“Fərəc Quliyevin ideyası Azərbaycanın imicinə xələl gətirə bilər” Cümşüd Nuriyev - AÇIQLAMA
“Azərbaycan tərəfi Xankəndindən qalxan təyyarəni vurmalıdır ki, növbəti dəfə ərazi bütövlüyümüzə qəsd olmasın”
19 Sentyabr 2013 14:08 Siyasət"Ermənistan tərəfi bütün hüquq normalarını pozacağı təqdirdə içərisində mülki insanları daşıyan təyyarə müxtəlif vasitələrlə geri qayıtmağa, ya da başqa aeroporta enməyə vadar edilməlidir" - millət vəkili Fərəc Quliyev mətbuata açıqlamasında belə deyib. Politoloq Cümşüd Nuriyev hesab edir ki, Fərəc Quliyevin verdiyi bəyanat məntiqli deyil, çünki Xankədindən qalxan təyyarənin Ermənistan ərazisinə keçməsi üçün cəmisi 3-5 dəqiqə vaxt bəs edər. Xocalı aeroportundan qalxan təyyarənin işğal altında olan Ağdam və digər hava limanlarına endirilməsinin mümkün olmadığını deyən C.Nuriyevin sözlərinə görə, əslində Fərəc Quliyev bu açıqlamanı sensasiya xatirinə verib: "Millət vəklinin ideyası provakator fikirdir. Bunun həyata keçirilməsi Azərbaycan dövlətinin imicinə ziyan gətirəcək. Çünki həmin təyyarənin digər aeroporta endirilməsi mümkün deyil, ətraf ərazilərin hamısı Ermənistan tərəfindən işğal edilib. Lakin Azərbaycanın hava hücumundan müdafiə sistemi həmin müddət ərzində təyyarəni vurmaq gücündədir. Təyyarəni vurmaq üçün Azərbaycanın kifayət qədər güclü hərbi potensialı var. Azərbaycan tərəfi onu vurmalıdır ki, növbəti dəfə ərazi bütövlüyümüzə qəsd olmasın. Təyyarə uçsa beynəlxalq ictimaiyyət birmənalı şəkildə Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu birmənalı şəkildə qəbul edə bilər. Azərbaycan beynəlxalq hüquq konvensiyasının nizamnaməsinə uyğun olaraq Xankəndinən qalxan təyyarəni vurmaq səlahiyyətinə sahibdir". ("OLAYLAR" İA)