"Bu nə ziyalıya, nə də ki siyasətçiyə yaraşmayan hərəkətdir"

“Prezident, ilk növbədə, fiziki, əqli, mənəvi cəhətdən sağlam insan olmalıdır”

"Cəmil Həsənlinin etdiyi saxtakarlıqdan çox mənəviyyat məsələsidir. Hər hansı bir siyasi partiyanın və ya blokun lideri olasan, ölkə prezidentliyinə namizədliyini irəli sürəsən və prezidentliyə iddiaçı olasan, əlində fakt oldu-olmadı kimi gəldi tənqid edəsən, müəyən iddialar ilə çıxış edəsən və özün də belə cılız, mənəviyyatsız işlərlə məşğul olasan. Bu nə ziyalıya, nə də ki siyasətçiyə yaraşan hərəkətdir. Əgər, doğrudan da, xəstəliyin varsa, əmək qabiliyyətin məhduddursa, qısa müddətə fəaliyyət göstərmək imkanın varsa, sənin prezidentliyə namizədlikdə nə işin var? Sən həm öz yoldaşlarını aldadırsan, həm də öz xalqını, ictimaiyyəti aldadırsan ki, prezident ola bilərsən".Bu sözləri  millət vəkili Musa Quliyev prezidentliyə namizədliyi Milli Şura tərəfindən irəli sürülmüş Cəmil Həsənlinin saxta sənədlərlə təqaüdə çıxmasına münasibət bildirərkən deyib."Prezident, ilk növbədə, fiziki, əqli, mənəvi cəhətdən sağlam insan olmalıdır. Prezidentin işi çox ağırdır. Cənab prezident İlham Əliyevin fəaliyyətindən görürük ki, bütün günü rayonlardadır, bölgələri gəzir, müəyyən obyektlərin açılışında, təməl qoymasında iştirak edir. Xarici səfərlərdə olur, beynəlxalq tədbirlərə qatılır, xarici qonaqları qəbul edir, kadr qəbul edir, kadr göndərir. Göründüyü kimi, prezidentin işi ağır və müxtəlif çalarlıdır", - o əlavə edib.Musa Quliyev sual edir ki, əgər Cəmil Həsənlinin gözləri zəifdirsə, necə prezidentlik edəcək?"Əgər sağlamdırsa, yalnız dövlətdən fırıldaq yolu ilə ayda 2 min manat təqaüd almaq üçün bu işi edibsə, onda burada iki tərəf var. Həm bu işdən fayda görən insanların məsuliyyəti ortaya çıxmalıdır, həm də ki bu işi edən insanların məsuliyyəti ortaya çıxmalıdır. Əgər sübut olunsa ki, bu adam saxta sənədlərlə pensiya alıb, onda pensiya ödənilən müddətdən bu günə qədər olan məbləğ dövlətin büdcəsinə geri qaytarılmalıdır", - millət vəkili vurğulayıb.Qeyd edək ki, İctimai Televiziyada Azərbaycan prezidentliyinə namizədlərin ilk debatında prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə bağlı sənəd nümayiş etdirib və onun təqaüdə çıxması məsələsində müəmma olduğunu bildirib. Əhmədov Azərbaycanda təqaüdə çıxma yaşı 63 olduğu halda, Cəmil Həsənlinin iki il əvvəl rəsmən təqaüdə çıxdığını və keçmiş millət vəkili kimi aylıq 2 min manat təqaüd aldığını bildirib: "Amma siz 1952-ci ildə anadan olmusunuz və təqaüd yaşınıza hələ iki il var. Belə olan halda dövlət qurumlarını necə aldadıb təqaüdə çıxa bilmisiniz?" - Əhmədov sual edib. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00