2024-cü ildə biz bu prosesi reallaşdıra bilərik - Xəyal Bəşirov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Azərbaycanla Ermənistan arasında sülh prosesi 2020-ci il 10 noyabr tarixli bəyanatın imzalanmasından sonra davam edir. Artıq 3 ili keçib. Bu 3 il ərzində təbii ki, biz hər şeyə nail olmasaq da, bir çox şeylərə nail olmuşuq."

Bu sözləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib:

"Ən azından biz Ermənistana uzun illər ərzində çatdırmağa çalışdığımız ikitərəfli qaydada proseslərin, istənilən problemin həllinə nail olmaqla bağlı prosesin reallaşa biləcəyini onların diqqətinə çatdıra bildik. Eyni zamanda, biz bu istiqamətlərdə real addımlar atmışıq. Birgə Sərhəd Komissiyasının yaradılması, 5 görüşünün keçirilməsi, görüşlərdən 3-nün sərhəddə, ikitərəfli qaydada keçirilməsi, ən sonda Qazax rayonu ərazisində Ermənistan tərəfinin nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyətinin görüşünün keçirilməsi, çox produktiv müzakirələrin aparılması və s. Eyni zamanda biz Ermənistanla hərbiçilərin mübadiləsi prosesini ilk dəfə ikitərəfli qaydada həyata keçirdik və bu çox ciddi bir prosesdir. Hərbiçilərin mübadiləsi prosesi heç bir digər tərəfin iştirakı olmadan həyata keçirildisə, deməli biz Ermənistanla hansısa ciddi problemlərin həllinə nail ola bilərik. Daha sonra Ermənistanla birgə bəyanatın verilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Ermənistan Baş nazir aparatının birgə bəyanatından 1 həftə sonra hərbiçilərin mübadiləsi və Ermənistanın COP-29-un Bakıda keçirilməsi ilə bağlı namizədliyini Azərbaycanın xeyrinə geri götürməsi, Azərbaycanın eyni prosesdə Ermənistana istiqamətlənmiş addım ataraq Ermənistanın Şərqi Avropa ölkələrinin bu təşkilatına üzv seçilməsinə razılıq verməsi kimi proseslər və Ermənistanla Azərbaycan arasında sülh barədə niyyətlərin olması ilə bağlı bəyanatların səsləndirilməsi əslində sülh istiqamətində addımları ata biləcəyimizdən xəbər verir. Çox təəssüflər olsun ki, bu proses uzanır, bu da Ermənistana görə uzanır ki, bu gün biz hələ də sülhə nail olmamışıq. Bundan öncə bizim sülh əldə etməyimizə mane olan bir sıra amillər vardı ki, onların bəzilərini biz artıq aradan qaldırmışıq. Əvvəllər səsləndirilən qondarma status məsələsi, cinayətkar ünsürlərlə bağlı məsələ, bunları Azərbaycan özü həll etdi. Qarabağdan olan ermənilərin məsələlərinin sülh gündəliyinə daxil edilməsinə Azərbaycan birmənalı yox dedi. Bu məsələdə də razılıq əldə edilib. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi var ki, Ermənistan tərəfi bunu bəhanə edib, sülhdən yayınmağa cəhd göstərdi, amma biz bunun da çıxış yolunu tapdıq. Bir müddət öncə prezidentin köməkçisi Hikmət Hacıyev bu məsələyə münasibət göstərdi və bildirdi ki, Azərbaycanla Ermənistan sərhədlərin delimitasiya və demarkasiya prosesi kimi uzun prosesi sülh sazişi imzalandıqdan sonra da həyata keçirə bilər. Bu çox məntiqi yanaşmadır. Bu gün dünyada bir sıra dövlətlər var ki, heç onların arasında heç vaxt müharibə olmayıb, hətta münaqişə yoxdur, amma sərhədlərin müəyyənləşdirilməsində müəyyən suallar, problemlər var və o proses bu günə qədər yarımçıq qalıb. Buna görə düşünürəm ki, bu da pozitiv və optimal yanaşma tərzidir ki, Azərbaycan tərəfi bunu dilə gətirir. Hesab edirəm ki, bu artıq bizim Ermənistanla sülh sazişini imzalamağa mane olan növbəti bir problemin həlli deməkdir. Biz Ermənistanla bu prosesə bir an öncə nail olmağa çalışırıq, amma hər bir halda müəyyən problemlər, məqamlar var ki, bununla bağlı biz də hər hansı bir addım ata bilmirik. Hazırkı məqamda buna müəyyən zaman lazımdır. Bu gün bu məsələdə ciddi uğur əldə edilib ki, bu gün artıq Azərbaycan sərhədlərin delimitasiya və demarkasiya prosesini həyata keçirmədən, o proseslə paralel olaraq sülh sazişi imzalamağı təklif edir. Bu da təbii ki, qeyd etdiyim kimi düzgün yanaşmadır. Məqsəd sülhün əldə edilməsidir ki, Azərbaycan buna gedir və sülhün əldə edilməsi üçün sərhədlərin delimitasiya və demarkasiya prosesini paralel şəkildə aparmağı məntiqə uyğun hesab edir. 2023-cü ildə təəssüflər olsun ki, biz sülh sazişini imzalaya bilməsək də, 2024-cü ildə biz bu prosesi reallaşdıra bilərik. Azərbaycan dəfələrlə Ermənistana təkliflər göndərib, hətta qarşılıqlı şəkildə göndərilmiş təklif və təkliflərə cavab prosesi də davam etdirilir. Azərbaycanın təklif etdiyi məqamlar yalnız və yalnız beynəlxalq hüquqa uyğun məqamlardır. Orda Ermənistanın maraqlarına zidd və yaxud hansısa bir dövlətin, münaqişənin keçmiş tərəflərindən birinin hüquqlarının üstün tutulması, mövqeyinin daha da önə çıxarılması məsələsi yoxdur. Düşünürəm ki, Ermənistan əgər bu prosesi ən azından hazırkı sürətlə davam etdirsə və bəyanatlarında, addımlarında səmimi olsa, biz qısa müddət ərzində, 2023-cü ildə olmasa da, 2024-cü ilin ilk aylarında sülhə nail ola bilərik. Gedişat bunu göstərəcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31