“Əsədin kimyəvi silah bazası Yaxın Şərqi məhv etmək gücündədir” - AÇIQLAMA

Vəfa Quluzadə: “ABŞ Rusiya ilə əməkdaşlıq edərək Əsəd rejimini kimyəvi silahlardan təcrid etsə, problem diplomatik masa arxasında həll ediləcək”

"ABŞ öz məqsədlərinə Suriyada qan tökmədən, bu ölkəni bombardman etmədən çatmaq istəyirsə, bunu yüksək qiymətləndirmək lazımdır. Obama Suriya məsələsini demokratik və diplomatik müstəviyə keçirə bilsə, vəziyyət ürəkaçan hal alacaq. Suriyadan kimyəvi silahların təcrid olunması böyük uğur olacaq. Çünki SSRİ vaxtilə Suriyada elə bir kimyəvi silah bazası yaradıb ki, o İsrailin nüvə silahına cavab vermək gücündədir" - politoloq Vəfa Quluzadə "OLAYLAR"a açıqlamasında belə deyib. V.Quluzadə hesab edir ki, Suriyadakı kimyəvi silahlar Yaxın Şərqi məhv edəcək qədər çoxdur. Suriyanı Rusiyanın müttəfiqi adlandıran politoloqun sözlərinə görə, əgər Amerika Rusiya ilə əməkdaşlıq edərək Əsəd rejimini kimyəvi silahlardan təcrid etsə, problem diplomatik masa arxasında həll ediləcək: "Lakin Suriyadakı proseslər bundan sonra da qurtarmayacaq. Çünki hal-hazırda da bu ölkədə qeyri-sabit proseslər davam edir, vətəndaş müharibəsi gedir, əhalinin 50%-i qaçqın vəziyyətindədir, yüz minlərlə insan həlak olub. Ona görə Suriyada sülhə nail olmaq lazımdır. Bunun üçün Rusiyanın müttəfiqi olan Bəşər Əsəd hakimiyyətdən getməlidir. Çünki bu qədər qan tökmüş diktator hakimiyyətdə qala bilməz. Ordudan, müxtəlif silahlardan, aviasiyadan öz xalqına qarşı istifadə edən adamın hakimiyyətdə qalmaq şansı yoxdur. Barak Obama bununla bağlı çox düzgün siyasi xətt götürüb. Obama bildirdi ki, Vaşinqton məsələni siyasi yolla həll edəcək, lakin bu məsələnin həll edilməsi demək deyil, Suriya həmişə hədəfdə qalacaq və ABŞ lazım gəlsə bu ölkəyə hücum edəcək. Obamanın bu mövqeyini doğru olaraq qiymətləndirmək lazımdır". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00