Prezident İlham Əliyev seçki monitoqrinqinin I mərhələsinin favoriti oldu

Sentyabrın 18-də QHT Əməkdaşlıq Alyansının həmsədrləri - Rufiz Qonaqov, Yadigar Məmmədli və Rəfail Becanov Prezident seçkisinin uzunmüddətli monitorinqinin I mərhələsinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Rufiz Qonaqov çıxış edərək bildirib ki, seçki monitorinqinin I mərhələsi yekunlaşıb. Mərhələ 12 avqustdan 12 sentyabra qədər olan dövrü əhatə edib: "6 regionda artıq monitorinqlər yekunlaşdırılıb. "Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız?" sualına rəyi öyrənilən respondentlərin 89.32%-i İlham Əliyevə inandıqlarını bildiriblər. 7.94% Cəmil Həsənliyə, 0.91% İqbal Ağazadəyə, 0.55% Qüdrət Həsənquliyevə, 0.35% İlyas İsmayılova, 0.31% Sərdar Cəlaloğluna, 0.61% isə digər namizədlərə inandıqlarını deyiblər. "Bu gün seçki keçirilsə, kimə səs verərdiniz?" sualına cavabda da respondentlər tərəfindən birmənalı olaraq İlham Əliyev böyük üstünlüklə irəlidədir. 10 000 nəfərin 89.32%-i, yəni 8932 nəfəri İlham Əliyevə, 7.94%-i, yəni 794 nəfər isə Cəmil Həsənliyə, 2.74% isə İqbal Ağazadə, Qüdrət Həsənquliyev, İlyas İsmayılov, Sərdar Cəlaloğlu və digərilərinə "səs verədim" deyə cavab verib". Rəfail Becanov isə partiyalarla bağlı aparılan rəy sorğusu barədə məlumat verib. O, qeyd edib ki, bu sırada birincilik YAP-a məxsusdur: "Respondentlərin 8932 nəfəri, yəni 89.32%-i YAP-ın reytinqinin yüksək olduğu qənaətindədir. 2.45%-lə AXCP, 2.43%-lə Müsavat, 1.31%-lə KXCP, 1.12%-lə ALP, 0.91%-lə Ümid Partiyası digər yerlərdə qərarlaşıblar. 2.46% Ədalət, ASDP, MMP və digər partiyalar arasında bölünür". Yadigar Məmmədli çıxışında aparılan monitorinq zamanı heç bir qanun pozuntusunun aşkar edilmədiyini bildirib. Qeyd edək ki, monitorinq 6 regionu və 40 rayonu əhatə edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00