"Milli Şura yalnız ikinci yer uğrunda mübarizə aparacaq"

"Bir-birini həzm edə bilməyən, siyasi layihələrdə bir-birinə qarşı qeyri-səmimi davranan, aldadan, hətta bir-birini qoyub qaçan təşkilat rəhbərlərinin yaratdığı qurum heç vaxt perspektivli ola bilməz".Bu sözləri Milli.Az saytına açıqlamasında millət vəkili Azay Quliyev bəzi müxalifət partiyalarının yaratdığı Milli Şura barəsində bildirib. Onun sözlərinə görə, Milli Şurada təmsil olunan təşkilatların çoxu bir-birinə qarşı uzun müddət mübarizə aparıblar. İmkan düşən kimi biri digərinin ictimai reputasiyasını korlamağa çalışıb, biri digərinə haqlı-haqsız böhtanlar atıblar."Oradakı birləşmə çox süni bir birləşmə idi. İlk təəssürat bu idi ki, onlar öz istəkləri ilə deyil, kiminsə diktəsi ilə bunu həyata keçiriblər. Qısa zaman ərzində baş verənlər göstərdi ki, Milli Şura deyilən qurum ciddi bir ideoloji bazaya söykənməyən, ciddi komanda prinsipi əsasında fəaliyyət göstərməyən, eyni zamanda seçkilərdə güc mərkəzinə çevrilməyi bacarmayan sıradan bir qurumdur", - o vurğulayıb. Millət vəkili hazırda Milli Şuranı yaradan adamların əvvəldən də İctimai Palata adlı qurumları var idi. Eyni adamlar yığışıb başqa təşkilat da yaratdılar. Ancaq toplananların yerini dəyişəndə cəm dəyişmir.Azay Quliyev hesab edir ki, Milli Şurada toplaşan adamların uğursuzluqlarının digər səbəbi isə seçicilər tərəfindən dəstəklərinin olmamasıdır. Onun sözlərinə görə, sosial sifariş əsasında yaranmayan, arxasında xalq kütləsi dayanmayan qurum heç vaxt gücə çevrilə bilməz."Bu gün müxalifətin qarşısında duran şəxsin, onların rəqibi olan cənab Prezident İlham Əliyevin həddən artıq güclü olması və birbaşa xalq tərəfindən dəstəklənməsi də müxalifətin şanslarını heçə endirir. Müxalifət özü də gözəl bilir ki, prezident seçkilərində qalib gələ bilməzlər. Onlar, sadəcə olaraq, ikinci yer uğrunda mübarizə aparmağa çalışacaqlar. Çalışacaqlar heç olmasa ikinci yeri tutsunlar ki, gələcəkdə müxalifət kimi yaşamaları üçün bir stimul olsun", - o vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00