Həmsədrlərin “üç gündən bir, beş gündən bir” nəğməsi
Vasitəçilərin dəyişdirilməsi Qarabağ problemin həllinin çıxış yolu deyil
12 Sentyabr 2013 16:57 SiyasətATƏT-in Minsk Qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorlik həmsədr qismində Azərbaycana ilk səfərini etdi. Yeni həmsədrin Azərbaycanın dövlət başçısı və digər rəsmi şəxslərlə görüşü keçirilib. Görüşdə həmsədrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təfərrüatları barədə məlumat verilib. Maraqlıdır, Minsk qrupu həmsədrlərinin mütəmadi dəyişdirilməsi münaqişənin həllinə hansı töhfəsini verə bilər? Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk qrupunun 20 illik fəaliyyəti dövründə dəfələrlə həmsədrlərin yenilənməsinin şahidi olmuşuq. Təəssüf ki, tez-tez dəyişən həmsədrlərin heç biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində elə də təsir imkanına malik ola bilməyib. Bəs, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında gedən danışıqlar prosesində irəliləyişin əldə olunması məsələsində ATƏT-in Minsk qrupundakı şəxsiyyətlər hansı təsir imkanlarına malikdirlər?
Əvvala qeyd edək ki, ATƏT-in Minsk qrupunda həmsədrlərin dəyişdirilməsi problemin həllinə hansısa həlledici təsir göstərə bilməz. Çünki, Minsk qrupunun həmsədr ölkələri ATƏT-in mandatı çərçivəsində danışıqlarda vasitəçi missiyası rolunu yerinə yetirir və bu qrupda çalışan diplomatlar ölkələrindən aldıqları təlimatlar və ATƏT sədrinin müəyyən etdiyi cədvələ uyğun fəaliyyət göstərirlər. Əlbəttə ki, diplomatın təcrübə səviyyəsi, onların regionun problemlərini yaxşı bilmələri danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Lakin ümumilikdə Ermənistanın ATƏT-in Minsk qrupu tərəfindən təcavüzkar ölkə kimi tanınması mühüm ola bilərdi ki, bu mövqeyi də ATƏT-in Minsk qrupuna həmsədr ölkələr hələ ki, nümayiş etdirmirlər. Başqa sözlə, ATƏT Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya Qarabağ probleminə öz maraqlarından çıxış edərək yanaşırlar. Ona görə də ATƏT Minsk qrupunda həmsədrlərin əvəzlənməsi Qarabağ münaqişəsinin nizamlanması ətrafında aparılan danışıqlar prosesinə ciddi təsir göstərməsi inandırıcı görünmür. Ancaq mümkündür ki, ATƏT Minsk qrupunun həmsədr vəzifəsinə təyin olunan yeni diplomatların regiona səfərləri danışıqlar prosesinə müəyyən təkan versin. Lakin, ümumilikdə, ekspertlər ATƏT Minsk qrupunda həmsədr əvəzlənməsinin danışıqlar prosesinə hansısa ciddi təsir göstərəcəyini proqnozlaşdırmaqda tərəddüd edirlər.
Onu da xatırladaq ki, son vaxtlar ümumiyyətlə ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi barədə fikirlər tez-tez səsləndirilir. Lakin danışıqlar prosesinin hazırkı dövründə vasitəçilər qrupunun formatının dəyişdirilməsi birmənalı qarşılanmır. Siyasi ekepertlər hesab edirlər ki, dünyada sülhün təmin edilməsi məsələləri ilə məşğul olan nüfuzlu təşkilat- BMT-nin Təhlükəsizlik Şurası mövcuddur. Yalnız bu təşkilat tərəfindən qəbul edilən qərarlar mütləq yerinə yetirilməlidir. Digər beynəlxalq təşkilatlar isə yalnız bəyanat xarakterli müraciətlər qəbul edirlər. Bu baxımdan Qarabağ prosesinin ATƏT-in mandatından çıxarılması cəhdləri mümkündür. Reallıq ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun hər üç həmsədr ölkəsi BMT TŞ-nın daimi üzvləridir. Buna görə də, BMT TŞ-da veto hüququna malik olan ölkələrin ATƏT-in Minsk qrupunda ikinci dərəcəli dövlətlərlə əvəz edilməsinin sülh prosesinin tezləşməsinə xidmət edəcəyini gözləməyə dəyməz. Bu baxımdan, Qarabağ nizamlanması ətrafında yaranan vəziyyətdən yalnız bir çıxış yolu mövcuddur. O da ondan ibarətdir ki, Qarabağ problemi yenidən BM TŞ arenasına qayıtmalıdır. Bu təşkilat isə öz növbəsində, BMT TŞ tərəfindən daha əvvəl qəbul edilmiş dörd qətnaməyə müvafiq olaraq, yekun qətnaməni qəbul etməlidir. Əks halda, ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi vəziyyətin geosiyasi maraqlar baxımından dəyişməsi demək ola bilməz. Əksinə, ATƏT-in Minsk qrupuna yeni nüfuzlu ölkələrin daxil olması bölgədə maraqlı olan dövlətlərin daha çox qarşıdurmasına səbəb ola bilər. Onu da nəzərə almalıyıq ki, Azərbaycan artıq BMT BA-da diplomatik uğurlar əldə edib. Məlum olduğu kimi, BMT-nin bu qurumunda artıq Qarabağ münaqişəsi üzrə müəyyən qərarlar qəbul olunub. Bu baxımdan BMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə səlahiyyətli nümayəndəsinin təyin edilməsi Qarabağ nizamlanması ətrafında yaranan böhranlı vəziyyətdən çıxışın bir üsulu ola bilər.
Alim