“Bir əsgərimizin 16 erməni ilə dəyişdirilməsi çox böyük qürurdur”

Azərbaycan siyasi gündəmində baş verən son yeniliklər haqqında politoloq Cümşüd Nuriyev ilə həmsöhbət olduq. 

- Cümşüd müəllim, sizcə, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas səbəbi və məqsədi nədir? 

- Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi birmənalı şəkildə Prezidentin qərarıdır. Onun indi  reytinqinin ən yüksək olduğu bir zamandır. Eyni zamanda, artıq  Azərbaycan müharibəni udub, ərazi bütövlüyünü tam bərpa edib. Müstəqillik əldə edəndən bəri Azərbaycanın bütün ərazisində seçki keçirilməyib. Bu ilk prezident seçkisi olacaq ki, bütün Azərbaycan ərazisində keçiriləcək. Bunun bir rəmzi, həm də siyasi mənası var. İkincisi, bəzi  özlərini "demokrat" sayanlar Azərbaycanda seçkilərin guya qeyri-demokratik keçirilməsi ilə bağlı fikirlər söyləyirlər. Əslində bu seçkilər kifayət qədər həmin söz-söhbətə son qoymaq üçün həyata keçirilir. Dediyim kimi, cənab prezidentin buna ehtiyacı yoxdur. Amma artıq  Azərbaycan bu addımı atıb. Üçüncüsü, Azərbaycan müharibəni udandan sonra onun üçün yeni iqtisadi siyasət, islahatlar həyata keçirmək lazımdır. Azərbaycan rəqəmsal iqtisadiyyata keçməlidir. Yəni yeni komanda formalaşmalıdır və hökumət yenidən təşkil olunacaq, o məqsədi güdür və ona görə də, bunun həyata keçirilməsi səbəblərindən biri odur. 

- Qarabağda yenidənqurma işlərinin aparılmasının, Qarabağın yenidən dirçəldilməsinin, ali məktəb, təhsil müəssisələrinin yaradılmasının bizim üçün tarixi aspektləri nələrdir? 

- Qarabağda yenidənqurma işlərinin aparılması, əslində cənab prezidentin son üç ildə apardığı ən uğurlu siyasətdən biridir. Çünki, bu müddətdə Qarabağ infrastrukturu bu və ya digər formada başa çatdırılır, kifayət qədər işlər görülüb. İndi Bərdə-Ağdam dəmiryolu,  Ağbəndə dəmiryolunun çəkilişi, daxili yolların çəkilişi, xüsusilə Kəlbəcər və Şuşaya çox müasir, dünya standartları səviyyəsində çəkilən yollar - Şuşa-Laçın yolu və s. yəni Azərbaycan infrastrukturu qurur. Burada  dəmir və avtomobil yolları  ilə  bərabər su, qaz xətti çəkilir. Yəni bölgə üçün lazım olan bütün infrastruktur həyata keçirilir. Eyni zamanda, Böyük Qayıdış layihəsi üzrə artıq iki şəhərin, 20-dən çox kəndin layihələri hazırdır, tikililər başlayıb. Azərbaycan Şuşa və Laçında çox uğurlu bərpa işləri həyata keçirir. Yəni oraya da kifayət qədər adamların qayıtması planlaşdırılır və bu mənada bu iş çox uğurlu aparılır.  Azərbaycan Qarabağın bərpası üçün hər il  təxminən 3-4 milyard manat civarında vəsait xərcləyir. Qarabağ Universitetinin yaradılmasının tarixi aspektləri var. Çünki, həmin bölgədə vaxtilə yeganə   Xankəndi Pedaqoji İnstitutu var idi, onu da sonra ermənilər bağladılar. Olanlar da bu günə qədər didərgin həyatı yaşayırdılar. Əslində Qarabağ Universitetinin olması orada həm əhalinin məskunlaşması, həm də gələcəkdə Bakının yükünün azaldılmasına xidmət edən bir siyasətdir. Qarabağ Universiteti, yeni yaradılacaq universitet Qarabağda lazım olacaq kadrları yetişdirməklə məşğul olmalıdır və bu universitet   kifayət qədər güclü mütəxəssislərin cəlb olunması ilə fəaliyyət göstərməlidir. Bu da digər bəzi universitetlər kimi fəaliyyət göstərəcəksə, heç göstərməsə daha yaxşıdır. Böyük məmnuniyyətlə  Azərbaycan ziyalıları Qarabağa qayıtmaq üçün addımlar atacaqlar. 

- Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Bunun bizim üçün bir dövlət kimi əhəmiyyəti nədən ibarətdir? 

- Bakı şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu konfransının (COP29) keçirilməsi çox gözəl bir şeydir. Çünki,  bu iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasıdır. Azərbaycan qısa bir zaman kəsiyində onun keçirilməsini, yəni o həmin hissəni siyasi cəhətdən uddu. Çünki burada Ermənistan var idi. Dekabrın 7-də Ermənistan geri çəkildi. 9-da artıq Bolqarıstan, Serbiya  geri çəkdi. Yəni prezidentin yürütdüyü uğurlu xarici siyasət birmənalı şəkildə öz bəhrəsini verdi. Bu BMT- dən sonra dünyada ən böyük beynəlxalq qurumdur və bilirsiniz ki, Azərbaycan da yaşıl enerjiyə meyl edən, ekoloji cəhətdən, daha doğrusu, ətraf mühitin çirklənməsinə qarşı təbliğat aparan bir dövlətdir. Çünki, Ermənistanın işğalı zamanı biz kifayət qədər bundan əziyyət çəkmişik və hələ də o aradan qaldırılmayıb. Təbii ki, bunun Azərbaycanda keçirilməsinin həm mənəvi, həm siyasi, həm ideoloji əhəmiyyəti var. Bu, Azərbaycanı bir də yenidən dünyaya təqdim edəcək. Dediyim kimi, Azərbaycan Qoşulmama Hərəkatını necə uğurla həyata keçirdisə, növbəti ildə inanıram ki, bu ölkələrin nümayəndələrinin iki həftə Bakıda olması, sərgi təşkil etməsi əhəmiyyətlidir və   bu konfrans uğurlu  alınacaq. Bu, Azərbaycanın bir daha yenidən dünyaya təqdim olunmasına səbəb olacaq. Nədən ondan istifadə etməyək? Bu çox böyük əhəmiyyətə malikdir. 

- Əsir düşmüş daha 2 hərbçimiz 32 erməni əsiri qarşılığında vətənə qaytarıldı. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin son vəziyyətini necə şərh edərdiniz? 

- Azərbaycan -Ermənistan münasibətlərinin son vəziyyəti belədir ki, artıq tərəflər arasında ikitərəfli razılaşmalar ilk dəfədir ki, meydana gəlib. Hərbi əsirlərin dəyişdirilməsi başa çatdı, Azərbaycan bu addımı da atdı. Yəni  Azərbaycan, Azərbaycan olaraq, Ali Baş Komandan olaraq cənab Prezident öz əsgərlərinə sahib çıxdı. Özü də çox böyük bir qiymətlə. Yəni bir əsgərimizin 16 erməni ilə dəyişdirilməsi başa düşənlər üçün çox böyük bir qürurdur əslində. Dövlət həm siyasi mənada, həm digər mənəvi mənada öz gücünü ortaya qoydu və bunu həyata keçirdi. Ona görə, indi ikitərəfli danışıqlar gedir, mən inanıram ki, ilin axırına da olmasa, yanvar ayına qədər ilkin çərçivə sazişi imzalana bilər. 

 Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31