“ABŞ-Rusiya razılaşması əhəmiyyətini itirəcək” - Elxan Şahinoğlu

“Suriyada davam edən vətəndaş müharibəsi sürpriz nəticələr ortaya çıxaracaq”

"Hiss olunurdu ki, ABŞ Prezidenti Barak Obama Suriyaya hərbi müdaxilə məsələsinə bir qədər ehtiyatla yanaşır. Baxmayaraq ki, Obama bir neçə ay bundan qabaq belə bir bəyanat vermişdi ki, Suriyada kimyəvi silahdan istifadə olunarsa, bu ABŞ üçün qırmızı xəttin keçilməsi olacaq" - "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "OLAYLAR"a açıqlamasında belə deyib. E.Şahinoğlu hesab edir ki, Suriyaya hərbi müdaxilə məsələsi gündəmə gələndən sonra məlum oldu ki, Ağ Ev Suriyaya açıq müdaxilədən çəkinir. Politoloq qeyd etdi ki, Bəşər Əsədin kimyəvi silahları təhvil verilməsi məsələsinin ortaya atılması Obamanın işinə yaradı: "Bu o mənanı vermir ki, Suriyaya hərbi müdaxilə olmayacaq. Əgər Əsədə qarşı yeni kimyəvi silah iddiası irəli sürülsə, Rusiya-ABŞ razılaşması əhəmiyyətini itirəcək. Suriyada vətəndaş müharibəsi davam edir və miqyası genişlənir. Türkiyənin sərhədi pozan, Suriyaya məxsus hərbi helikopteri vurması vəziyyətin hər an dəyişəcəyini bildirir. Rusiya-ABŞ razılaşması məsələni bir qədər uzatsa da Suriyada davam edən vətəndaş müharibəsi sürpriz nəticələr ortaya çıxaracaq. Bu ölkədəki mövcud situasiyanın tez-tez dəyişməsi Rusiya və ABŞ-ın maraqlarını haçalandıra bilər". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00