edəcəyinə şübhə ilə yanaşır". Bu o deməkdir ki, İrəvanın növbəti addımı rus hərbçilərinin sərhəddən də tamamilə çıxarılması olacaq. Daha sonra Gümrüdəki 102-ci baza məsələsi gündəmə gələcək. Bu addım hələki ritorik müstəvidə reaksiya verən Rusiyanın praktiki müstəvidə hərəkətə keçməsini şərtləndirə bilər. Ki, bu da Ermənistanda və bu ölkə üzərindən bölgədə qlobal toqquşma təhlükəsini yaradır. Belə bir toqquşma riski həm də Azərbaycan-Ermənistan sülh danışıqları prosesini arxa plana keçirə bilər".
Onun bildirdiyinə görə, Qərbin kollektiv dəstəyini alan Ermənistanın Azərbaycana qarşı revanşizm siyasətinə yenidən qayıtması riski də var. Ən azı rəsmi İrəvan Bakı ilə indiki kimi "dil tapmağa çalışan" mövqe sərgiləməyəcək: "Əslində 44 günlük müharibədən sonra Ermənistan sülh sazişini bölgədə şərtlərin dəyişməsi ümidi ilə daim təxirə salırdı. Qarabağda erməni separatizminin ləğvinə qədər bu kartdan istifadə etməyə çalışdılar, lakin Azərbaycan suverenliyini bərpa etməklə prosesdə güclü tərəfə çevrildi. Bakı indi də güclü tərəfdir, amma Aİ və ABŞ-ın İrəvana birgə dəstəyi bölgədəki tarazlığı əleyhimizə çevirə, yaxud ən azı bu tarazlığı poza bilər. Aydındır ki, bu dəstəyi hiss edən Ermənistan həm kommunikasiyanın açılması, həm də sərhədin delimitasiyası məsələsində konstruktiv mövqedən yayınacaq və öz şərtlərini diktə etməyə çalışacaq. Bölgədəki maraqlarını bu ölkə üzərindən həyata keçirən Qərbin də Ermənistanı dəstəkləyəcəyi, Azərbaycanı "razı salmaq" məqsədilə təzyiqlər edəcəyi görünən perspektivdir. Bu baxımdan, 5 aprel görüşü həm region, həm də Azərbaycan üçün risklər vəd edir. Bu riskli perspektivin qarşısını regional ölkələrin-Rusiya, Türkiyə, İran - kollektiv mövqeyi-addımı ala bilər, çünki Ermənistan üzərindən açılan cəbhə təkcə Azərbaycana yox, bu ölkələrin bölgədəki maraqlarına qarşıdır".
Alim