Yeni müxalifət kimlər olacaq? - SİYASİ ŞƏRH

Ənənəvi müxalifətin inhisarçılığı başa çatır

Prezident seçkilərindən sonra Azərbaycanda yeni müxalifət yarana bilər. Bu fikir həm iqtidar, həm də müxalifət mənsublarının, müstəqil politoloqların dilindən dəfələrlə səslənib. Hesab olunur ki, 2003 və 2005-ci il məğlubiyyətindən sonra sıraları seyrəlmiş ənənəvi müxalifət ciddi təlatüm dövrü yaşayır və yenilənmə vacibdir. Yeni müxalifətin yaranmasının iki yolu qeyd olunurdu. Bunlardan biri mövcud partiyalar daxilində nəsil dəyişikliyi, ikincisi, yeni qüvvələrin meydana gəlməsi. Mövcud partiyalar daxilində nəsil dəyişikliyi yalnız bir halda mümkün olub. Təcrübəli siyasətçilər partiyanı tərk edib, onların boş qalmış yerinə gənclər təyin olunub. AXCP-də bu cür hallar olub. Fuad Qəhrəmanlı, Sahib Kərimov, Razi Nurullayev sədr müavini olublar. Müsavatda isə yenilik yoxdur. Yalnız Mustafa Hacıbəyli başqanın müşaviri təyin olunub ki, bu vəzifənin də funksionallığı yoxdur. Yalnız adı var. Müsavatda iş başında 1993-cü ildə katib olanlardır. Artıq 5 ildir ki, "başqanlıqdan gedəcəyəm" desə də, İsa Qəmbər hələ də partiyanın rəhbəridir. Arif Hacılı, Zöhrab Məhərrəmli öz yerlərindədir. Yaxın vaxtlarda onların postlarından gedəcəyi istisnadır. Divan üzvlərinin çoxu da dəyişməyib. KXCP, ADP, ALP də də analoji vəziyyətdir. Rəhbərlikdə eyni simalar təmsil olunur. Bu partiyalarda nəsil yenilənməsi sadəcə, mümkün deyil.
Müxalifətin yenilənməsinin ikinci yolu yeni qüvvələrin meydana gəlməsidir. Milli Şuranın yaranması, vahid namizədin qəbul olunması ənənəvi müxalifətin çıxılmaz durumda olduğunu göstərdi. Məlum oldu ki, köhnələr liderlik potensialını itiriblər. Kənardan vahid namizəd gətirməklə onlar seçkilərin məsuliyyətindən də azad olmaq istəyirdilər. Hələ ki proses ənənəvi müxalifətin istəyinə uyğun gedir. Amma durum seçkidən sonra dəyişə bilər. Hələ seçki prosesindən öncə bir sıra gənclər təşkilatlarının köhnə müxalifət liderlərinin üzünə ağ olduğu görünürdü. Emin Milli, Ramin Hacılı və Nida liderlərinin açıqlamalaırını misal çəkmək olar. Onlar müxalifəti inhisara almış ənənəvi müxalifət liderlərinə olan qəzəbin ifadəsi idi əslində. Gənclik köhnə müxalifəti qəbul etmir. Bu faktdır. Hətta partiya daxilindəki gənclər belə qəbul etmir. Sadəcə onlar iqtisadi cəhətdən müstəqil deyillər deyə, müstəqil siyasi addımlar da ata bilmirlər. Emin Milli, Ramin Hacılı İsa Qəmbərin, Arif Hacılının partiya rəhbərliyinə gəldiyi yaşdadılar. Di gəl ki onlara yer yoxdu. Adamlar 20 ildir müxalifəti inhisara alıblar. Başqa partiya yaradan birmənalı şəkildə ləkələnir, aşağılanır. Amma seçkidən sonra bu ortam dəyişəcək. Ənənəvi müxalifətin təbliğat maşınının dişi sınacaq. Siyasi analitiklərin fikrincə, hazırkı müxalifət liderlərinin inhisarçılığına son qoyulacaq. Yeni təşkilatlar, özəlliklə də hazırkı partiyaların nəzarətində, himayəsində olmayan gənclər birlikləri yaranacaq. Real Alternativ Hərəkatının partiyaya çevriləcəyi və özünə kifayət qədər Avropa düşüncəli tərəfdar toplayacağı gözlənilir. Ramin Hacılının, Emin Millini siyasi proseslərin önündə görmək mümkündür. Yeni müxalif siyasi elitada
VHP-çi gəncləri, KXCP-dən qopmuş qrupdakı fəalları da görmək mümkün olacaq.
 

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00