“Seçkilərdən sonra Azərbaycanda yeni müxalifət formalaşacaq” - MÖVQE
Elçin Mirzəbəyli: “Köhnə müxalifətin düşdüyü çətin vəziyyət özünü Cəmil Həsənlinin namizədliyi üçün aparılan kampaniyada büruzə verir”
19 Sentyabr 2013 15:59 Siyasət"Cəmil Həsənlinin namizəd seçilməsi, Milli Şuranın yaranması, quruma daxil olan və özlərini Elçibəy və Rəsulzadənin davamçıları hesab edən qüvvələrin Rusiya çətiri altına yığılması, Azərbaycanın milli maraqlarına zidd siyasət yürütməsi 1989-cu ildən qalma müxalifəti bitirdi" - "OLAYLAR"a açıqlamasında BAXCP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli belə deyib. E.Mirzəbəyli hesab edir ki, müxalifətin düşdüyü çətin vəziyyət özünü Cəmil Həsənlinin namizədliyi üçün aparılan kampaniyada büruzə verir: "Artıq müxalif düşərgədə acınacaqlı vəziyyət yaranıb. Onlar tamamilə xəyal qırıqlığına uğradılar. Milli Şurada təmsil olunan bütün siyasi partiyalar proseslərdən kənarda qalacaq". BAXCP rəsmisi hesab edir ki, Azərbaycan siyasətində yeni müxalifət formalaşır. Ölkədə yeni siyasi münasibətlər gətirməyə çalışan gənc qüvvələr var: "Payızda keçirilən seçkilərdən sonra həmin qüvvələr sıradan çıxmış ənənəvi müxalifətin yerində möhkəmlənə biləcəklər". ("OLAYLAR" İA)