Cəlilabad sakinləri də prezident İlham Əliyevi dəstəkləyir
Cəlilabad sakinləri prezidentə alternativ görmürlər
20 Sentyabr 2013 14:55 SiyasətSentyabr ayının 16-dan başlayaraq Cəlilabad rayonunda millət vəkilləri Mirkazım Kazımov və Malik Həsənov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov seçkiqabağı təbliğat kampaniyasına başlayıblar. Elman Nəsirov seçki kampaniyası haqqında "OLAYLAR"a bunları deyib: "Burada ayrı-ayrı kəndlərdə seçicilərlə görüşdən bu qənaətə gəlmişik ki, xalq bir mənalı şəkildə növbəti 5 il üçün ölkə prezidenti kimi məhz İlham Əliyevi qəbul edir. Prezidentin Cəlilabad rayonuna sentyabrın 4-də son səfəri zamanı Cəlilabadda yeni obyektlərin işə salınması, Cəlilabadın yüksəlişi, inkişafı göz önündə oldu". Politoloqun sözlərinə görə, bütün bunlar bir daha təsdiq edir ki, ölkə prezidentinin 10 il ərzində apardığı siyasət nəticə etibari ilə onu dəstəkləməsinə gətirib çıxardır. "Bu gün Cəlilabad rayonunda keçirdiyim görüşlər zamanı bir daha o qənaətə gəldik ki, Cəlilabad sakinləri cənab prezidentə alternativ görmürlər. Onlar cənab prezidentə ona görə səs verirlər ki, bu, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi kursudur. Sadəcə olaraq İlham Əliyev onun kursunu layiqli şəkildə davam etdirir və sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarını nəzərə alır" deyə politoloq vurğulayıb. Elman Nəsirov həmçinin hesab edir ki, nəticədə bu gün Azərbaycan sözün həqiqi mənasında çox yüksək inkişaf tempinə malikdir. Bunu hər bir cəlilabadlı öz üzərində də hiss edir. Və ona görə də bu siyasəti həyata keçirən şəxsə İlham Əliyevə səs verəcəklərini birmənalı şəkildə ifadə edirlər. "Bu gün biz yenidən bir neçə kənddə seçicilərlə görüşümüz oldu. Onların ümumi rəyi ondan ibarətdir ki, ölkə prezidenti cənab İlham Əliyevi dəstəkləyirlər" deyə E.Nəsirov bildirib.