İmantas Melyanas: “Ermənistanı unutmaq olar, lakin Azərbaycanı və onun qanuni tələblərini yada salmaq hələ gec deyil”

AZADİNFORM. Litva-Azərbaycan Assosiasiyasının prezidenti İmantas Melyanasın balzas.lt saytında  "Postsovet məkanında "oyuncaq dövlətlər"in siyahısı uzanıbmı?" sərlövhəli məqaləsi dərc olunub. Məqalənin müəllifi İ.Melyanas keçmiş Sovet İttifaqı ərazilərində "dondurulmuş münaqişə"lərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş verməsi səbəblərini açıqlayır. Litva-Azərbaycan Assosiasiyasının prezidenti diqqətə çatdırır ki, münaqişədən zərər çəkmiş dövlətlərə dondurulmuş münaqişələrin həlli zamanı bir neçə əsas prinsipi - sərhədlərin toxunulmazlığı, təyini-müqəddərat, güc tətbiq etməmək prinsiplərini rəhbər tutmaq təklif olunur. Hərbi əməliyyatlardan və Ermənistanın apardığı etnik təmizləmədən əvvəl Dağlıq Qarabağın əhalisinin 800 min nəfər olduğunu, indi isə 140 min nəfər təşkil etdiyini bildirən İ.Melyanas əhalinin çox hissəsi qovulduqdan sonra qalan azlığın "öz müqəddəratını" necə təyin edə biləcəyi ilə bağlı sual verir. Assosiasiyanın prezidenti qeyd edir ki, qondarma dövlət qurumlarının əsas məqsədi guya həll edilməmiş ərazi mübahisələrinin olması səbəbindən Gürcüstanın, Moldovanın, Azərbaycanın NATO-ya üzv qəbul edilməsinə yol verməməkdir.
İ.Melyanas yazır ki, Ermənistan Gömrük İttifaqına daxil olduqdan sonra oyuncaq dövlətə çevriləcək. Bu mənada Ermənistanı unutmaq olar, lakin Azərbaycanı və onun qanuni tələblərini yada salmaq hələ gec deyil: "Nə vaxta qədər özümüzü narahat göstərəcək və eyni zamanda təcavüzkarın hərəkətlərinə göz yumacağıq?"
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00