“Digər namizədləri cənab İlham Əliyevlə müqayisə etmək ədalətsizlik olardı”-MİLLƏT VƏKİLİ
Musa Qasımlı: “Bu seçki kampaniyasının lideri İlham Əliyevdir”
19 Sentyabr 2013 18:29 SiyasətSeçkiqabağı təşviqat kampaniyası ilə bağlı mən hazırda Yardımlı rayonundayam. Burada seçicilərin seçkiqabağı əhval-ruhiyyəsi yüksəkdir. Bu sözləri "OLAYLAR"a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib. Millət vəkili bu günə qədər Yardımlı rayonun 8 kəndində seçicilərlə görüş keçirdiklərini qeyd edib. Musa qasımlının sözlərinə görə, həmin kəndlərin sakinləri bir mənalı olaraq cənab prezident İlham Əliyevi dəstəkləyirlər. Kənd sakinləri hesab edirlər ki, son 10 il ərzində Yardımlı rayonu özünün inkişafının qızıl dövrünü keçirir.
Professor Yardımlı rayonunun inkişafından danışıb: "Yardımlı rayonunda əhalinin şəraitinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülüb. Mərkəzləşdirilmiş su və kanalizasiya sistemi quraşdırılıb və istifadəyə verilib. Yardımlı-Masallı avtomobil yolu asfaltlaşdırılıb. Yardımlı rayonuna təbii qaz verilib. Bir neçə kənd artıq təbii qazdan istifadə edir və bu proses davam etdirilir. Kəndlərarası yollar və kəndləri şəhər mərkəzi ilə birləşdirən yollar abadlaşdırılır".
Millət vəkili cənab İlham Əliyevin Yardımlıda yüksək səs toplayacağına inanır və hesab edir ki, seçicilərin əksəriyyəti cənab İlham Əliyevə səs verəcək. Musa Qasımlı bildirir ki, digər namizədləri cənab İlham Əliyevlə müqayisə etmək ədalətsizlik olardı. Millət vəkili bildirir ki, bu seçki kampaniyasının lideri, favoriti cənab İlham Əliyevdir.