Penitensiar Xidmət: məntəqələr seçkiyə 5 gün qalmış yaradılacaq
17 Sentyabr 2013 18:13 Siyasət9 oktyabr seçkisində Penitensiar Xidmət üzrə neçə məntəqə yaradılacaq və nə qədər məhbus səs verəcək? Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov "Media forum" saytına deyib ki, təqsirləndirilən şəxslər və məhkumlar seçki hüququndan tam istifadə edəcək: "Ədliyyə Akademiyasında MSK-nın sədr müavini Natiq Məmmədovun iştirakı ilə toplantı keçirilib, bu məsələ müzakirə edilib. Məntəqələr seçkiyə 5 gün qalmış yaradılır. Bununla bağlı əlavə məlumat verəcəyik".
Seçki günü nə qədər məhbusun səsvermədə iştirakına gəlincə, Mehman Sadıqov qeyd edib ki, məhkumların dəqiq sayı seçkidən bir və ya iki gün qabaq müəyyənləşəcək: "Penitensiar Xidmətin istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində saxlanılan seçki hüquqlu bütün şəxslər seçkidə iştirak edəcək".
Mehman Sadıqov əlavə edib ki, cəzaçəkmə müəssisələrində namizədin və ya onun səlahiyyətli nümayəndəsinin məhbuslarla görüşməsinə icazə verilir: "Namizəd, yaxud onun səlahiyyətli nümayəndəsi məhbuslarla görüşmək üçün öncədən müraciət etməlidir. Qısa müddət ərzində onlara bu şərait yaradılacaq. Quruma hələ ki, müraciət daxil olmayıb".