MSK nəzdində Mətbuat Qrupunun ilk iclası olub
Azər Tağıyev: “Yaranan problemləri qarşılıqlı anlaşma, maarifləndirmə və təbliğat yolu ilə aradan qaldırmalıyıq”
17 Sentyabr 2013 14:24 SiyasətMərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən və seçkiqabağı təşviqat prosesinə nəzarət edən mətbuat qrupunun ilk toplantısı keçirilib. "OLAYLAR" xəbər verir ki, qrupun rəhbəri, MSK üzvü Azər Tağıyev qurumun prezident seçkilərindəki fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr haqda danışıb. Qrup rəhbəri bildirib ki, qurum seçki təşviqatı ilə bağlı ortaya çıxan problemlərə dair müraciətləri araşdıracaq: "Burada söhbət seçki subyektlərinin fəaliyyətinə nəzarətdən gedir. Biz seçicilərin hamsının danışığına, söhbətinə nəzarət edə bilmərik. Bu, heç mümkün də deyil. Lakin qrup ölkənin ən vacib siyasi tədbirində daim KİV materiallarını izləməli, seçki qanunvericiliyinin pozulma hallarının monitorinqini aparmalıdır".
A. Tağıyev bildirib ki, sentyabrın 16-dan seçki kampaniyasının təşviqat mərhələsi başlayıb və artıq prezidentliyə namizədlərin radio ilə ilk təşviqatı aparılıb: "Çıxışlarda elə bir qanun pozuntusuna rast gəlinmədi. Elə belə də olmalıdır. Bizim də mətbuat qrupu olaraq vəzifəmiz bundan ibarətdir ki, həmin prosesi nəzarətdə saxlayaq. Bu çox vacibdir. Çünki bu prosesdə pərakəndəliyə yol vermək olmaz. Biz buraya elə belə yığışmamışıq. Qrupun hər bir üzvü təşviqat prosesini yaxından izləməlidir. Həm radioda, həm televiziyada, həm də çap KİV-lərində qrup üzvləri fərdi olaraq monitorinq aparmalıdırlar. İmkan olduqca bölgə KİV-lərini də izləmək lazımdır". Bölgələrdə çap olunan KİV-ə nəzarətə gəlincə, A. Tağıyev qeyd edib ki, həmin KİV-lərdə seçki qanunvericiliyinin pozulub-pozulmamasına nəzarəti dairə seçki komissiyaları həyata keçirməlidir. Qrupun rəhbəri əlavə edib ki, namizədlər, onların səlahiyyətli nümayəndələri, partiyalar, seçki blokları və digər seçki subyektləri tərəfindən müraciətlər olarsa, onların hər birinə hüquqi müstəvidə münasibət bildirilməlidir: "Təbii ki, araşdırmalardan sonra. Məqsəd inzibati cəza yolu ilə bu problemləri həll etmək olmamalıdır. Yaranan problemləri qarşılıqlı anlaşma şəklində, maarifləndirmə və təbliğat yolu ilə aradan qaldırmalıyıq". MSK üzvü Almaz Qəhrəmanlı qanunvericilikdən irəli gələn tələblər haqda danışıb.İclasda internet resurslarda - sosial şəbəkələrdə seçki təşviqatı ilə məşğul olan qruplara nəzarət mexanizminin mümkünsüzlüyü, MSK-ya seçki təşviqatı aparması üçün əvvəlcədən məlumat verməyən internet portallar haqda da müzakirə aparılıb. Bu qənaətə gəlinib ki, Seçki Məcəlləsinin müddəalarını pozan KİV-lər müəyyənləşdirilməlidir. Lakin bu yanaşmanın sosial şəbəkələrə tətbiq olunması mümkün deyil.
Xatırladaq ki, MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun 19 üzvü var. Bunlar MSK üzvləri Azər Tağıyev, Fuad Cavadov və Almaz Qəhrəmanlı, MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev, qalan 15 nəfər isə hər birindən 5 nəfər olmaqla informasiya agentliyi, televiziya və qəzet əməkdaşlarıdır. ("OLAYLAR"İA)