Milli Şura bitdi, dava bitmədi - SİYASİ ANALİZ
Müsavatla AXCP dartışması davam edir
16 Sentyabr 2013 16:37 SiyasətBaşından Müsavatın əleyhinə olduğu bilinən Milli Şura artıq yoxdur. Qurum formal olaraq qalsa da, əvvəlki tərkibdə deyil. Rüstəm İbrahimbəyov qurumun sədridir, amma qurum əvvəlki gücdə deyil. Ən azından Lalə Şövkət Şuranı faktiki olaraq tərk edib, Rəsul Quliyevin isə şurada adı qalıb. Halbuki Milli Şuranı əzəmətli göstərən təkcə Müsavatla AXCP-nin ittifaqı deyildi. Müsavatla AXCP onsuz da İctimai Palatada müttəfiq idilər. Ancaq onlar nə vahid namizəd müəyyənləşdirə bildilər, nə də güclü quruma çevrildilər. Milli Şuranı İctimai Palatadan fərqləndirən məhz ziyalıların, El hərəkatının, sabiq spikerin və ALP-nin orada olması idi. Maraqlıdır ki, onlar hamısı İbrahimbəyovu dəstəkləyirdilər. MŞ-nın vahid namizədi dəyişən kimi vəziyyət də dəyişdi. Lalə Şövkət, Rəsul Quliyev qurumdan çıxdılar, El hərəkatı etiraz etdi. Milli Şuranı Müsavat dağıtdı deyə bilərik. Milli Şuraya aramsız və ardıcıl zərbələr vuran Müsavat yetkililəri müxalifətin birliyini İctimai Palata səviyyəsinə endirdilər.
Çoxları elə düşünürdü ki, Milli Şuranı dağıtmış Rauf Arifoğlu-Arif Hacılı cütlüyü prosesdən uduşla çıxacaq, Milli Şura dağılandan sonra iki partiyanın ortaq namizədi Cəmil Həsənli Müsavatla AXCP-nin müttəfiqliyini daha da möhkəmləndirəcək. Amma tərsinə oldu. Artıq Müsavat yetkililərini müxalifətin birliyinə zərbə vurmaqda ittiham edirlər. Bu ittihamları isə AXCP yetkililəri səsləndirir. Aydınca görünür ki, Milli Şuranı dağıtmaqla Müsavatı parçalanmadan xilas etmiş Rauf Arifoğlu seçkidən sonra ciddi ittihamlara tuş gələcək. Doğrudur, İsa Qəmbər Rauf Arifoğlunu və "Yeni Müsavat" qəzetini dəstəkləyən bəyanat verib. Amma seçkidən sonra Milli Şuranın dağıdılmasının hesabını Müsavatdan soruşacaqlar. Böyük ehtimalla, AXCP Müsavat son zərbəsini seçkidən az sonra endirəcək. Seçkinin müxalifət üçün nəticələri artıq məlumdur. Seçkidən həmən sonra müxalifətdaxili "razborkalar" başlanacaq. Milli Şuradakı qüvvələr nisbəti seçkidən sonra da Müsavatın əleyhinə olacaq. Siyasi kuluarlarda gəzən söhbətlərə görə, Milli Şuranın bazasında 2015-ci il parlament seçkilərinə hazırlıq çərçivəsində yeni siyasi birliyin əsası qoyulacaq. Siyasi ittifaqda AXCP, ALP, El hərəkatı, Ziyalılar Forumu, ACP, KXCP təmsil olunacaq. Rauf Arifoğlunun qanadı son prosesdən qalib çıxdığı üçün Müsavatda söz sahibidir və prosesə qoşulmayacaq. Xatırladaq ki, Rauf Arifoğlu da Milli Şuraya qoşulmamışdı. Baş yazar və ətrafı bu dəfə də müxalifətin geniş koalisiyasına qoşulmayacaq. Bir sözlə, seçkidən sonra Arifoğlu komandası Müsavatda söz sahibi olacaq. Bu qrupun müxalifətdə əksər qüvvələrlə düşmənçilik səviyyəsində çəkişmədə olduğunu düşünəndə Müsavatın ciddi itkilər verə biləcəyi ehtimal olunur. Bəzi məlumatlara görə, Rauf Arifoğlu İsa Qəmbərin sona qədər onu dəstəkləməyəcəyi halda özünə yeni partiya quruculuğuna başlayacaq. Onun Pənah Hüseyn, Hacı İlqar və Arif Hacılı ilə ciddi müttəfqilik münasibətləri var. Rauf Arifoğlu partiyadan ayrılsa Müsavatın bölünməsi rəsmiləşəcək. Onun partiyada qalması isə Müsavatın radikal müxalifətçi kəsimini narazı sala bilər. Onsuz da onlar Milli Şuraya münasibət məsələsində AXCP ilə həmrəy idilər. Bəzi rayon təşkilatlarında AXCP ilə həmrəylik hökm sürür. Bu tendensiya daha da qızışa, Müsavat daxilində AntArifoğlu hərəkatı yarana bilər. Bu prosesi AXCP-nin də alovlandıracağını nəzərə alsaq, Müsavat üçün böhranlı vəziyyətin davam edəcəyini, qış aylarında bu partiyadan qopmaların labüd olacağını söyləmək mümkündür.
Ərhun Abbas