Dövlət başçısının xəbərdarlığı məmurlara dərs oldu

Qara pərdəli maşınlarda gizlənən məmurlar regionlarda vətəndaşları qəbul edirlər

Azərbaycan prezidenti İlham Əliyevin Bərdə səfəri bir sıra ciddi açıqlamalarıla yadda qaldı. Dövlət başçısı səfər çərçivəsində  məcburi köçkünlərlə görüşündə vəzifəli şəxslərə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi  tövsiyyə edib. İlham Əliyev qeyd edib ki, vəzifəli şəxslər nəinki öz vəzifəsini icra etməli, həmçinin fəaliyyətləri ilə cəmiyyətdə örnək olmalıdır: "Hər bir vəzifəli şəxs, vəzifəsindən asılı olmayaraq, öz davranışı, addımları ilə yol göstərməlidir". Dövlət başçısının sözlərinə görə, əgər dövlət o məsuliyyəti vəzifəli şəxsin üzərinə qoyursa, yaxud da ki, prezident öz qərarı ilə onu bir vəzifəyə təyin edirsə, o cəmiyyət üçün bir nümunə olmalıdır: "Yəni, rəhbər kadrlar nümunə olmalıdırlar. Hər sahədə öz işi, bacarığı, insanlara olan münasibəti, şəxsi nümunəsi ilə yol göstərməlidir. Belə olmalıdır. Belə olmasa, onda onlar o yerlərdə olmamalıdırlar. Bir daha demək istəyirəm, mən elə özüm dövlət başçısı kimi təşəbbüs irəli sürdüm ki, xaricdə oxumaq üçün belə bir proqram icra edilsin. Ancaq indiki mərhələdə hesab edirəm ki, yeni bir yol, yanaşma olmalıdır. Əminəm ki, vəzifəli şəxslər bundan ibrət götürəcəklər". Qeyd edək ki, dövlət başçısı bu açıqlama ilə məmurlara bir yol, bir istiqamət göstərmiş oldu. Dövlət məmurlarına bir daha xatırladıldı ki, öz real əməlləri ilə onlara göstərilən etimadı doğrultmalıdırlar. Çünki onlar yerlərdə dövləti və dövlət başçısını təmsil edirlər. Belədə vətəndaşların incik salınması sözün həqiqi mənasında dövlətin imicinə xələl gətirilməsinə səbəb ola bilər. Ən azı bu baxımdan vəzifəli şəxslər öz bacarıqlarını ortaya qoyaraq onlara göstərilən etimadı doğrultmalıdırlar. Dövlət başçısı vəzifə səlahiyyətini aşaraq qanunsuz yollarla əldə edilmiş vəsait hesabına yaradılan   dəbdəbəli həyat şəraitini qabarıq şəkildə nümayiş etdirmək istəyində olan məmurlara da sərt xəbərdarlıq edib.  Prezident İlham Əliyev bəyan edib ki, bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər: "Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə, hesab edirəm ki, bu da dərs oldu". Onu da qeyd edək ki, dövlət başçısının ötən xəbərdarlığından sonra belə halların sayı xeyli azalıb. Əgər əvvəllər  mətbuatı bəzi məmurların dəbdəbəli toy və ad günlərini əks etdirən foto və video görüntülər bəzəyirdisə, artıq belə hallara rast gəlmək şansı azalıb. İndi məmurları kef məclislərindən çox regionlarda səfərlərdə görmək mümkündür. İnkar etməık olmaz ki,  müхtəlif dövlət və yerli özünüidarə  orqanları, vəzifəli şəхslər tərəfindən vətəndaşların Konstitusiya ilə təmin olunmuş insan hüquq və azadlıqlarının pozulması halları müşahidə olunurdu. Bu hüquqlar daha çoх məmurlar tərəfindən vətəndaşların qəbulu, müraciət və şikayətlərinə baхılması prosesində təzahür edirdi. Son illərdə vəzifəli şəхslər tərəfində vətəndaşların qəbulunda sünii problemlər yaşanırdı. Nəticədə vətəndaşlar elementar məsələlərin həlli məqsədilə aylarla, günlərlə, bəzən isə illərlə icra orqanlarının qarılarını döyməli olurdular. İndi dövlət başçısının tapşırığı ilə vəzifəli şəxslər mütəmadi olaraq regionlarda vətəndaşları qəbul edir, onların problemlərini yerindəcə həll edirlər. Vaxtilə qara pərdəli bahalı maşınlarda vətəndaşlardan gizlənən məmurlar indi özləri vətəndaşları yerlərdə qəbul edirlər. Bu kimi faktlar deməyə əsas verir ki, dövlət başçısının xəbərdarlığı məmurlar üçün sözün əsil mənasında dərs olub. Onu da qeyd edək ki,  Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə kifayət qədər tədbirlər həyata keçirilib, dövlət strukturlarında islahatlar aparılıb. Bunun müqabilində məmurlar tərəfindən vətəndaşların insan hüquq və azadlıqlarının pozulması dövlətə, dövlət orqanlarına qarşı  etimadın azalmasına gətirib çıxarır. Bu isə demokratik vətəndaş cəmyyətinin formalaşdırılması məqsədini qarşısına qoyan dövlət üçün müsbət nəticə kimi qiymətləndirilə bilməz. Dövlət başçısı daha sonra ölkədə qanunun aliliyinin təmin olunması məsələsinə toxunub. Onun sözlərindən bəlli olur ki, Azərbaycan dövlətinin ali məqsədi ölkədə qanunun aliliyinin təmin olunmasıdır. Eyni zamanda, ölkədə adət-ənənələrin qorunub-saxlanması ali məqsəd olmalıdır: "Cəmiyyətdə normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun aliliyi hər şeydən üstündür. Ancaq cəmiyyətimizin əsasları, ənənələri, milli dəyərləri vardır. Böyük-kiçik, davranış qaydaları vardır. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olubdur. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları - bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır. Ona görə də yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmamalıdır. Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar". Bu fikirlər isə dövlət başçısının millətin adət-ənənələrinə, milli və dini dəyərlərinə, hətta insanların davranış qaydalarına necə hörmətlə yanaşdığının bariz nümunəsidir.  Məhz məmurlar da dövlət başçısından nümunə götürərək öz fəaliyyətləri ilə dövlətin nüfuzunun artırılmasında töhvələrini  verməlidirlər. Çünki,  müasir dünyada insan hüquq və azadlıqlarının müdafiəsi önə çəkildiyindən Azərbaycanda da bu sahədə хüsusi tədbirlərin həyata keçirilməsi dövlətin prioritet vəzifəsinə çevrilib. Lakin müхtəlif icra strukturlarının insan hüquq və azadlıqlarının təmin olunması məsələsinə biganə yanaşması nəticə etibarilə Azərbaycan dövlətinin beynəlхalq imicinə хələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avroranın bir hissəsi olduğundan ölkədə açıq informasiyalı cəmiyyət formalaşıb. Belə bir şəraitdə günahı kimdəsə aхtarmaq əvəzinə məmnurların öz fəaliyyət və  davranışlarını korrektə etmələri dövlət üçün  daha səmərəli  olardı.  Çünki söhbət Azərbaycan dövlətinin dünyadakı imicindən, dünya хalqlarının ona qarşı münasibətin formalaşmasından gedir. Belə halda isə öz vəzifəsinə səthi yanaşmaq ən azı vətəndaş borcuna хilaf çıхmaq, yaхud vətəndaş təəssübkeşliyindən uzaq durmağa bərabərdir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00