Azərbaycana qarşı növbəti qərəzli mövqe

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun demokratiyadan kənar yanaşması

Bu günlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasının Azərbaycan Respublikası Prezidentinin 2013-cü il oktyabrın 9-da keçiriləcək seçkiləri ilə bağlı 1 nömrəli Aralıq Hesabatı yayılıb. Hesabatda Azərbaycanda seçkilərə hazırlığın gedişatına dair bir sıra fikirlər səsləndirilib ki, həmin fikirlərdə də qərəzli nüanslar özünü açıq şəkildə göstərməkdədir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının hesabatında Azərbaycana qarşı əksini tapan qərəzli məqamlardan biri prezidentliyə namizədlər arasında qadın namizədin olmamasıdır. Seçki Müşahidə Missiyası hesab edir ki, bununla Azərbaycanda gender bərabərliyi pozulmuş olur. Missiyanın bu qərəzli mövqeyinə cavab olaraq onu qeyd etmək yerinə düşər ki, gender bərabərliyi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə təmin edilib.  O  ki, qaldı namizədlər içərisində qadın namizədin olmamasına, demokratiyadan bəhs edən adıçəkilən qurum və onun Müşahidə Missiyası başa düşmür ki, heç kimi məcbur etmək olmaz ki, namizədliyini irəli sürsün. Əgər hansısa bir istimai-siyasi fəal qadın öz namizədliyini irəli sürsə və onun namizədliyinin qeydə alınmasında hansısa problem meydana çıxsaydı, o zaman ATƏT/DTİHB bunu əlində bayraq edə bilərdi. İndiki halda ATƏT/DTİHB-in sözügedən məsələni irad kimi göstərməsi Azərbaycana qarşı ədalətsiz mövqenin göstəricisidir. İkincisi, həm ATƏT, həm də DTİHB-nin Müşahidə Missiyası, o cümlədən Avropa bilməlidir ki, qadınlara ilk seçib-seçilmək hüququ məhz Azərbaycanda verilib. XX əsrin əvvəllərində Avropa qadına qul kimi baxdığı halda 1918-ci il, may ayının 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti qadına seçib-seçilmək hüququ verirdi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılan bu günkü müstəqil Azərbaycan Respublikası da qadınların ictimai-siyasi həyatda aktiv iştirakına, onların müvafiq dövlət strukturlarında təmsilçiliyinə şərait yaradır, qadınların potensialından istifadə edir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, hazırda ATƏT/DTİHB- nin daha çox istinad etdiyi Azərbaycan müxalifəti, bir qədər də konkretləşdirsək Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva məhz ümummilli lider Heydər Əliyevin zamanında Azərbaycanın dövlət katibi vəzifəsini icra edib. Hansı ki, həmin illərdə Avropanın siyasi həyatında qadın siyasətçi kimi yalnız və yalnız Marqaret Tetçerin adına rast gəlmək mümkün idi. İkinci bir qadın siyasətçi, dövlət adamı Avropada yox idi. Müasir dövrümüzdə də qadınlar həm parlamentdə, həm də Azərbaycan hökumətinin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunurlar. Milli Məclisin rəhbərliyindən tutmuş millət vəkillərinə qədər çoxlu sayda qadın parlamentarilərə rsat gəlmək mümkündür. Həmçinin dövlətin müvafiq strukturlarında çalışan qadın məmurlar da kifayətqədərdir. Bunun qarşılığında ATƏT/DTİHB-nin Müşahidə Missiyasının hesabatında qadın namizədlərin olmaması ilə bağlı məsələnin qabardılması onu deməyə əsas verir ki, missiya fəaliyyət göstərdiyi müddət ərzində mövcud Azərbaycan reallığı  barədə o qədər də məlumat toplamağa maraqlı olmayıb. Onlar hazırlamış olduğu hesabat da, indiyə qədər ölkəmizə qərəzli mövqedən yanaşan beynəlxalq QHT-lərin hesabatları kimi müxalifət dairələrinin məlumatları əsasında ərsəyə gəlib.

Missiyanın digər nöqsan kimi göstərdiyi məsələ seçki komissiyalarının təşkili formulası ilə bağlıdır ki, bu məsələdə də qeyri-obyektiv və qərəzli yanaşma özünü göstərib. Belə ki, hələ 2000-ci ildə ATƏT/DTİHB-nin tövsiyələrinə tam uyğun olaraq, parlamentdə təmsil olunan müxalifət və iqtidar partiyalarının paritet təmsilçiliyi əsasları ilə seçki komissiyaları formalaşıb. İndiki müxalifətdə olan siyasi partiyalar  isə bu paritetdən Mərkəzi Seçki Komissiyasının işini boykot etmək üçün istifadə ediblər. ATƏT/DTİHB-nin o vaxtkı direktoru Jerar Studmanın müxalifət liderlərinə konstruktiv mövqedən çıxış etmək çağırışları ilə məktubların göndərilməsinə baxmayaraq, boykot davam etmiş və Konstitusiya ilə müəyyən edilən müddətlərin pozulması təhlükəsi yaranmışdır. Seçki komissiyalarının təşkili formulu bundan sonra Milli Məclis tərəfindən təkmilləşdirilmişdir.

Üçüncü, irad ölkədəki televiziya kanallarının hökumətin nəzarəti altında olması ilə bağlıdır. Burada da qərəzli yanaşma və Azərbaycandan xəbərsizlik özünü aydın şəkildə göstərir. Belə ki, seçkiləri müşahidə missiyası ən azından onu bilməli idi ki, Azərbaycanda bir dövlət televiziya kanalı, bir ictimai televiziya kanalı və 33 özəl televiziya kanalı mövcuddur. Görünür, missiya bu iradı da müxalifət cəbhəsindən alınmış təlimat əsasında hesabatına daxil edib.

Nəhayət, Seçki Müşahidə Missiyası Azərbaycanda seçkiqabağı aktivliyin, təbliğat mitinqlərinin keçirilmədiyini vurğulayır və hesab edir ki, Cənubi Qafqazın digər respublikalarına baxanda Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyət passivdir. Burada maraqlı bir sual ortaya çıxır. Məgər müxalifət namizədlərinin təbliğat mitinqi keçirməməsində də Azərbaycan hakimiyyəti günahkardır. Reallıq ondan ibarətdir ki, müxalifət düşərgəsindən olan prezidentliyə namizədlər onlarla keçirilən görüşə cüzi sayda insanların gələcəyini gözəl bilir və bu səbəbdən biabır olmamaları üçün kütləvi tədbirlər keçirmirlər. Bunu Milli Şura adlanan qurumun son aksiyasında da aydın gördük. O ki, qaldı Azərbaycanda seçki öncəsi vəziyyətin Cənubi Qafqaz respublikalarından fərqli olaraq passiv olmasına ATƏT/DTİHB və onun Seçki Müşahidə Missiyası anlamalıdır ki, Azərbaycan demokratiya yolunu tutub və ölkədə keçirilən seçkilər azad və ədalətli şəkildə olur.  Seçkiqabağı gərginlik isə yalnız Ermənistan kimi antidemokratik rejimlərdə baş verə bilər. Əgər ATƏT/DTİHB Liviya, Misir və Suriyada baş verənlərin Azərbaycanda təkrarlanmasını arzulayırsa, yanılır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00