“Yenidən inqilabların olması təhlükəsi var” - FİKİR

Elman Nəsirov: “Misirin indiki hakimiyyəti daha çox hakimiyyətin digər qanadının formalaşması ilə məşğuldur”

Misirdə bir dəfə inqilab baş verdi. Daha sonra ikinci dəfə inqilab baş verdi. Belə olan vəziyyətdə sözün həqiqi mənasında Misir çox xaotik bir vəziyyətə düşüb. Bugünləri Misirdə sabitliyin formalaşması üçün heç bir münbit şərait yoxdur. Bu sözləri "OLAYLAR" İA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib. Gənc professor hesab edir ki, Misirin keçmiş prezidenti Məhəmməd Mursinin hakimiyyətdən getməsini beynəlxalq birlik və beynəlxalq birliyin əsas subyektləri qəbul edirlər. Ancaq buna baxmayaraq "Müsəlman Qardaşları" hərəkatı hesab edirlər ki, Mursi yeganə qanuni prezidentdir və belə olan təqdirdə baş verən son hadisələr dövlət çevrilişidir və Məhəmməd Mursi həm həbsdən azad olunmalı, həm də onun prezidentliyi bərpa olunmalıdır. Elman Nəsirovun sözlərinə görə, bu gün Misirdə hakimiyyətdə olan qüvvələr isə heç bir halda bunu qəbul etmirlər və sözün həqiqi mənasında bu gün Misirdə vətəndaş müharibəsi təhlükəsi hələ də var və qalmaqdadır.

Elman Nəsirov hesab edir ki, bu gün Misirn indiki hakimiyyəti daha çox hakimiyyətin digər qanadının formalaşdırılması ilə məşğuldur. Politoloqun sözlərinə görə, Misir parlamentinə seçkilərin keçirilməsi məsələsi ən aktual məsələyə çevrilib. Amma "Müsəlman Qardaşları" indidən istənilən seçkinin nəticələrini tanımayacaqlarını bəyan ediblər. Elman Nəsirov qeyd edir ki, "Müsəlman Qardaşları"nın bu cür bəyanat verməsi Misirdəki vəziyyəti daha da mürəkkəbləşdirir.

Professor hazırkı vəziyyətdə Misirlə bağlı proqnoz verməyin çox çətin olduğunu vurğulayır. Elman Nəsirov Misirdə baş verən proseslərin mənfi cəhətlərini bu cür şərh edir: "Başqa ölkələrdə də, xüsusilə də qonşu ölkələrdə dövlət çevrilişləri baş vermiş və suveren hakimiyyət formalaşmışdır. Bunun ardınca inqilabların olduğu ölkələrdə yenidən inqilabların olması təhlükəsi var, bu isə ölkəni xaosa aparır. Reallıqlar nəticə etibarilə ona gətirib çıxarır ki, həmin ölkələr bir neçə on illər geri düşürlər. Hal-hazırkı vəziyyətdə indiki Misir hakimiyyəti hakimiyyətin strukturlarının formalaşdırılması, yəni hökumətin təşkili, parlament seçkilərinin keçirilməsi və s. kimi məsələləri gündəmə gətirsələr daha yaxşı olar. Amma onun nə dərəcədə reallaşacağı məsələsi sual altındadır, çünki "Müsəlman Qardaşları" heç bir yeni hakimiyyət dəyişikliyini qəbul etmir. Elə buna görə də indidən seçkilərin nəticələrini tanımayacaqlarını bəyan edirlər.

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00