Azərbaycanın idarəçilik modeli dünya ölkələrinə nümunədir
Ölkədə demokratik prinsipləri möhkəmlətmək üçün xaricdən dərs almağa ehtiyac yoxdur
11 Sentyabr 2013 19:12 SiyasətAvropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara cavab olacaq "Azərbaycan Respublikası: müsbət idarəçilik modeli" sərlövhəli təhlili yazı hazırlanmış və həmin material sentyabrın 9-da qurumun saytında yerləşdirmişdir. Materialda qeyd edilir ki, aylardan bəri Azərbaycan hökuməti azad, ədalətli, şəffaf və obyektiv seçkilərin təşkilinə olan öhdəliyini dəfələrlə bəyan etmişdir: "Bu müstəvidə ölkə hüquqi çərçivəsini təkmilləşdirmiş və beynəlxalq təşkilatlarla yaxın əməkdaşlığa verdiyi əhəmiyyəti vurğulamışdır. Bundan əlavə, hakimiyyət qurumları şəffaflığı təmin etmək məqsədi ilə mühüm səylər göstərmişdir. Məsələn, internet vasitəsilə müşahidə ediləcək səsvermə məntəqələrinin sayı 10 faizdən 20 faizə çatdırılacaq. Məntəqələrdə quraşdırılacaq veb-kameraların sayı da artırılacaqdır. Əvvəlki seçkilərdə 500 kamera quraşdırılmışdısa, 2013-cü il prezident seçkilərində 1000-ə yaxın kameranın quraşdırılacağı bildirilir. Bütövlükdə seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına müvafiq və şəffaf keçiriləcəyini sübut edir". Bir sıra beynəlxalq müşahidəçilərin Azərbaycanda seçkilərə hazırlıq prosesini və seçkiqabağı vəziyyəti müsbət qiymətləndirdiklərinin vurğulandığı materialda bildirilir: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) ölkəni qeyri-müvafiq olaraq, avtoritar rejim kimi təqdim edərək, ötən iyirmi ildə Azərbaycan demokratiyasının əldə etdiyi bütün nailiyyətləri təkzib etməklə, düşünülmüş mənfi hesabat dərc etmək qərarı vermişdir". Materialda daha sonra deyilir: "Hazırkı hesabatda göstərəcəyimiz kimi, ATƏT-in bu tənqidi qiymətləndirmələri reallığa uyğun gəlmir. Biz də Qərbi Avropa və Şimali Amerika daxil olmaqla, dünyada Azərbaycandakı sistemlə digər bir neçə seçki məcəlləsini müqayisə edəcəyik. Beləliklə, Azərbaycanın öz demokratik prosesini möhkəmləndirmək məqsədilə xaricdən dərs götürməyə ehtiyacı olmadığını nümayiş etdirəcəyik". Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair ATƏT-in hesabatlarında bu qurumun özü-özünü təkzib etdiyi bildirilir: "ATƏT-in öhdəliklərinə və digər beynəlxalq standartlara riayət edilməsində əhəmiyyətli irəliləyiş qeydə alınmışdır". Materialda Azərbaycanın ATƏT-in tövsiyələrinə cavab verdiyi bildirilərək qeyd olunur: "Qərəzsiz müşahidəçilər Azərbaycan hakimiyyətinin ATƏT-in tövsiyələrini yerinə yetirməyə hazır olmasını şübhə altına ala bilməz. ATƏT-in Seçki Müşahidə Missiyası 2008-ci il prezident seçkiləri ilə bağlı 27 tövsiyə vermiş və onlardan 19-u artıq icra edilmiş və ya faktiki olaraq tətbiq olunmuşdur". Qeyd edək ki, bir beynəlxalq qurumun digərinin Azərbaycanla bağlı qərəzli hesabatına cavab verməsi özü-özlüyündə ölkəmizin xarici siyasət sahəsindəki uğuru kimi qəbul edilməlidir. Elə bunu əsas gətirən Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin nümayəndələri birmənalı olaraq bildirirlər ki, ESİSC-in gətirdiyi əsaslara şərh verməyə ehtiyac qalmır. Çünki qurum ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara tutarlı və konkret faktlarla cavab verib. Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşısına əsas məqsəd kimi demokratik dövlətin yaradılmasını qoyub. Azərbaycan müstəqilliyin sonrakı ilərində də bu prinsipə sadiqliyini nümayiş etdiriib. Beynəlxalq əməkdaşlıqda da Azərbaycan qoşulduğu bütün konvensiyalarda bu prinsiplərə sadiqliyini nümayiş etdirib. Bu gün də ölkədə aparılan siyasətin əsasında demokratiyaya sadiqlik, insan hüquq və azadlıqlarının, dünyəvi və hüquqi dövlətin təmin edilməsinə yönələn fəaliyyətlər durur: "Çox təəssüf ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana münasibətdə heç də hər zaman obyektiv, ədalətli mövqe tutulmur. Bir çox beynəlxalq təşkilatların hesabatlarında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir. Şübhəsiz ki, belə hesabatların hazırlanmasında siyasi, iqtisadi və maliyyə qruplarının maraqları var. Sirr deyil ki, beynəlxalq təşkilatların hesabatlarında müəyyən dövlətlərin, transmilli şirkətlərin geosiyasi, iqtisadı və maliyyə maraqları mövcuddur". Onun sözlərinə görə, əgər belə hesabatlardakı fikirlər ədalətlidirsə, Azərbaycan bunu normal qəbul edir və nəticələrin aradan qaldırılması məqsədilə qərarlar qəbul edir. Əksinə, hesabatlarda qərəzlik, bitərəflik, müəyyən maraqların təmin olunması ilə bağlı təzyiq elementləri varsa, Azərbaycan bunu rədd edir. Fond rəhbəri qeyd edib ki, Azərbaycanın yeni idarəçilik modeli dünya ölkələrinə nümunə ola biləcək modeldir. Məlumdur ki, Azərbaycanda yeni idarəçiliklə bağlı genişmiqyaslı islahatlara start verilib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin yaradılması, ASAN Xidmət mərkəzləırinin formalaşdırılması, elektron hökumətin və elektron xidmətlərin təşkil edilməsi bir daha göstərir ki, Azərbaycan hökumətinin siyasətinin mərkəzində insan faktoru durur. Ə.Nuriyevin sözlərinə görə, artıq ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı bir sıra mərhələlər geridə qalıb: "Konkret olaraq namizədlərin irəli sürülməsi prosesi başa çatıb, indi namizədlərin qeydiyyatı mərhələsi gedir. Məhz bu mərhələlərlə bağlı ATƏT -in rəyləri müsbətdir və hər hansı qanun pozuntusuna yol verilmədiyi söylənilir. Əslində ATƏT tərəfindən bunu görmək və qiymətləndirmək Azərbaycan üçün müsbət haldır".
Alim