ATƏT-in xüsusi əlaqələndiricisi Azərbaycanın seçki təcrübəsini təqdir etdi
17 Sentyabr 2013 12:59 SiyasətMilli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə prezident seçkilərinin müşahidəsi məqsədi ilə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndirici Mişel Vuazəni qəbul edib. Spiker bildirib ki, Azərbaycanda prezident seçkilərinin azad və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu vacib siyasi kampaniyanın şəffaflığı üçün lazımi tədbirlər görülüb, mindən çox məntəqədə web-kameralar quraşdırılıb. Seçki prosesini izləmək üçün ölkəmiz ATƏT, onun Parlament Assambleyası və AŞPA ilə sıx əlaqələr saxlayır. Sədr qeyd edib ki, biz ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən bu məqsədlə xüsusi əlaqələndiricinin təyin olunmasını alqışlayırıq. Belə ki, ötən seçkilərdə qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə onun Parlament Assambleyası tərəfindən hazırlanmış hesabatlarda müəyyən uyğunsuzluqlar var idi. İnanırıq ki, builki seçkilərdə bu kimi hallara rast gəlinməyəcək, seçki prosesi ilə əlaqədar obyektiv rəy hazırlanacaq.
Bildirilib ki, seçki prosesini izləmək üçün ATƏT-in DTİH Bürosundan 30 nəfərin uzunmüddətli, qurumun özündən 200-dən çox nümayəndənin qısa müddətli, Parlament Assambleyasından isə 50-yə yaxın deputatın müşahidəçi kimi iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası və Fransa Milli Assambleyasının nümayəndələrinin də bu prosesə qatılacaqları nəzərdə tutulub. Səmimi qəbul üçün minnətdarlığını bildirən Mişel Vuazən Azərbaycana səfərindən və həyata keçirdiyi missiya ilə əlaqədar buradakı görüşlərindən məmnun qaldığını söyləyib. Bildirib ki, o, ölkəmizdə keçirilmiş dörd seçkidə müşahidəçi kimi iştirak edib. Bu gün ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndirici kimi, o, seçki prosesi ilə yaxından maraqlanır, qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əlaqə saxlayır. Qonaq seçki məntəqələrində şəffaflığın təmin edilməsi üçün web-kameraların quraşdırılmasını təqdir edərək, Azərbaycanın bu təcrübəsini digər ölkələrdə tətbiqini də əhəmiyyətli hesab etdi.