“Təyyarədə Sərkisyan olsa belə məhv ediləcək” - AÇIQLAMA

Akif Nağı: “Ermənilərin növbəti axmaqlığı Qarabağın geri qaytarılması üçün əlavə imkan yaradacaq”

Xocalı hava limanı 15 gündən uçuşa hazır olacaq - erməni "Aykakan Jamanak" qəzeti belə yazır. Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, Ermənistan iki ildir ki, Xocalı aerportunun istifadəyə verilməsinə cəhd edir. Sərkisyan hakimiyyəti sadəcə olaraq "aeroport kartı"ndan qondarma "Qarabağ Respublikası"nın təbliği üçün istifadə edir. A.Nağı hesab edir ki, Ermənistanın Xocalı aeroportuna ehtiyacı yoxdur, çünki işğal altında olan Azərbaycan torpaqlarında demək olar ki, mülki insanlar yaşamır. Hər dəfə erməni hakimiyyəti hikkə ilə bildirir ki, hava limanını yaxın müddətə istifadəyə verəcək. İki ildir ki, eyni nağıla qulaq asırıq. Sədr qeyd etdi ki, beynəlxalq təşkilatlar da Azərbaycanın haqlı mövqeyini nəzərə alaraq Xocalı aerportunun istifadəyə verilməsinə icazə vermirlər: "Avropa təşkilatları məsələ ilə əlaqədar sənəd hazırlayıblar və orada bildirilir ki, hava limanının istifadəyə verilməsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirəcək. Dünyanın məsələ ilə əlaqədar ictimai rəyi Azərbaycanın lehinədir. Xocalıdan qalxan təyyarənin içərisində Sərkisyan olsa belə Azərbaycan onu məhv edəcək. Rəsmi Bakı da bir müddət əvvəl qəti şəkildə bildirmişdi ki, Azərbaycan tərəfi hava limanında baş verən hərəkətliliyə silah yolu ilə cavab verəcək. Bu baş versə Qarabağda ikinci hərbi əməliyyatlar başlayacaq. Erməilərin növbəti axmaqlığı Qarabağın geri qaytarılması üçün əlavə imkan yaradacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00