Azərbaycan və İranın Sərhəd Qoşunlarının komandanları Bakıda görüşdülər FOTO

Görüş zamanı əvvəlki görüşlərdə imzalanmış sənədlərin icra vəziyyəti barəsində fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyevin dəvəti ilə İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-leytenant Hüseyn Zülfüqarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib.

DSX-nın mətbuat xidmətindən xəbərə görə, səfər çərçivəsində İİR nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən qəbul edilib, görüş zamanı Azərbaycan və İran dövlət sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində və Xəzər dənizində mövcud vəziyyət və onun inkişaf tendensiyaları, həmçinin əvvəlki görüşlərdə imzalanmış sənədlərin icra vəziyyəti barəsində fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı dövlət sərhədindən qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və digər transsərhəd cinayətkarlıq fəaliyyətlər ilə mübarizə üzrə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrindən AR və İİR vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi vacibliyi vurğulanıb.
Tərəflər qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirmiş və sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mövcud əməkdaşlığın genişləndirilməsi zəruriliyini qeyd ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası, "Sərhədçi" İdman Olimpiya Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış ediliblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00