Yeni müxalifət partiyası yaranır
“İntellektuallar partiyası” Real ənənəvi müxalifəti sıxışdıracaq
12 Sentyabr 2013 15:56 SiyasətÖlkədə daha bir siyasi partiya yaranır. Real hərəkatının partiyaya çevriləcəyi gözlənilir. Qeyd edək ki, REAL hərəkatı 2008-ci ildə yaradılıb. İdarə Heyətində İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Zöhrab İsmayıl, Emin Hüseynov, Azər Qasımlı, Azər Mehtiyev, Rəsul Cəfərov, Rövşən Ağayev, Cəsur Sümərinli, Altay Göyüşov və Xalid Bağırovun təmsil olunduğu siyasi təşkilat referenduma etiraz olaraq yaradılmışdı. Xəbər saytlarının məlumatına görə, REAL hərəkatının partiyaya çevriləcəyi dəqiqləşib və hazırda bu yöndə intensiv iş aparılır. Partiyanın proqramı və nizamnaməsi hazırdır və qurumun ilkin müzakirələrində dəstək qazanıb. Təsis qurultayının prezident seçkisi başa çatdıqdan sonra təyin olunacağı bildirilir. Ehtimal olunur ki, partiya Respublikaçı Alternativ Partiyası adlandırılacaq.
REAL hərəkatının Məclis sədri Erkin Qədirli məlumatı təsdiqləyib və bildirib ki, partiyaya çevrilmək ideyası əvvəldən varmış: "Görünür, seçki ili olduğu üçün buna maraq böyük oldu. Seçki ilini bitirəndən sonra hərəkatımızı partiyaya çevirəcəyik. Bu nə qədər zaman alacaq, onu deyə bilmərəm. Amma gələn ilin əvvəli, yaxud ilk rübündə bunu reallaşdıracağıq".
Hərəkat rəsmiləri partiyanın sədri ilə bağlı heç nə deməyiblər. Amma böyük ehtimalla, bu ilin əvvəli İsmayıllı hadisələrinə görə həbs edilmiş İlqar Məmmədov yeni partiyanın sədri olacaq. Əslində intellektualların partiyası olsa da, yeni qurumun İlqar Məmmədovun adı ilə bağlı olduğu məlum məsələdir. Siyasi ekspertlər yeni partiyanın məhz bu il yaranmasını təsadüfi saymırlar. İlqar Məmmədovun namizəd olması, sonradan adaylıqdan çəkilməsi də boşuna deyldi. Real 2015-ci ilə hazırlaşırdı və bu hələ ötən illərdən bəlli idi. İlqar Məmmədovun ara-sıra ənənəvi müxalifət liderlərinə hücum etməsi, onları aşağılayan bloq yazıları və statuslarla çıxış etməsi boşuna deyildi. Siyasi müşahidəçilərin fikrincə, Qərbdə müəyyən dairələr də ənənəvi müxalifətlə işləmək istəmir, yeni müxalifətin yaranmasına çalışırlar. Ənənəvi müxalifətdəki təlaş da bununla bağlıdır. Onların Milli Şuraya hücumu və qurumu tez-tələsik dağıtmaları da bununla bağlıdır. Müsavat və digər partiyalardakı köhnə nəsil siyasətçilər ciddi siyasi divident qazanmadan mövqeləri vermək istəmirlər. Görünən odur ki, yeni müxalifət adına iddia edənlərlə köhnələr arasında rəqabət güclü olacaq. Müşahidələr göstərir ki, qüvvəsi tamamilə tükənməkdə olan köhnə müxalifət bu rəqabətdən salamat çıxmayacaq. Milli Şuranln yaranması, tamamilə kənar şəxsin müxalifətin lideri gətirilməsi prosesi göstərdi ki, yeni müxalifət özünə inamı olmayan köhnələrə qalib gələ bilər. Sadəcə, yenilərdən ardıclıllıq, prinsipiallıq tələb olunur. Onlar da köhnə müxalifət kimi prinsip davası deyil, mandat davası aparacaqlarsa, o zaman güclənə bilməyəcəklər. Uzaqbaşı özlərinə köhnələr arasında yer edəcəklər. Yeni siyasi müxalifət Realın timsalında qalib gəlsə, müxalifət daxilində nəsil dəyişiklliyi sürətlənəcək. Ənənəvi müxalifətin getmək istəməyən liderləri yerlərini rəqabətə davamlı gənclərə vermək zorunda qalacaqlar.
Ərhun Abbas