İrəvanı unutmayaq

"Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalı və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq". Bu sözləri prezident İlham Əliyev Qubaya səfəri zamanı səsləndirib. Müxalifət düşərgəsi nə zamansa İrəvana qayıtmağın real olmadığını deyir. Xatırladaq ki, İrəvanın tarixi Azərbaycan türk xanlığı kimi vətənin bir parçası olduğunu da ilk dəfə dövlət başçısı səsləndirib. Bu günlərdə başqa bir prezidentliyə namizəd Qüdrət Həsənquliyevin Azərbaycan Respublikasının "Şimali Azərbaycan Respublikası" adlandırılması təklifi yeni deyil. Ali Sovetə 1990-cı il seçkiləri zamanı bir sıra deputatlığa namizədlər, o cümlədən Vaqif Səmədoğlu bu təklifi platformalarına daxil etmişdilər. VHP sədri Sabir Rüstəmxanlı da bu təklifi səsləndirib. Güney Azərbaycanın varlığını duyurmaq üçün ölkənin ŞAR adlandırılması yaxşı olardı. Amma bir məsələ var ki, biz Azərbaycanın təkcə güneyini itirməmişik. Qərbi Azərbaycan torpaqlarında Ermənistan yaradılıb. Dərbənd və ətrafı Rusiya, Tiflis və ətrafı isə Gürcüstana  ilhaq edilib. Bəs o torpaqların taleyi necə olacaq? Biz tarixi torpaqlarımızdan vaz keçməməliyik. İtirib, sonra qısa zamanda barışa-barışa bu günümüzə gəlib çıxmışıq. 1501-ci ildə 2 milyon kvadratmetdən çox olan ərazilərimizin bu gün 86.6 min kvadrat kilometri qalıb. O da hüquqi olaraq. Faktiki olaraq daha azdır. Yəni 17 min kvadrat kilometri düşmən işğalındadır. Son 200 ildə qədim Azərbaycan torpaqlarında erməni dövləti qurulub, genişlənib. Erməni dövlətinin torpaqlaırmız hesabına genişlənməsini dayandırmağı bacarmalıyıq. Bunun üçün təkcə Qarabağ uğrunda savaş yetərli deyil. Biz hədəf qoymalıyıq. Hədəf İrəvan və digər dövlətlərin ərazilərində olan torpaqlarımız olmalıdır.

Bir müddət öncə ölkənin vilayətlərə bölünməsi təklif edilmişdi. O zaman bu ideya təhlükəli qiymətləndirildi və gündəlikdən çıxdı. Bəlkə də ölkənin inzibati bölgüsünün bu cür aparılması təhlükəlidir. Amma tarixi ərazilərimizi də unutmamalılyıq.  Rəsmi olmasa da, xalq arasında Yevlaxdan o yana Qarabağ, Goranboydan Qərbə Gəncəbasar, Gəncədən o üzə Qazax, Yevlaxdan Şərqə Şirvan, Salyandan cənuba Muğan adlanır. Biz heç olmasa qeyri-rəsmi olaraq bu tarixi vilayətlərin adlarını saxlaya bilərik. Ayrıca İrəvan quberniyası və ya vilayəti yaradıla bilər. Mərkəzi Gədəbəydəki Başkənd kəndi və ya Naxçıvan ərazisindəki sərhəd kəndlərindən biri seçilə bilər. Qoy, nəsillər İrəvan adlı torpağın var olduğunu unutmasınlar. Tariximiz şüurlardan silinməsin.

1988-ci ildə Yerevan deyəndə təsəvvürlərdə tarixi erməni şəhəri canlanırdı. Çünki Sovet ideologiyası beyinləri yumuşdu, bütöv bir nəsil beynəlmiləlçi yetişmişdi. Son 20 ildə ictimai şüurda çox şeylər dəyişib. Artıq ermənilərdən və Ermənistanda bəhs ediləndə, əksəriyyət bu xalqın Qafqaza sonradan gəlmə olduğunu, bu respublikanın isə Azərbaycan torpağı olan İrəvan və ətrafındakı torpaqların hesabına yarandığnı bilir. İdeoloji işi qənaətbəxş saymaq olar. Bundan sonrası artıq dövlətin atacağı əməli addımlardır. Bakıda İrəvan adını küçə və prospektlərə, meydanlara verməyin zamanıdır. İrəvan, Göyçə, Zəngəzur, Vedibasar, Dərələyəz, Çuxursəəd və digər adları xalq onsuz da yaşadır. Dövlətin də bu işə əl qoyması lazımdır.

Elman Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00