Deputatlarımız Avronest Parlament Assambleyasının seminarına qatılacaq
18 Sentyabr 2013 13:42 SiyasətMilli Məclisin deputatı, Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov və deputat Rasim Musabəyov Litvanın Vilnüs şəhərinə yola düşüblər. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, deputatlar burada Litva Parlamentinin vitse-spikerləri, xarici işlər nazirinin müavini, Litva-Azərbaycan parlament dostluq qrupunun üzvləri, xarici əlaqələr komitəsinin sədri, bu ölkənin parlamentində təmsil olunan Sosial Demokrat Partiyasının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparacaqlar. Sentyabrın 20-də isə Fuad Muradov və Rasim Musabəyov Avronest Parlament Assambleyasıının təşkil etdiyi "Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində Şərq tərəfdaşlığı" mövzusuna həsr olunmuş seminarda iştirak edəcəklər. Deputatların və ekspertlərin qatılacağı bu tədbirdə enerji təhlükəsizliyi barədə geniş müzakirələr aparılacaq, rəy və təkliflər dinləniləcək. Tədbirin sonunda seminarın yekunlarına dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.