Neft və qaz iqtisadiyyatda aparıcı rolunu qoruyacaq-Özəl
15:02 Neft qaz"Azərbaycan iqtisadiyyatının gələcək inkişafında əsas məsələlərdən biri neft-qaz sektorundan əldə olunan imkanların digər sahələrin inkişafına yönəldilməsidir. Prezidentin Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında da bu xətt aydın şəkildə ifadə olunub. Dövlət başçısı vurğulayıb ki, neft və qaz iqtisadiyyatda aparıcı rolunu qoruyacaq, əldə olunan gəlirlər isə iqtisadiyyatın digər istiqamətlərinə investisiya şəklində yönəldiləcək. Eyni zamanda, uzunmüddətli və dayanıqlı artım üçün qeyri-neft sektorunun potensialından daha geniş istifadə edilməsinin vacibliyi qeyd olunub. Burada Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri ixrac strukturunun şaxələndirilməsidir. Prezidentin diqqətə çatdırdığı kimi, ÜDM-in 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşsə də, ixracda neft və qazın çəkisi hələ də yüksəkdir. Bu isə növbəti mərhələdə qeyri-neft məhsullarının və xidmətlərinin ixrac potensialının artırılmasını iqtisadi siyasətin mühüm istiqamətlərindən birinə çevirir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "İnvestorun qərarına təsir edən amillər sırasında ölkənin maliyyə dayanıqlığı da mühüm yer tutur. Prezident çıxışında Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinin 20 faiz olduğunu, xarici borcun isə ÜDM-in 5,6 faizini təşkil etdiyini bildirib. Eyni zamanda, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələdiyi diqqətə çatdırılıb. Bu göstəricilər dövlətin maliyyə imkanlarının və makroiqtisadi sabitliyinin investisiya mühitinə təsir edən komponentlərdən biri kimi təqdim olunur. İnvestor üçün sabitlik yalnız bu günün deyil, sabahın da hesablanmasıdır. Məhz buna görə uzunmüddətli layihələrə sərmayə qoyuluşunda maliyyə sabitliyi, qanunvericilik mühiti, vergi siyasətinin proqnozlaşdırıla bilməsi və biznes üçün yaradılan şərait xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında mühüm mesajlardan biri də investisiyaya münasibətin yalnız maliyyə kapitalının cəlb olunması ilə məhdudlaşmamasıdır.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ümumi məzmununa nəzər saldıqda görünür ki, Azərbaycanın investisiya siyasəti artıq yalnız ayrı-ayrı layihələrin maliyyələşdirilməsi çərçivəsində nəzərdən keçirilmir. Məqsəd daha geniş iqtisadi ekosistem formalaşdırmaqdır. Forum çərçivəsində Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye, azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznes, turizm və insan kapitalına investisiyalar kimi istiqamətlərin müzakirə olunması bunu göstərir. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində də vurğulandığı kimi, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticəsi olaraq əvvəlki il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb və bunun 7 milyard dollardan çoxu qeyri-neft sektoruna aid olub. Deməli, qarşıdakı mərhələdə əsas məsələ əldə olunan marağı konkret layihələrə, yeni istehsal sahələrinə, texnologiyalara, ixrac imkanlarına və uzunmüddətli tərəfdaşlıqlara çevirməkdir".