Namizədlər təbliğat kampaniyasına necə hazırlaşır?
12 Sentyabr 2013 18:08 SiyasətSentyabrın 16-dan etibarən prezident seçkilərinin təbliğat- təşviqat kampaniyasına start verilir. Kampaniya çərçivəsində ilk təbliğat tədbirinin hakim Yeni Azərbaycan Partiyası tərəfindən keçiriləcəyi bildirilir. Məlumata görə, sentyabrın 16-da hakim partiya paytaxtın Səbael rayonunda möhtəşəm mitinq keçirməklə kampaniyaya başlayacaq. Bəs görəsən bu günə qədər namizədliyi qeydə alınan digər prezidentliyə namizədlər təbliğat-təşviqat kampaniyasına nə vaxt başlayacaq və hansı tədbirlər keçirəcəklər.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev "OLAYLAR"-a bildirib ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində həm paytaxt, həm də regionlarda bir sıra tədbbirlərin keçirilməsi nəzərdə tutulub: "Həm açıq hava şəraiti, həm də konfrans zallarında bir sıra görüşlər müəyyənləşdirmişik. Həmçinin televiziyada çıxışlarımız olacaq. Ona görə də elə müəyyənləşdirəcəyik ki, televiziya çıxışlarımız rayonlara səfər günlərinə təsadüf etməsin". Fərəc Quliyev deyib ki, təbliğat kampaniyasına sentyabrın 16-dan start verilməyə də bilər: "Çünki bunun üçün hazırlıq görmək lazımdır. Bu günlərdə siyahılar müəyyənləşdiriləcək ki, hansı yerlərdə görüşlər keçiriləcək". Prezidentliyə namizəd bildirib ki, sentyabrın 13-də MDHP-nin müşavirəsi keçiriləcək və həmin məsələlər müşavirədə müzakirə olunacaq.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli isə deyib ki, təbliğat kampaniyası çərçivəsində hansı tədbirlərin keçirilməsi məsələsi hələlik partiyada müzakirə edilməyib: "Görüşlərin keçirilməsi üçün təqdim olunan ərazilərə diqqət yetirəcəyik və bundan sonra konkert qərarımızı verəcəyik". Elçin Mirzəbəyli kampaniya çərçivəsində regionlara da səfərlərin təşkil olunacağını və yerli ictimaiyyətlə görüşlərin keçiriləcəyini söyləyib: "Bununla bağlı Seçki Qərargahında müvafiq bölgü aparılır. Yəqin ki, həmin bölgü üzrə hərəkət edəcəyik". Səlahiyyətli nümayəndənin sözlərinə görə, regionlarda görüşlərin keçirilməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına xəbərdarlıq etmək lazım gəldiyi üçün indidən həmin bölgünün aparılması əsas məsələlərdən biridir.
Ədalət Partiyasının sədri İlyas İsmayılovun seçki qərargahının rəhbəri Mayis Güləliyev deyib ki, təbliğat kampaniyası ilə bağlı tədbirlər planı hazırlanır: " Nə qədər mümkünsə ictimai-siyasi vəziyyəti və reallığı nəzərə alaraq tədbirlər keçiriləcək. Əsas məqsəd isə ondan ibarətdir ki, seçicilərin cəlb edilməsi daha effektli olsun. Həmçinin daha çox siyasi platformanın seçiciyə çatdırılması və onların başa düşə bildiyi səviyyədə proqramlarin yayilmasidir. Birbaşa seçici ilə görüşdən tutmuş KIV-də proqramların yayılması və hətta kütləvi aksiyalara qədər bütün variantlardan istifadə ediləcək".
Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadənin seçki qərargahının rəhbəri Taleh Əliyev deyib ki, bu məqsədlə sentyabrın 12-də İqbal Ağazadənin seçki qərargahının növbəti iclası keçirilib və təbliğat kampaniyası zamanı açıq havada və qapalı yerlərdə vətəndaşlarla görüşlərin keçririlməsi ilə bağlı müzakirələr aparılıb: "Nəzərdə tutulub ki, Bakı şəhəri ilə yanaşı respublikanın ayrı-ayrı bölgələrində də belə görüşlərimiz keçirilsin". Taleh Əliyevin sözlərinə görə, qanunvericiliyin tələblərinə görə Mərkəzi Seçki Komissiyası təbliğat-təşviqat kampaniyasına icazə verdikdən sonra yerli icra orqanlarına müvafiq məktubla müraciət edilməlidir: "Mərkəzi Seçki Komissiyası həmin məlumatları yerləşdirdikdən sonra müvafiq icra hakimiyyətlərinə müraciət edib kütləvi görüşlərin keçirilməsi üçün yer istəyəcəyik".
Millət vəkili, prezidentliyə namizəd Zahid Orucun seçki qərargahının rəhbəri Ərəstun Əlioğlu isə bildirib ki, seçki qərargahında bu istiqamətdə müzakirələr aparılaraq müəyyən qərarlar qəbul edilib: "Kampaniyanı hansı formada aparacağımızı bir daha düşünürük. Yerlərdəki səlahiyyətli nümayəndələrə də müvafiq tapşırıqlar verilib". Ərəstun Əlioğlu görüşlərin hansı bölgələrdə keçiriləcəyi, vətəndaşlarla ünsiyyət zamanı hansı məsələlərin qaldırılacağı barədə də seçki qərargahında müzakirələrin aparıldığını söyləyib.
Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev bildirib ki, bu məqsədlə seçki qərargahının genişləndirilmiş formada toplantısı keçirilib: "Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi yerləri götür-qoy edirik ki, harada görüşlər, mitinqlər keçirə bilərik. Düşünürəm ki, müəyyən edilmişl geniş yerlərdə xalqla izdihamlı görüşlərimiz olacaq. Eyni zamanda qapalı salonlarda da görüşlər keçirəcəyik". Prezidentliyə namizəd vətəndaşlarla keçirilən görüşlər zamanı sensassion açıqlamalar verəcəyini deyib: "Müəyyən adamlar haqqında xalqa çox ciddi informasiyalar çatdırılacaq". Hafiz Hacıyev təbliğat kampaniyasına bir neçə gün gec başlaya biləcəklərini də söyləyib. Bildirib ki, Milli Şuranın prezidentliyə namizədi qeydə alınacağı və təbliğata başlayacağı günün səhəri onlar kütləvi tədbirlər, mitinqlər keçirəcəklər: "Onlar təxminən sentyabrın 22-si üçün belə bir görüş nəzərdə tutublar. Müşahidə edəcəyik ki, nədən danışırlar, ondan sonra müvafiq addımlar atacağıq. Onlar bu gün harada mitinq, görüş keçirəcəklər onun səhəri günü biz həmin məkanda seçicilərlə görüşüb onların yalanlarını ifşa edəcəyik. Bir sözlə daban-dabana onları izləyəcəyik. İmkan verməyəcəyik ki, ölkədəki sabitliyi pozmağa nail olsunlar. Azərbaycanda mövcud olan sabitliyin qorunub saxlanması, bu günkü inkişafın davamlı olması üçün ölümə belə gedəcəm".
Süleyman İsmayılbəyli