Müsavat-AXCP arasında soyuq savaş - SİYASİ ŞƏRH

Bu savaş müxalifətin birliyini dağıdacaq

Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunsalar da, Müsavatla AXCP arasında soyuq savaş davam edir. Vahid namizəd dəyişəndən sonra da tərəflər arasında savaş bitmir. Milli Şurada mərkəzdənqaçmanın güclənməsində, El hərəkatının dağılmasında, Lalə Şövkətin Şuradan uzaqlaşmasında  mühüm rol oynamış Müsavatdaxili qrupla AXCP heç cür barışmır. Müsavatdakı Arif Hacılı və Rauf Arifoğlu qrupu Milli Şuranın tamamilə dağılmasını, Rüstəm İbrahimbəyov siyasətdən uzaqlaşmasını istəyirlər. Onlar əslində Cəmil Həsənlini də istəmirlər. Amma Cəmil Həsənli daha sərfəlidir, İbrahimbəyova nisbətən. Çünki İbrahimbəyovun siyasətə gəlməsi köhnə siyasi sistemi yerindən  oynatmış, ənənəvi müxalifətə dəhşətli zərbə vurmuşdu. İlk dəfə olaraq ənənəvi müxalifət özü yaratmadığı, ideya müəllifi və qurucusu özü olmadığı birliyə qoşulmuş, bütün resurslarını başqa bir liderin öhdəsinə vermişdi. İbrahimbəyov sona qədər prezidentliyə namizəd olsaydı, işin sonu ənənəvi müxalifət üçün yaxşı bitməyəcəkdi. Seçkidən sonra İbrahimbəyovun iradəsi ilə yeni siyasi birlik yaranacaq, Müsavat parçalanacaq, kinorejissorun əlini çiyninə qoyduğu şəxs müxalifətin lideri olacaqdı. Müsavatdakı qrup məhz bundan narahat idi. Onlar həm öz perspektivlərini, həm də ümumilikdə partiyanı düşündülər. İsa Qəmbər də bu üzdən onları müdafiə etdi. İsa Qəmbər onsuz da siyasi rəqiblərindən (Əli Kərimli, Lalə Şövkət, Eldar Namazov və Rəsul Quliyevdən) pislik görmüşdü. Onu seçkiyə girib 2015-ci il parlament seçkiləri üçün bazarlıq imkanından məhrum etdilər. Bunu "ya İbrahimbəyov, ya da İbrahimbəyov" deyən Milli Şura üzvləri etdilər. Onlar Müsavat başqanına son zərbəni də vurmaq istəyirdilər.  Buna Rauf Arifoğlu qanadı imkan vermədi. AXCP ilə savaş məhz bu üzdən davam edir. Müsavat Milli Şuranı tamamilə bitirmək, qurumu İctimai Palata səviyyəsinə endirməkdə qərarlıdır. Arifoğlu və dostları Şurada yoxdular, amma İctimai Palatada söz sahibidirlər.  Bu üzdən onlar İctimai Palata formatına qayıtmaq, İbrahimbəyovu, Lalə Şövkəti, Rəsul Quliyevi dışlamaq istəyirlər. Amma bu siyasət birtərəfli aparılır. AXCP buna dəstək vermir. AXCP rəqibləri baş-başa buraxıb prosesdən güclü çıxmaq istəyir. Əslində, AXCP də İbrahimbəyovu ürəkdən dəstəkləmir.  Çünki İbrahimbəyovun dağıtmaq istədiyi sistem AXCP sədrini, funksionerlərini qazandırıb, varlandırıb. Sadəcə, AXCP Müsavatın İbrahimbəyovla, Rəsul Quliyev, Lalə Şövkətlə dalaşmasını istəyir, mümkün olduqca qovğanı alovlandırır. Tərəflərin bir-birini gücdən salması AXCP-nin xeyrinədir. Kim güclü çıxsa AXCP onun yanında olacaq. Müşahidələr göstərir ki, faktiki olaraq 4 tərəflə:İbrahimbəyov, Lalə Şövkət, Eldar Namazov və Rəsul Quliyevlə savaşan Müsavat bu mübarizədən məğlub çıxacaq. Böyük ehtimalla, partiya parçalanacaq. Gələn xəbərlərə görə, Milli Şura Müsavat başqanının qarşısına şərt qoyacaq: ya Milli Şuranı dağıdanların yanında ol, ya da bizim. Onlar "Şuranı dağıdanlar" deyəndə Rauf Arifoğlunu nəzərdə tuturlar. Son hadisələr göstərdi ki, başqan hələki Arifoğlunu dəstəkləyir. Amma radikal meyllər artarsa, İsa Qəmbər Arifoğlundan imtina edə bilər.  O halda ətrafında kifayət qədər adamı, əlində maliyyə və informasiya resursaları olan Rauf Arifoğlu yeni siyasi təşkilat yaratmaq haqqında düşünə bilər. Bu isə Müsavatın bölünməsi anlamına gəlir. Hər şey İsa Qəmbər seçimindən asılıdır. Başqan düz seçim etməsə, Müsavat müxalifət daxilindəki mövqeyini itirəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00