“Azərbaycan Gürcüstanın təhlükəsizliyinin qarantıdır” - FİKİR
Razi Nurullayev: “Gürcülərin Azərbaycanadan üz döndərməsi bu ölkəyə baha başa gələ bilər”
19 Sentyabr 2013 15:57 SiyasətGürcüstanda keçiriləcək prezident seçkilərindən sonra vəziyyətin stabillikdən çıxması və qarışıqlığın yaradılması mümkün deyil. Çünki Bidzina İvanişvilinin hakimiyyəti dönəmində xalq arasında ciddi narazılıq yaranmayıb" - AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev "OLAYLAR"a açıqlamasında belə deyib. R.Nurullayev hesab edir ki, "Gürcüstan Arzusu" Koalisiyasının daxildə kifayət qədər yüksək reytinqi var. Bununla yanaşı Prezident Mixail Saakaşvilinin də nüfuzu qalxmaqda davam edir. Lakin gürcülər Saakaşvilinin getməsinə razıdır: "Seçkilərdə əsas mübarizə "Gürcü Arzusu" Koalisiyası ilə Saakaşvilinin Milli Hərəkatı arasında gedəcək. Amma Saakaşvili İvanişvili ilə mübarizədə yenə də məğlub olacaq. Dünya ictimaiyyəti və dünya birliyi Gürcüstanda keçiriləcək seçkilərin nəticələrini əvvəlcədən bilir. İctimai rəy də İvanişvilinin qələbəsinə əminliyini bildirir". Payızda keçiriləcək seçkilərdən sonra bu ölkədə Azərbaycan əleyhinə olan qüvvələrin hakimiyyətə gəlməsi ehtimalını dəyərləndirən R.Nurullayev bildirib ki, Gürcüstanda hansı qüvvənin hakimiyyətə gəlib gəlməməsindəna asılı olmayaraq Azərbaycanla heç bir halda çilingağac oynaya bilməz, Azərbaycanla diktə halında danışa bilməz. Bu ilk növbədə gürcülərin milli maraqlarına cavab verməyən hala çevrilə bilər. Gürcüstanın təhlükəsizliyinin qorunmasında, iqtisadiyyatına yatırımların edilməsində Azərbaycanın əhəmiyyətli mövqedə dayandığını deyən AXCP rəsmisinin sözlərinə görə, Azərbaycan Gürcüstana ən çətin vaxtlarında - Rusiyanın təzyiqlərinə baxmayaraq kömək edib, siyasi və iqtisadi güzəştlərə gedib, bu gün də Gürcüstana investisiya yatıran ölkələr arasında Azərbaycan liderdir: "Bu ölkənin bir sıra beynəlxalq əhəmiyyətli layihələrinin reallaşdırılmasında önəmli rola malikdir. Eyni zamanda Azərbaycan Gürcüstanın dünyada əhəmiyyətli təchizat ölkəsinə çevrilməsində əsas pay sahibidir. Ona görə də seçkilərdən sonra hakimiyyətə gələn qüvvənin Azərbaycanla başqa dildə danışması inandırıcı deyil. Gürcüstanın Azərbaycanadan üz döndərməsi gürcülərə baha başa gələ bilər". ("OLAYLAR" İA)