Azərbaycanda seçkilərdə sivil qaydada mübarizə aparmaq üçün hər cür şərait yaradılıb

Hadi Rəcəbli: “Opponentlərimiz də çalışsınlar nüfuzlu olsunlar, kimdir bunu onların əlindən alan?”

Teyyub Qənioğlu: "Təəssüf ki, son 20 ildə bu insanların qafasında, düşüncəsində heç bir dəyişiklik baş verməyib"

Artıq Azərbaycanda keçiriləcək  prezident seçkilərində iştirak edəcək  namizədlərin qeydiyyat mərhələsi geridə qaidı. Sentyabrın 16-dan namizədlərin təbliğat kampaniyasına start verilir. Bəs namizədlərin təbliğat kampaniyası üçün hansı şərair yaradılıb və onların  şansları necə dəyərləndirilir? Yeni Azərbaycan Partiyası Siyasi Şurasının  üzvü, millət vəkili  Hadi Rəcəbli bildirib ki, prezident seçkilərinin arxada qalan mərhələləri deməyə əsas verir ki, seçkilərin şəffaf şəraitda başa çatacağına heç bir şübhə ola bilməz: "Demokratik seçki odur ki, kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq istənilən şəxs, siyasətçi namizədliyini sərbəst şəkildə irəli sürə və mövcud qanunlar çərçivəsində siyasi müstəvidə mübarizəsini apara bilər. Azərbaycan da hüquqi, demokratik, dünyəvi dövlət olduğu üçün seçilmək hüququ olan hər bir kəsə öz şansını sınamaq, namizədliyini irəli sürüb mübarizə aparmaq imkanı, fürsəti  yaradır". Onun sözlərinə görə, namizədliyini irəli sürən bütün şəxslər ölkə qanunlarının və Konstitusiyanın, başlıcası Azərbaycan demokratiyasının verdiyi hüquq və imkanlardan istifadə edərək seçkilər prosesinə qoşulublar. Artıq  həmin namizədlərdən 10-u rəsmən prezidentliyə namizəd kimi qeydə alınıblar, bəzilərinin də imzalarında nöqsanlar olduğu qeydə alınmayıblar, bəziləri isə könüllü şəkildə prosesdən geri çəkiliblər. Bu da onların hüququdur, heç kim onların hüququna müdaxilə edə bilməz: "Yəni, bu gün Azərbaycanda seçkilərdə iştirak etmək, sivil qaydada mübarizə aparmaq üçün hər cür şərait, imkan var, yaradılıb və heç kim də bundan qətiyyən, şikayətlənə bilməz. İmkan yaradılıb ki, qruplar yaradın, özünüzün komandanızla seçkiyə girin, seçki kampaniyanızı aparın. Bundan artıq nə olmalıdır ki? Ancaq  bir həqiqət də mövcuddur, yəni, güclü partiya var, zəif partiya var, nüfuzlu, nüfuzsuz partiya var. Opponentlərimiz də çalışsınlar nüfuzlu olsunlar. Kimdir bunu onların əlindən alan? Məgər vaxtilə bunların-radikalların əlində deyildi iqtidar? Bunların əlində deyildi hakimiyyət? Biz də o zaman müxalifətdəydik. Elə deyil? Yeni Azərbaycan Partiyası müxalifətdə, onlar isə iqtidarda idi. Hakimiyyəti əllərində saxlayaydılar, qoruyaydılar, inkişaf edəydilər. Əgər yaxşı işləmişdilərsə, camaat onların ətrafına yığılardı da? Nə oldu? Yəni, buradan belə bir nəticə çıxır ki, adamlarımızın yavaş-yavaş siyasi mədəniyyəti yüksəlir, başa düşürlər ki, dövləti, hakimiyyəti hər kimə etibar etmək lazımdır. Dövləti təsadüfi adamlara etibar etmək olmaz. O dövr artıq çoxdan keçib."

Prezidentliyə namizədlərin şanslarını dəyərləndirən BAXCP Ali Məclisinin sədri Teyyub Qənioğlunun sözlərinə görə, Milli Şura adlanan qurumun milliliklə heç bir əlaqəsi yoxdur. Bu Şura millətin tələbi, istəyi ilə deyil, xarici sifarişlə yaranıb və əvvəldən də Rusiyanın layihəsi imicini qazanıb: "Siz bir bu Şuranın tərkibinə baxın. Orada  əsasən  heç vaxt müxalif mövqedə olmayan, millətin, dövlətin mənafeyinə daim biganə olan, yalnız öz mənfəətlərini güdən, əvvəllər malik olduqları imtiyazlar əllərindən çıxdığına görə mövcud iqtidardan intiqam almağa, öz əvvəlki statuslarını geri qaytarmağa çalışan, millilikdən uzaq olan "küsmüşlər" və "intriqaçılar", eləcə də "tükənmişlər" cəmlənib. Burada həmçinin builki seçkilərdə qalib gəlməyəcəklərini başa düşən və  özünü   demokratik müxalifət adlandıran, amma xalqın dəstəyini almağa çalışmaq, heç olmasa buna cəhd etmək əvəzinə "kabab iyinə gələnlər" də təmsil olunurlar. Beləliklə də,  narazı elektoratın onlara olan ümidlərini də təmamilə itirdilər". Onun sözlərinə görə, prezidentliyə vahid namizəd kimi "Rüstəm İbrahimbəyov  və ya Rüstəm İbrahimbəyov" deyənlər düşdükləri pat vəziyyətindən çıxmaq və seçkilərdə məğlubiyyətlərini sığortalamaq üçün ehtiyat namizəd kimi Cəmil Həsənlini irəli buraxdılar və özlərinin bir siyasətçi kimi dayaz olduqlarını, uzaqgörən olmadıqlarını bir daha nümayiş etdirmiş oldular: "Təəssüf ki, son 20 ildə bu insanların qafasında, düşüncəsində heç bir dəyişiklik baş verməyib, onlar ölkədə baş verən dəyişiklikləri qavramaq, dəyişən şəraitə uyğun mübarizə yolu seçmək iqtidarında deyillər. Təbiidir ki, seçici də bunları görür, hiss edir və buna görə də hesab edirəm ki, Cəmil bəyin uğur qazanmaq şansı sıfıra daha çox yaxındır. Milli Şurada təmsil olunanların və özlərini əsas söz sahibi hesab edənlərin bəziləri  "ağız-ağıza yatmış", bir-birini parçalamağa hazır olan canavarları xatırladır. İstədiklərinə nail olmayan belələri daim bir-birini suçlu çıxarmağa, digərlərinə çamur atmağa, başqalarını aşağılamağa  meyllidirlər. Milli Şurada son zamanlar baş verənlər buna bariz nümünədir. Məsələn, bu günlərdə ALP lideri Lalə Şövkət Müsavat başqanı İsa Qəmbəri 1998-ci il seçkilərində AXCP-nin  sədri Əbülfəz Elçibəyə qarşı çıxmaqda da ittiham edib və qeyd edib ki, "nəyə görə 1998-ci ildə mən Elçibəyin vahid namizəd olmasını təkid edəndə buna qarşı İsa Qəmbər çıxırdı? Hamı yaxşı bilir ki, məhz İsa Qəmbər Elçibəyin vahid namizədliyinə qarşı çıxdı. İndi deyin görüm, kimdir Elçibəyçi?"  Buna cavabında L. Şövkətin bütün ittihamlarını əsassız adlandıran Milli Şuranın üzvü Mustafa Hacıbəyli qeyd edib ki, İsa Qəmbər heç vaxt Əbülfəz Elçibəyin namizədliyinə qarşı çıxmayıb  və deyib ki,  "təsadüfi deyil ki, hələ o vaxt İsa Qəmbər bəyan etmişdi ki, seçici heç vaxt bülletendə həm Əbülfəz Elçibəyin, həm də mənim adımı görməyəcək. Yəni, Elçibəy namizədliyini versəydi, İsa Qəmbər namizədliyini geri götürəcəkdi". Qeyd etməliyəm ki, 1998-ci il prezident seçkilərində vahid namizədlə bağlı həm Lalə Şövkət, həm də Mustafa Hacıbəyli səhv fikir səsləndirirlər. Yaxşı yadımdadır, 1998-ci ildə prezident seçkiləri ərəfəsində Demoktatik Konqresin mənim də iştirak etdiyim iclasında vahid namizədlə bağlı ciddi müzakirələr gedirdi. Həm İsa Qəmbər, həm də Əbülfəz Elçibəy Demkonqresdən prezidentliyə vahid namizəd olmaq istəyirdilər. Demkonqresdə bəziləri Əbülfəz Elçibəyin, digərləri İsa Qəmbərin namizədliyini dəstəkləyirdi. Uzun sürən müzakirələr, bəzən isə həddini aşan mübahisələr heç bir nəticə vermədi. İsa Qəmbər və Əbülfəz Elçibəy bir-birinə güzəştə getmədilər. Elçibəy vəziyyətdən çıxış yolunu vahid namizədlə bağlı müzakirələrin Demkonqresdən çıxarılaraq kənarda - özünün, İsa Qəmbərin, Rəsul Quliyevin, Lalə Şövkətin və Etibar Məmmədovun daxil olduğu "5-lər" formatında -müzakirəsində gördü və buna nail oldu. Ancaq "5-lər" də vahid namizədlə bağlı razılığa gələ bilmədilər. Hamı özünün vahid namizəd olmasına çalışırdı. L.Şövkət də daxil olmaqla heç kəs Ə.Elçibəyin vahid namizəd olmasına razılıq vermədi. Nəticədə əsas müxalifət prezident seçkilərini baykot etmək qərarına gəldi. O vaxt Demkonqresdə əksəriyyət R.Quliyevin və L.Şövkətin müxalifət kimi təqdim olunmasına qarşı çıxırdı və zaman göstərdi ki, haqlı idilər. Reallıq budur".

Alim  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00