Azərbaycanın Müdafiə Nazirliyi: Snayperləri cəbhə xəttindən götürməklə münaqişə həll olunmur
17 Sentyabr 2013 15:30 Siyasət"Ermənistan cəbhə xəttindən snayperlərin götürülməsini istəyir. Lakin snayperləri cəbhə xəttindən götürməklə münaqişə həll olunmur. Münaqişəni köklü şəkildə həll etmək üçün düşmən işğal edilmiş Azərbaycan torpaqlardan geri çəkilməlidir". Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Naftalan şəhərində N saylı hərbi hissədə keçirdiyi mətbuat konfransında bildirib. E.Sabiorğlunun sözlərinə görə, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyib, bu problemi həll etmək mümkün olmayacaq: "Ermənistanın işğalçılıq siyasətindəm əl çəkməyincə cəbhədə narahatlıqlar mövcud olacaq. Onlar qoşunların təmas xəttində snayperlərin fəallaşmasından çox narahatdırlar və təklif edirlər ki, snayperlər cəbhə xəttindən yığışdırılsın. Onlar başa düşmürlər ki, snayperləri yığışdırmaqla problemi həll etmək mümkün deyil. Problemi kökündən həll etmək üçün ilk növbədə Ermənistan işğalçılıq siyasətindən əl çəkib, Azərbaycan torpaqlarını tərk etməlidir. O zaman nədənsə danışmaq mümkündür". Eldar Sabiroğlu mətbuat konfransında həmçinin Azərbaycan Ordusunda son illər əldə edilən nailiyyətlər, hərbi-texniki sahədə qazanılan uğurlar, ordunun döyüş qabiliyyətinin artması məsələlərinə toxunub, təmas xəttində baş verən bir sıra digər məsələlər barədə danışıb.
Qeyd edək ki, bu gün millət vəkilləri, ziyalılar və QHT rəhbərlərindən ibarət bir qrup Müdafiə Nazirliyinin Goranboy rayonu istiqamətində ön xəttə yerləşən "N" saylı hərbi hissəsinə səfər ediblər. Onlar əsgərlərin həyat və xidmət şəraiti ilə maraqlanıb, əsgər yeməkxanalarına və yataqxanalarına baş çəkiblər. Nümayəndə heyəti ön xətdən işğal altındakı əraziləri müşahidə ediblər. Qrupun tərkibinə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə, Yazıçılar İttifaqının İdarə Heyəyinin sədri Anar, xalq artistləri Amaliya Pənahova və Nurəddin Mehdixanlı, QHT rəhbəri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev və digərləri daxildirlər.